​İki münaqişə bitir, dünya bölüşdürülür - Trampla Putinin YENİ SAZİŞİN DETALLARI

“ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə görüş vaxtı Rusiya ilə münasibətlərin yaxşılaşmasını arzu etdiyini, amma ona öz vədlərini yerinə yetirməyə mane olduğunu deyəcək”.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalın efirində deyib.
“Tramp təktəbək görüşdə bizim prezidentimizə Konqresin, Senatın, məhkəmələrin, hər iki partiyanın və təhlükəsizlik qurumlarının ona qarşı olduğunu deyəcək”, - Jirinovski bildirib.
Onun sözlərinə görə, Putin Ukrayna məsələsinin də yer alacağı ikitərəfli yeni saziş bağlamağa ümid edir.
Partiya liderinin fikrincə, ABŞ Konqresinin üzvləri Trampı müharibəyə itələyirlər, amma bu müharibə Rusiyaya qarşı deyil.
“Bu müharibə bizə qarşı deyil, başqa ölkəyə qarşıdır. Biz Trampın Uzaq Şərqdə etdiklərinə göz yumacağıq, o, isə Rusiyanın Ukrayna və Kiyevdə etdiklərinə göz yumacaq. Beləliklə, planetdə iki münaqişə bitəcək”, - Jirinovski yekunlaşdırıb.
Qeyd edək ki, Vladimir Putinlə Donald Trampın sabah Vyetnamda görüşəcəyi barədə xəbər yayılıb. Xəbəri Kreml də təsdiqləyib./publika/