İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər

Baxış sayı:
1693

Hakimiyyət dəhlizlərinin gəncləşdirilməsi prosesinin yeni mərhələsi başlayıb. Prezident  İlham Əliyev yeni kadr islahatlarının anonsunu verib və artıq hökumətdə yüksək vəzifə tutmuş, uzun illik məmur təcrübəsinə malik iki nəfərin də vəzifəsindən azad edilməsi barədə ərizəsinə müsbət dərkənar qoyub. Digər tərəfdən, ölkə başçısı elə bir variant seçib ki, dövlət qarşısında xidməti olan məmurlar narazı qalmasınlar. Əslində, bu, bir siyasi əxlaq göstəricisidir.
Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin zamanında müəyyən etdiyi - "xalqa və dövlətə xidmət edən hər kəsin dəyərini vermək" ənənəsinə ölkə rəhbəri İlham Əliyev də sadiq qaldığını nümayiş etdirir.
Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edən Prezident İlham Əliyev heç bir xidmətin unudulmayacağını bəyan etdi: “Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz”.
Prezidentin bu taktikası siyasi münasibətlər sistemində sivil kadr dəyişikliyinin yeni mərhələsinin başlanğıcı idi.
Qeyd edək ki, Baş Nazirin digər keçmiş müavini Əli Həsənovla görüşdə də Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: “Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid  edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaq”.
Prezident hakimiyyət dəhlizlərində olan yaşlı məmurlara əslində nümunə göstərdi və belə bir mesaj ünvanlamış oldu - keçmiş xidmətinizə görə təşəkkür edirik, daim dövlətin qayğısı sizə şamil ediləcək, ictimai-siyasi fəaliyyətinizə davam edin, lakin siyasi idarəetmədə gənc kadrlara üstünlük veriləcək.
Bununla da Prezident İlham Əliyev yaşı 70-i keçmiş məmurları könüllü şəkildə istefaya dəvət etdi. Aydın məsələdir ki, Prezidentin bu çağırışına əməl etməyənləri istefaya göndərmək səlahiyyətini ölkə başçısı özündə saxlayacaq.
Hacıbala Abutalıbovla görüşdə Prezident Əliyev yaxın zaman üçün kadr strategiyasını da açıqladı: "Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçib və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.
Faktiki olaraq, Prezident İlham Əliyev konkret mesaj ünvanladı: “…sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.
Xatırladaq ki, Prezident Əliyev hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyini bir qədər əvvəl – oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəyan etmişdi. O, yeni Baş Nazirə bununla bağlı tapşırıqlar verdiyini bildirmişdi: "Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir  dünya görüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”
Prezident İlham Əliyev indiyə qədər keçirilən müşavirələrdə də təqaüd yaşına çatmış məmurlara daha açıq mesaj vermişdi. Hacıbala Abutalıbov və Əli Həsənovla görüşdə gənc nəslə yol vermək lazım olduğunu növbəti dəfə vurğulamaqla ölkə başçısı bu prosesin davam edəcəyini bir daha diqqətə çatdırdı.
İndi cəmiyyəti bir sual düşündürür - təqaüd yaşı keçmiş məmurlar ölkə liderinin bu dəvətini qəbul edərək könüllü istefaya gedəcəklər, yoxsa Prezident özü onları işdən çıxaracaq? 
Prezident iqtisadi islahatlar, yenilənmə və demokratik transformasiya tərəfdarı olduğunu əməldə nümayiş  etdirir. Bu məsələdə Prezident  Əliyevin arxalandığı elektorat yalnız məmurlar ordusu deyil, eyni zamanda sadə xalqdır. Ölkə başçısı mütəmadi olaraq xalq arasına çıxır, problemlərin bir çoxunu yerindəcə həll edir, cəmiyyətə mesajlar verir. Amma mesajlarından göründüyü kimi, müəyyən insanlar prezidentin uzatdığı barışıq əlini sıxmağa mane olmağa cəhd göstərir. Odur ki, ölkə başçısı heç bir gərginliyə yol vermədən onlarla sivil qaydada vidalaşır.
Onu da vurğulayaq ki, məmurları təqaüdə göndərməklə Prezident Əliyev cəmiyyətə belə bir mesaj da verir - islahatlar qaçılmazdır. Bunu ləngitmək olar, lakin qarşısını almaq mümkün deyil. Beləliklə, Prezident Əliyev nümayiş etdirir ki, dövlət  strukturlarını gəncləşdirməkdə, kadr islahatları aparmaqda israrlıdır və heç kəs bu qərarın icrasını yubada bilməz.
Ehtimal etmək olar ki, islahatlar yalnız kadrların yenilənməsi və gəncləşməsi ilə məhdudlaşmayacaq. Bir qədər öncə Prezident İlham Əliyev ciddi islahatların anonsunu vermişdi: “...islahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar,  iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir".
Göründüyü kimi, ölkədə böyük islahat proqramının reallaşacağı gözlənilir. Artıq struktur dəyişikliyi də qaçılmaz görünür. Dövlət idarəetmə aparatının yığcamlaşdırılması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkilinin yaxın zamanlarda reallaşacağını ehtimal edə bilərik.
Əslində dövlət başçısının apardığı islahatlar həm biznes mühitinin, həm də idarəetmənin səmərəliliyinin artırılması baxımından fərqlənir. Gözlənilən böyük islahatları yeni islahatçı təfəkkürlü kadrlarla həyata keçirtmək istəyən Prezident Əliyev hələ ki, təqaüd yaşına çatmış məmurlara müraciət edir ki, özləri istefa versinlər. İstənilən halda ölkə lideri bu siyasi kursu həyata keçirəcək. 
Xüsusi vurğulanmalı məqamlardan biri də yeni təyin olunacaq gənc kadrlarla bağlıdır. İndi cəmiyyətin proqressiv kəsimini "kimlərin gedəcəyindən daha çox kimlərin gələcəyi" maraqlandırır. Yola davam edəcək kadrların yalnız gənc deyil, eyni zamanda çalışdıqları sahədə müəyyən təcrübəyə malik olmaları, müasir trendləri izləmələri, çevik və adekvat olmaları da mühümdür.
Azərbaycanı qarşıda olduqca ciddi dəyişikliklər gözləyir. Yəqindir ki, ən yaxın günlərdə yeni islahatların şahidi olacağıq.
APA  Analytics