İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu - Bir şey əskik qaldı

Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub.
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına mükafatı Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin bölüşdürülməsi mərasimində təqdim edib.
Qeyd edək ki, ölkə prezidentinin jurnalistlərin dostu olması yaxşı bir haldır və dövlət aparatının mediaya açıq olduğunun əlamətidir. Azərbaycanda isə belə vəziyyətin bərqərar olduğunu iddia etmək belə çətindir. Çünki Azərbaycanda media sahəsində yalnız “bizimkilər” və “düşmənlər” münasibəti hökmrandır. Belə ki, “bizimkilərə” bugünkü kimi ev hədiyyə edilir və bu hədəfə çatmağın simvolları örnək olaraq digərlərinə təlqin edilir. “Bizmki” olmayanlar isə hərdən həbsxananı boylanırlar.
Yadımıza düşmüşkən Əflatun Amaşov və digər media strukturlarının rəhbərlərinin diqqətinə çatdırmağı da özümüzə borc bilirik ki, “jurnalistlərin dostu” mükafatı təqdim olunmazdan öncə həbsdə olan jurnalistlər azad olunardısa bu, daha məqbul olardı. Hətta “bizimkilər” olmasalar belə. Yoxsa ki, kənardan baxanlar bunun yalnız beynəlxalq imic üçün olduğunu düşünərlər...
Müxalifet.az