İlham İsmayıl: “Eldar Mahmudovla Namiq Abbasovu birləşdirən bir məsələ var...”

Eldar Mahmudov MTN-i və Namiq Abbasov “KQB”-si...
 
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində əksəriyyət üçün gözlənilməz əməliyyat keçirildi və Eldar Mahmudov nazir vəzifəsindən qovuldu. Bundan sonra Eldar Mahmudovun “OBXSS” keçmişli biri kimi dövlət üçün strateji bir quruma rəhbərliyinin belə bir sonucla nəticələnəcəyinin gözlənilən olduğunu söyləyənlərə haqq verməmək mümkün olmadı.
Kim idi Eldar Mahmudov? Onu sələfi Namiq Abbasovla fərqləndirən nələr olub?
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, Namiq Abbasovla Eldar Mahmudovu müqayisə etmək belə düzgün deyil: “Professionallıq nöqteyi-nəzərindən Namiq Abbasovla Eldar Mahmudovu müqayisə etmək düzgün deyil. Namiq Abbasov 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər heyətinin hazırlıq keçdiyi məktəbi bitirib. Dünya çapında olan xüsusi xidmət orqanının yetirməsidir. Düzdür, o, partiyadan bu sistemə gəlmişdi, leytenantlıqdan yox, birbaşa polkovnik rütbəsindən xidmətə başlamışdı. Amma hər halda, məktəb keçmişdi, elit münasibətləri görmüşdü və həmin münasibəti saxlayan biri idi. Həqiqətən də xüsusi xidmət orqanı generalı idi. Eldar Mahmudovla Namiq Abbasovu birləşdirən bir məsələ var - o da hər ikisinin eyni hakimiyyətə xidmət etmələridir. Vəssalam. Bu, onları birləşdirən yeganə cəhət olsa belə, orada da bir fərqlilik vardı. Namiq Abbasov Eldar Mahmudovla müqayisəyə gəlməzdi.
Mahmudovun təyinatı yanlış idi və o öz fəaliyyəti ilə bunu bir daha təsdiq etdi. O qədər yanlış oldu ki, 11 il 3 ay ərzində vurduğu zərbə bütünlükdə MTN-in ləğvi ilə nəticələndi. Onun vurduğu zərbənin ağrılarını tezliklə qaldırmaq mümkün deyil. O, professional kadrları dərbədər saldı, bir çoxları özləri çıxıb getdi. Ab-hava o dərəcədə korlanmışdı ki, indiki DTX əməkdaşları bu və ya digər qurumdan rəsmi arayış istəyəndə belə onlar ”siz də onlar kimisiz" sualı ilə qarşılaşırlar. Yəni düşünürlər ki, Eldar Mahmudovun nazirliyi dövründə olduğu kimi arayışları rüşvət və korrupsiya məqsədləri üçün tələb edə bilərlər. Bunu xüsusi xidmət orqanına vurulan zərərin göstəricisi hesab etmək olar. İnanıram ki, indiki rəhbərlik bu məsələlərin öhdəsindən gələcək. Amma bunun tezliklə olacağını söyləyə bilmərəm. Namiq Abbasovun keçdiyi məktəb, həmin məktəbdə formalaşan xarakteri özünü işdə göstərirdi. Onun nazirliyi dövründə xüsusi xidmət orqanı tamam fərqli idi. Amma “OBXSS” sistemindən gələn Eldar Mahmudov həmin yerişi yeriyə bilməzdi. O, “OBXSS”dən gələnləri istintaqa, əməliyyat işinə yığdı və nəticə də göz qabağındadır. Eldar Mahmudovun özü də, Mövlam Şıxəliyev, Akif Çovdarov və hazırda məhkəmə qarşısında olan dəstəsi də “OBXSS” idilər və sona qədər də həmin təfəkkürdə qaldılar".
İ.İsmayıl deyir ki, E.Mahmudovun təyinatına qədər xüsusi xidmət orqanından digər hüquq-mühafizə orqanlarına rəhbər vəzifələrə təyinatlar olub. Həmin təyinatlar özünü doğruldub: “Rəhmətlik Arif Heydərov daxili işlər naziri vəzifəsinə ”KQB"dən getmişdi. O, kəşfiyyatda, əks-kəşfiyyatda işləmişdi. SSRİ-nin son dövrlərində də Fedarçuk vardı, Ukrayna KQB-sinin sədri idi. Qorbaçov onu SSRİ-nin daxili işlər naziri postuna gətirdi ki, qayda-qanun yaratsın. Adətən belə olardı ki, xüsusi xidmət orqanından digər hüquq-mühafizə orqanına rəhbər göndərərdilər ki, get, orada qayda-qanunu bərqərar et. 2004-cü ildə Azərbaycanda əks proses getdi və bu gün keçirilən məhkəmələrdə üzə çıxan qanunsuzluqlar göz qabağındadır. Namiq Abbasovun dövründə, rəhbərliyi altında heç bir zaman belə bir cinayətlər baş verə bilməzdi. Kimisə xüsusi xidmət orqanına aparıb başına silah dirəyib sən bu qədər pul gətirməlisən deməzdilər. Mümkün deyildi. Namiq Abbasovun keçdiyi məktəb, yol hara, Eldar Mahmudovun gəldiyi “OBXSS” hara. Müqayisə oluna bilməz".
İ.İsmayıl deyir ki, N.Abbasovun nazirliyi dövründə qanunsuzluqlar olub: “Hansısa siyasətçiyə ”torba" tikib həbs etdiriblər. Belə şeylər olub. Amma biznesmenin başına torba keçirib onu külli miqdarda rüşvət verməyə məcbur etmək olmayıb. Eldar Mahmudovun komandasının törətdiyi əməllərin heç biri Namiq Abbasovun dövründə ola bilməzdi".
İ.İsmayıl deyir ki, sovet dövründə xüsusi xidmət orqanlarını hazırlayan məktəbdə xüsusi xidmət orqanı zabitinin yeri gəldi-gəlmədi vəsiqəsini göstərməsinin qeyri-professional davranış olmasını aşılayıblar: "“Mən KQB işçisiyəm, qaydanı pozuram, bu da mənim vəsiqəm” deyib kimsə özbaşınalıq etməzdi. O dövrdə yol polisi KQB-nin polkovniklərindən birini saxlamışdı, dalaşmışdılar. Bu məsələ böyük bir həngaməyə çevrilmişdi. Bizə məktəbdə deyirdilər ki, vəsiqənizi göstərib “ya siz ”KQB" deməyin, belə şey etməyin. Qanunu pozduğunuzu kimsə deyirsə, sona qədər gedin və haqlı olduğunuzu sübut edib ortaya qoyun deyiblər. Bu gün bizlər ürək ağrısı ilə baş verənləri izləyirik. Çünki o təşkilat təhlükəsizliyin keşiyində duran 1 nömrəli qurum olmalıdır".