“İcra məmuru Xəqani Əliyev məni qorxutmaqla 3300 manat pulumu almaq istəyir” – ABŞERON SAKİNİ HABİL BAYRAMOV

Baxış sayı:
338

Abşeron rayonun Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi Qobustan rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyevdən şikayətçidir:
“Bu yaxınlarda saxta iddiaçı olmuş Yaşar Bayramovun mənə qarşı “pul tələbinə dair” Qobustan rayon Məhkəməsinə iddia ərizəsi vermiş və qiyabi qətnamə qəbul edilib. Halbuki bu məsləilə bağlı 2010-cu ildən 2016-ci ilədək məhkəmə çəkişməsi getdi. İş 3 dəfə Ali Məhkəmədən qaytarıldı. Və yenə də Sumqayıt Apellyasiya məhkəməsi (2016-cı ildə) işin əsassız olduğunu bidəfəlik təsdiq etdi.
Aradan 3 il keçdikdən sonra Qobustan rayon İcra şöbəsindən icra məmuru Xəqani Əliyev adlı birisi 1 ay əvvəl mənə zəng edərək bildirdi ki, sən təcili Yaşar Bayramova olan 3300 manat pulu 100 faiz ödəməlisən. Mən onu başa saldım ki, axı bu məsələyə məhkəmə birdəfəlik xitam verib, bu necə olur? İzah etdi ki, Y.Bayramov səni yenidən Qobustan rayon Məhkəməsinə verib, 3300 manat pul tələb edib. Sən məhkəmədə iştirak etməsən də, hakim qiyabi qətnamə qəbul edib, iddianı təmin edib və icra edilməsi üçün bizə göndərib. Mən icra məmuru Xəqani ilə görüşdüm. Xahiş etdim ki, həmin qətnamənin sürətini bir tərəf olaraq mənə versin. Etiraz etdi ki, məndə yoxdur. Əvəzində o, telefonda hansısa sənəd mənə göstərdi.
Mən bir çoban olduğuma görə icra məmuruna bildirdim ki, telefonda bu sənədi oxuya bilmirəm. Qeyd etdi ki, əgər gedib bu qətnaməni məhkəmədən istəsən, səndən 500 manat alacaqlar. Mən də bu qətnamənin surətini alıb sənə versəm, gərək 500 manat verəsən. Yaxşısı budur ki, pulun hamısını təcili ödə. Mən etiraz etdim ki, bir dəfə məhkəmənin baxdığı işə yekun qətnamə verilibsə, ikinci dəfə eyni tələblə iddia vermək qanunsuzluqdur. Xəqani Əliyev mənimlə razılaşmadı. Və dəqiq başa düşdüm ki, icra məmuru iddiaçı olmuş Y.Bayramovla gizli sövdələşərək, məni qorxutmaqla 3300 manat pulumu alıb bölüşdürmək istəyirlər. Aradan 1 həftə keçməmiş Xəqani mənə bildirdi ki, səni polisə vermişəm. Qoy səni tutub məcburi gətirsinlər ki, pulu tam ödəyəsən.
İndi Xəqani bir tərəfdən, polislər də bir tərəfdən məni axtarmaqla məşğuldurlar. Qoymurlar ki, gedib nökərçilik edib, evdəki 4 uşağa quru çörək gətirm. Adam kimi daxmama gələ bilmirəm. Digər tərəfdən mənə qəsdən imkan verilmir ki, Qobustan rayon məhkəməsinin əsassız qətnaməsini əldə edib, apellyasiya şikayəti verim.
Mən 2 sentyabr 2019-cu ildə Qobustan icra məmuru X.Əliyevin özbaşnalığının dərhal dayandırılmasilə bağlı cənab Prezidentə və cənab nazir Fikrət Məmmədova müraciət etdim. Sağ olsunlar KİV-ləri ki, mənim səsimi yuxarı orqanlara çatdırdı. Bu gün isə sahə müvəkkili mənə zəng edib bildirib ki, sən ayın 9-da təcili olaraq Qobustan icra məmuru Xəqaninin qəbulunda olmalısan, yoxsa Polis İdarəsinin cinayət axtarış şöbəsinə sənin məcburi gətirilmən barədə qərar qəbul edəcək.
Görünən budur ki, mən Xəqani Əliyevdən şikayət etdiyim üçün indi də təcili olarq məni həbs etdirmək istəyir. Ona görə də onun  bu özbaşnalığının dərhal qarşısının alınması üçün bir daha çox hörmətli cənab Prezidentə, Mehriban xanıma müraciət edirəm! Bildirirəm ki, Ədliyyə Nazirliyinin Qobustan İcra Şöbəsinin işçisi Xəqani Əliyevin mənə qarşı tətbiq etdiyi əsassız və qurama qanun pozuntusu hallarına qəti etirazımı bildirir və Sizlərə güvənərək təkrar xahiş edirəm ki, mənim 4 azyaşlı övladımın olmasını, özümün və həyat yoldaşımın işsiz olmasını, çox pis iqtisadi durumda yaşadığımızı nəzərə alaraq Qobustan icra məmurunun mənə qarşı planlaşdırdığı özbaşnalığı və ciddi qanun pozuntusu hallarının dərhal qarşısının alınması üçün Ədliyyə naziri hörmətli Fikrət Məmmədova tədbir görməsi üçün göstəriş verəsiniz. Axı bizim kimi məzlum insanları şərləməklə əlimizdə olan qəpik-quruşa tamah salmaq dövlət məmuruna yaraşmaz. Qoy bu harınlar gəlib yaşadığım daxmaya baxsınlar. Əgər burada bircə qiymətli əşya tapa bilsələr, götürüb aparsınlar. Qobustan rayon Məhkəməsində mənə bildiriş göndərilmədən eyni pul tələbilə bağlı iddianı yenidən təmin edən hakimin də şəxsiyyətinin araşdırılaraq barəsində inzibati tənbeh verilməsini xahiş edirəm”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.