İdmançılarımız dopinqə görə dünya çempionatında İŞTİRAKDAN MƏHRUM EDİLDİ

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona çatıb. Bu ölkələr sırasında Azərbaycanın da adı var.
 
Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev rəsmi qərarın verildiyini bildirib:
 “Ağır Atletika Federasiyasına tətbiq edilən 1 illik diskvalifiksiya  19 oktyabr tarixindən rəsmən qüvvəyə minib. Bu müddət ərzində Azərbaycan yığma komandasının üzvləri  heç bir beynəlxalq yarışlarda iştirak edə bilməyəcək. Cəzanın səbəbi isə 4 atletimizin qanında qadağan olunmuş  maddələrinin aşkar olunmasıdır.  Bizdən başqa  8 ölkəyə də bu cür qərar tətbiq edilib”.
 K.Məstəliyev müəyyən güzəştlərin nəzərdə tutulduğunu da qeyd edib:
 “Buna baxmayaraq  Beynəlxalq Ağır Atletika Federasiyası bizə  güzəşt şansı da yaradıb. Belə ki, bir il ərzində müəyyən olunan meyarlara uyğun addımlar atsaq, məsələyə daha diqqətlə yanaşacaqlar.
 Məsələn, biz antidopinq tədbirlərini daha da genişləndirəcəyik, dörd aydan bir seminarlar təşkil edəcəyik. Yəni bunları yerinə yetirsək, cəza 10 aya endirilə bilər. Hətta bu, 8 ay da ola bilər. 8 ay yeniyetmələrə, 10 ay bütün Federasiyaya aiddir. Bu çox vacib məqamdır. Cəzanın 1 il yox, 10 ay olması  təqdirində bizim avqust və sentyabr ayında keçiriləcək vacib yarışlarda iştirak etmək ixtiyarımız olacaq”.
 Qeyd edək ki, Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunduğu üçün ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatında iştirak edə bilməyəcək.