II Qarabağ müharibəsi başlayacaq – FELGENHAUER

Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir.
 
 Hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq.
Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
“Konfliktə təsir edən daxili və xarici faktorlar var. Hər iki tərəf intensiv şəkildə öz gücünü artırır. Genişmiqyaslı toqquşmaların qarşısını almaqdan ötrü nəsə etmək lazımdır. Hələlik bu məsələ dünyada heç kimi maraqlandırmır. İndi hamı Ukrayna, Donbas, Suriya və Koreya ilə məşğuldur. Hər kəs Qarabağı unudub. Ona görə də eskalasiya qaçılmazdır.
Genişmiqyaslı müharibəni başlamaq üçün təsadüfi olmayan, məqsədyönlü fəaliyyətlər tələb olunur. Tərəflərdən hansısa biri qərar verməlidir ki, başqa variant yoxdur və uğur qazanılması üçün heç olmasa lokal zərbə endirilməlidir”, - Felgenhauer deyib.
Ekspertin fikrincə, Qarabağda atəşkəslə bağlı edilən çağırışlar kifayət qədər deyil:
“Biz Qarabağın kompromis yolu ilə həllinə müəyyən siyasi səbəblərin izn vermədiyini görürük. Situasiya kompromislər və ciddi deeskalasiya olmadan dəyişməyəcək. Genişmiqyaslı müharibəyə doğru aparan geridönülməz proses baş verir. Tərəflər hələlik ciddi hərbi fəaliyyətləri başlamağa hazır deyil. Bu, çox yaxşıdır, amma bu, savaşın qarşısını almaq üçün yetərli deyil”.