İcra başçısının qardaşı vətəndaşa 400 min “atıb”

Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşıdır.
Bu barədə “Report”a M.Quliyevin yaxınlarından biri məlumat verib.
Məlumata görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.
Məlumata görə, Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir.
M.Quliyev qardaşı ilə bağlı şikayətdən xəbərsiz olduğunu deyib: “Hazırda xarici ölkələrdən birində istirahətdəyəm”.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.
S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.