“İçərişəhər” Qoruğu İdarəsinin səlahiyyəti artırıldı - Avtomobillərin hərəkətini məhdudlaşdıra biləcək

Baxış sayı:
14449

Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:
“3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir”.
Qeyd edək ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaratdığı halda, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.