İKİLİ AGENT: Rza Zərrab ABŞ-ın yetişdirdiyi şəxsdir?

Baxış sayı:
27

Belə görünür ki, Zərrab əvvəlcədən bir neçə yerə işləyən şəxslərdən olub, xüsusi təyinatlıdır, həm İranda, həm Türkiyədə işləyib. Onun sonradan ABŞ-a istirahət üçün gedən zaman polis tərəfindən müttəhim kimi tutulması, etiraflarından sonra məhkəmədə şahid qismində dindirilməsinin isə təsadüf olduğunu düşünmürəm. Hazırda siyasi məsələlərdə olan qalmaqallarda ABŞ-ın müdaxiləsini müşahidə edirik. Yəni istər bu olayla, istərsə də digər sahələrdə ABŞ-ın müdaxilələrindən belə başa düşmək olar ki, o, bütün dünyanın ağası olduğunu sübut etməyə çalışır.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, son baş verən Rza Zərrab olayının ətrafında çox böyük müəmmalar var:
“Zərrabın agent olması barədə ittihamların doğruluğunu istisna etmirəm. Hətta o, bir ölkənin yox, bəlkə də bir neçə ölkənin casusu ola bilər. Ancaq indiki vəziyyətdə o, açıqlamalar verir, ittihamlar edir, etiraflarla çıxış edir və onun etiraflarından ən çox zərər çəkən Türkiyənin rəsmiləridir. Amma maraqlıdır, Zərrab casus idisə, niyə Türkiyənin müvafiq orqanları bu məsələnin qarşısını zamanında ala bilməyib? Bu gedişatda nəzərə çarpan Türkiyədə Zərrab olayına görə ittiham olunan siyasətçilərin artıq öz qüvvələrini səfərbər etmələridir. Onlar hər vəchlə belə ağır vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Digər tərəfdən, ABŞ müvafiq orqanları da bu məsələni diqqətdə saxlayır. Əslində belə ittihamları sübuta yetirmək üçün əsaslar, dəlillər, təkzibolunmaz şahidlər lazımdır. Hələ ki, bunlardan səs-səmir yoxdur”.
 
Politoloq Türkiyə-ABŞ münasibətlərinin getdikcə pisləşəcəyi ilə bağlı proqnozlara da münasibət bildirib:
“Türkiyə-ABŞ münasibətləri dəfələrlə gərginləşsə də, sonradan ram olub, öz axarına qayıdıb. Yəni iki dövlətin münasibətlərində böyük bir sensasiya olacağını düşünmürəm. Türkiyə regionda baş verən proseslərdə aparıcı rol oynamaq istəyir və onun bu niyyəti açıq şəkildə görünür. ABŞ Türkiyə ilə razılaşmış kimi görünsə də, bunu öz əməllərində həyata keçirmirdi. ABŞ siyasətini xarakterizə etsək, görərik ki, o, hərəkətləri ilə ilk baxışdan bütün tərəfləri gözləməyə vadar edir, ancaq bu hərəkətlərin nəticəsi onu göstərir ki, onlar təsadüfi addımlar atmırlar. Vaşinqtonun öz rəqibləri ilə haqq-hesab çürütmək, onlara ağır zərbələr endirmək ənənəsi var”.
 
Politoloq vurğulayıb ki, bütün dövlətlərin apardığı siyasətdə müəyyən səhvləri olur:
“Türkiyənin də əvvəllər ABŞ-ın qurduğu koalisiyaya qoşulması onun səhvidir. Çünki ABŞ-ın yaratdığı bu koalisiya terrorçuları yox, terrorla mübarizə aparan qüvvələri zərərsizləşdirməyə cəhd göstərirdi. İndi də biz bunun şahidiyik. Suriyada baş verən proseslər, bu yaxınlarda Deyr əz-Zor vilayətində ABŞ-ın xüsusi təyinatlı dəstələrinin terrorçuları xilas etmək üçün xüsusi dəhlizlər yaratması və onların təhlükəsiz şəraitdə oradan xaric edilməsi üçün canfəşanlıq etməsi bunun bariz nümunəsidir. Türkiyəni burada iki məqam ayıltdı və onu sağlam ruha qaytardı: türkmanlara zərbələr endiriləndə və ABŞ suriyalı kürdləri silahlandırıb onları gücləndirəndə. Bu zaman Türkiyəyə agah oldu ki, ABŞ-ın qurduğu oyun ona qarşı da yönəlib. Sırf buna görə Türkiyə bir çox məqamdan əl çəkdi və səhvlərini düzəltməyə başladı”.
Politoloq qeyd edib ki, ABŞ-ın da böyük səhvləri var:
“Bütün hallarda Türkiyə bölgə dövlətidir, regionda olan istənilən gərginlik Türkiyənin maraqlarına bilavasitə toxunur. Amma ABŞ özü üçün hər şeyi məqbul sayır, səhvlərini qəbul etmir, digər tərəfdən, özünü hər zaman haqlı çıxarmağa çalışır. Unutmaq olmaz ki, ABŞ uzaqdadır, ancaq prosesləri gərginləşdirir, çətinləşdirir, mürəkkəb hala gətirir və yaratdığı bu gərginlik ABŞ-a o qədər də təsir etmir. Amma Türkiyə bölgə dövləti olduğu üçün problemli vəziyyəti kəskin hiss edir”.
Qeyd edək ki, əslən azərbaycanlı olan Rza Zərrab ABŞ-da həbsdədir. O, İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir. Hazırda R.Zərrab məhkəmədə şahid kimi ifadə verir və “etiraflarında” Türkiyə hakim dairələrini öz əməllərində şərik kimi göstərməyə çalışır.