“İki məhbusun qaçması Penitensiar sistemdə problemlər olduğunu göstərdi” - Ədliyyə naziri

 “Ötən ay iki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərib”, ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetində çap etdirdiyi məqaləsində yazıb.
 
“Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” adlı yazısında nazir vurğulayıb ki, penitensiar və tibb xidmətlərində “mənəvi saf və hazırlıqlı kadrların” işə götürülməsinə çalışılır.
Oktyabrın 23-də Bakı- Astara -Bakı qatarında xüsusi qaravul vaqonunda aparılan Etibar Məmmədov və digər məhbus Əli Ağami müşayiət altından qaçmışdılar. Onlardan biri sonradan tutulub, digəri isə polisin keçirdiyi əməliyyat zamanı öldürülüb.
Bəzi hakimlər vəzifəsindən azad edilib
Fikrət Məmmədov göstərib ki, bu il ərzində 20 hakimin və 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib. O cümlədən, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.
Nazir buna səbəb kimi onların “vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələrini” qeyd edib.
Ədliyyə naziri bildirib ki, bu ilin sonunadək ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək elektron məhkəmə sistemi tətbiq ediləcək.
Rəqəmlər
Fikrət Məmmədov məqaləsində onu da göstərib ki, ölkədə qeydə alınan KİV orqanının sayı 5 minə çatıb.
O vurğulayıb ki, ötən il ərzində 150 min körpə doğulub, 65 min nikah bağlanıb.
Nazirin məqaləsi 22 noyabr Ədliyyə İşçilərinin Peşə bayramına həsr olunub.