İki pritça

1. Nizaminin üç təhrifi

Nizami Gəncəvi, canavarlarla əlaqədə olub onları sürüyə buraxan çoban iti barədə hekayəsində üç tarixi faktı təhrif edir.

Əvvələn, it erkək deyil, dişi, yəni qancıq olub və təbii ki, mayalanır.

İkincisi, çoban bunu bilib və bilərəkdən xəyanətə şərait yaradıb.

Üçüncüsü, çobanın özü də əslən bitlisi imiş.

Çobanın itini edam etməsi barədə isə tarix heç nə demir.

2. O

O, o qədər yüksəkdə idi ki, paxıllıq onun bütün həmkarlarını aralarındakı ziddiyyətlərini unutdurub dost, sirdaş və həmrəy olmağa məcbur edir, onları vahid bir sürüyə, eyni səviyyəli və düşüncəli kütləyə çevirirdi.

O, hər yeni şedevrini yaratmaqla hətta ən yaxın dostlarını da ondan uzaqlaşıb, düşmənlərinə qoşulmağa məcbur edirdi.

Və nəhayət, elə bir zirvəyə qalxdı ki, uzaq keçmişlərdə yaşamış Fukidid, Monten və Makiavellidən başqa yanında heç kimi görmədi.

Əlisa Nicat