İki populistin siyasəti: Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edəcəkmi...

Baxış sayı:
8646

Asim Mollazadə: “Saakaşvilinin Zelenskiyə müttəfiq, yoxsa rəqib olacağını proseslərin gedişi göstərəcək”
Tofiq Abbasov: “Zelenski üzdədir, pərdəarxasında Avakov dayanır və Saakaşvili ilə düşməndir”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşı olmaq istəyir. Odessa vilayətinin keçmiş qubernatoru Saakaşvili vətəndaşlığının bərpası ilə bağlı yeni prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

“Ukraynada mənə hər hansı vəzifə və üstünlüklər lazım deyil” deyən sabiq qubernator əlavə edib ki, Zelenskinin onun vətəndaşlığının bərpası ilə bağlı hər hansı şübhəsi yaranarsa, o zaman hüquqlarının məhkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər.

Saakaşvili və Zelenski müasir siyasətdə populist personajlar hesab edilirlər. Onların şou xarakterli davranışları, siyasi rəftarları göz qabağındadır.

“Mişa”nın vətəndaşlığı bərpa olunarsa, bu, o deməkdir ki, Ukrayna siyasətində növbəti səhifə açıla bilər.

Söhbət Saakaşvili-Zelenski müttəfiqliyindən gedir. Saakaşvili seçkidən əvvəl bəyan etmişdi ki, Zelenski qalib gələrsə Ukraynaya qayıdacaq.

Yeni prezidentin sabiq qubernatora “yaşıl işıq” yandırıb-yandırmayacağı qeyri-müəyyən olaraq qalır. Administrasiyadan müraciətə münasibət bildirilməyib.

Lakin o da istisna deyil ki, “Mişa” Ukraynaya qayıdarsa, bir müddət sonra siyasi ambisiyası yenidən baş qaldıra, mövcud hakimiyyətə qarşı çıxa bilər.

asim mollazadə ile ilgili görsel sonucu

DİP sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi  qeyri-qanuni qərar idi.

Onun sözlərinə görə, keçmiş prezidentin vətəndaşlığı bərpa olunmalıdır və Ukraynanın ictimai-siyasi həyatına töhfəsini verməlidir. A.Mollazadə hesab edir ki, Saakaşvilinin Zelenskiyə müttəfiq, yoxsa rəqib olacağını proseslərin gedişatı göstərəcək: “Hər şey ondan asılı olacaq ki, Ukraynada hadisələr necə cərəyan edəcək. Bu gün dost Ukraynanın qarşısında dayanan ağrılı məsələ ərazi bütövlüyünü bərpa etməsi, dövlət müstəqilliyini möhkəmləndirməsidir. Bunun üçün bütün siyasi qüvvələr birləşməlidir”.

A.Mollazadə qeyd etdi ki, Zelenski hələlik öz keçmiş həmkarlarından komanda formalaşdırır: “Lakin Ukraynanın siyasi sistemi çox mürəkkəbdir. Burada həm prezident, həm parlamentin mühüm rolu var. Yəni qarışıq bir siyasi sistemdir. Ona görə qarşıdan parlament seçkiləri gəlir, hökuməti idarə etmək üçün Zelenskinin partiyası bu seçkidə qalib gəlməlidir. Odur ki, proses qabaqdadır və ondan sonra komandanın formalaşdırılması, kadr siyasəti aydınlaşacaq. Arzu edirəm ki, Ukrayna demokratik, ərazi bütövlüyünü təmin etmiş və inkişafa nail olmuş bir dövlətə çevrilsin”. 

Ä°lgili resim

Politoloq Tofiq Abbasov isə bu məsələdə pərdəarxasındakı fiqura diqqət yetirməyi lazım bilir. Onun sözlərinə görə, hazırda Ukraynada proseslərə bu və ya digər şəkildə təsir edən şəxs Arsen Avakovdur (daxili işlər naziri - E.S.) və onunla Saakaşvili düşmən münasibətindədirlər: “Ola bilsin ki, Zelenski ilə Saakaşvilinin qarşılıqlı münasibətləri var. Amma bu gün Ukraynada proseslərə təsir edən Avakovdur və onun nüfuzu daha da artıb. Saakaşvilinin vətəndaşlığının ləğvi də Avakovun ətrafından qaynaqlanırdı. Bu gün üzdə Zelenskidir, amma pərdəarxasında Avakovdur. Onun nüfuzu günbəgün artır, güc strukturlarına kuratorluq edir. Hətta dəmir yollarına  qeyri-rəsmi rəhbərlik edir”.

Analitikin dediyinə görə, Saakaşvili ilə düşmən olan Avakovun Ukraynada oliqarxlarla da yaxşı əlaqələri var: “O, istənilən siyasi rəqibini tərki-silah edə, neytrallaşdıra bilir. O baxımdan inanmıram ki, bu gün Saakaşvilinin vətəndaşlıq müraciəti aktualdır. Çünki Ukrayna daxilində Saakaşvilini istəməyən qüvvələr var”./musavat.com