İlham Əliyev administrasiyasının məsul işçilərini yerlərə göndərir... - ŞİKAYƏTLƏRƏ BAXILMASININ YENİ FORMATI

Baxış sayı:
7582

Prezident İlham Əliyevin göstərişi ilə Prezident Administrasiyasının məsul şəxsləri neçə vaxtdır Azərbaycanın regionlarında vətəndaş qəbulları keçirir. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, indiyə qədər artıq 22 rayonda vətəndaş qəbulları təşkil edilib. Və bu proses sistemli xarakter daşıyır və davam etdiriləcək.

Məsələn, ötən gün Administrasiyanın məsul işçiləri Mingəçevir şəhərində vətəndaşlarla görüşüblər. İnformasiya agentliklərinin yaydıqları məlumatlara görə qəbulda 75 sakin iştirak edib. Prezident Administrasiyasının ictimai-siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrindən gedən əməkdaşlar sakinlərin problemlərini dinləyib. Onların qaldırdıqları məsələlərin həlli üçün yerindəcə aidiyyatı strukturlara tapşırıqlar veriblər.

 

Şikayətçilərin müraciətləri əsasən problemli kreditlər, iş, Qarabağ əlillərinin mənzillə təminatı və müalicəsi, habelə kommunual sahə ilə bağlı olub.

Habelə Prezident Administrasiyasının məsul şəxsi həmin gün Bakının Yasamal rayonunda sakinləri qəbul edib. Bu qəbulda qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olunub, digər müraciətlərin operativ araşdırılması üçün tapşırıqlar verilib.

Prezident Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ötən gün  Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında da vətəndaşlarla görüşlər keçirilib. Martın 15-də Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edəcəklər.

Qeyd edək ki, məmurların yerlərdə qəbullar keçirməsi praktikası Azərbaycanda bundan əvvəl də illərdir mövcud idi. Prezident İlham Əliyevin göstərişi əsasında nazirlər, dövlət komitələrinin rəhbərləri vaxtaşırı olaraq müxtəlif rayonlarda vətəndaşlarla qəbullar keçirirdilər. İndi isə vətəndaşların şikayətinə baxılmasının yeni formatı tətbiq olunur. İlham Əliyev nazirlərin və komitə sədrlərinin qəbulları ilə kifayətlənməyib öz administrasiyasının məsul şəxslərini də yerlərə, vətəndaşlarla birbaşa təmaslar qurmağa göndərir.

Bu yeni format Prezident Administrasiyasının məsul şəxslərinə vətəndaşları narahat edən aktual məsələlər barədə bilavasitə yerlərdən informasiya almağa, mövcud problemləri araşdırmağa və imkan daxilində onları elə yerindəcə həll etməyə imkan yaradır.

Bəllidir ki, indiyədək vətəndaşlar bəzən onları narahat edən adi problemlərin belə yerlərdə həllinə nail ola bilmirdilər və ən yuxarı instansiyalara, o cümlədən Prezident Administrasiyasına, şəxsən Prezidentə müraciət edirdilər. Yerlərdə rayon rəhbərlərinin və hətta adi məmurların belə həll etməli olduğu məsələlər barədə müraciətlər mərkəzə ünvanlandığı üçün şikayətlərin araşdırılması mexanizminin çevik işləməsi çətinləşirdi.

İndi isə prezident öz administrasiyasının əməkdaşlarını yerlərə ezam etməklə və onların vətəndaşlala birbaşa təmaslarını yaratmaqla vətəndaş müraciətlərinin, şikayətlərin araşdırılmasının daha effektiv mexanizmini yaratmış olur. Bu prosedur imkan verir ki, əhalinin qaldırdığı daha geniş spektr məsələlər həll edilsin. Habelə yerlərdə insanları narahat edən problemlər analiz edilsin və bu problemlər həllini tapsın.

Məlum olduğu kimi vətəndaşlarla birbaşa təmaslar İlham Əliyevin özünün də tez-tez istifadə etdiyi praktikadır. Prezident vaxtaşırı olaraq regionlara səfər edir və bu zaman hökmən yerli sakinlərlə birbaşa təmasda olub onları narahat edən məsələlər barədə məlumatlar alır. Və bu məlumatların əsasında həmin bölgələrdə sosial  və digər infrastruktur layihələrinin həyata keçirilməsi barədə qərarlar qəbul olunur. Bu yaxınlarda isə prezident özü Ağdaşda olarkən bir qrup yerli sakinin məktublarını, şikayətlərini şəxsən qəbul etdi. Bildirdi ki, bu məktubların hər biri araşdırılacaq və qaldırılan məsələlər həll olunacaq.

Habelə prezident çıxışlarında dəfələrlə güclü ictimai nəzarətin vacibliyi barədə danışıb və bəllidir ki, dövlət başçısı dəfələrlə ictimai nəzarət mexanizmlərində-KİV-lərdə və ya sosial şəbəkələrdə qaldırılan müxtəlif məsələlərə müdaxilə edib. Onların həllinə dair göstərişlər verib.

Gözlənilir ki, Prezident Administrasiyasının məsul əməkdaşlarının yerlərdə vətəndaşlarla birbaşa təmasları praktikası ümumiyyətlə idarəetmənin təkmilləşdirməsinə də təkan verəcək. Çünki bu və ya digər bölgədə vətəndaşların qaldırdıqları problemlərin, əhalini narahat edən əsas məsələlərin sistemləşdirilməsi, analizi imkan verə bilər ki, gələcəkdə həmin problemlərin kompleks həlli üçün dövlət proqramları qəbul edilsin və ya yüksək səviyyədə digər qərarlar qəbul edilsin.