İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU - “Arif Qasımov özünü diktator kimi aparır, sakinlərə mənəvi işgəncələr verir”

Baxış sayı:
14802

Nizami rayon sakini Malik Ağayevin etibarnamə üzrə səlahiyyutli nümayəndəsi olan Təranə Məmmədova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Arif Qasımovun mülkiyyət hüquqlarını pozaraq, ona maddi ziyan vurduğunu bildirən şikayətçi saytımız vasitəsilə ölkə başçısına açıq məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

“Nizami rayonunun İcra başçısı Arif Qasımovun qəzəbinə tuş gələrək mülkiyyət hüquqları pozulmuş Ağayev Malik Əjdər oğlunun heç bir təhsili olmadığından, belə ki, yazıb oxumağı belə bacarmadığından başına gətirilən müsibətlər barədə onun dediklərini qələmə alaram və prezident İlham Əliyev cənablarına etibarnamə üzrə Açıq məktub ünvanlayıram:

Hörmətli cənab Prezident!

Mən Malik Ağayev, Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində yaşayıram. Bu günlərimizə qədər heç bir orqana məktub, şikayət və ərizə yazıb kimsəyə zəhmət verməmişəm. Lakin mülkiyyət hüquqlarımın pozulması, belə ki, mənə məxsus sənədli qeyri yaşayış sahəsinin xəbərdarlıq edilmədən Arif Qasımovun göstərişi əsasında sökülməsi prezidentim olaraq dördüncü dəfə qapınıza pənah gətirməyimə zərurət yaratmışdır. Onu da qeyd etmək yerinə düşər ki, təkcə mənim yox, həyətimizdə 12 qaraj götürülərək ərazidən uzaqlaşdırılmış və digər həyətlərə də qarajların sökülməsi və ya götürülməsi barədə xəbərdarlıqlar, elanlar yazılıb vurulmuşdur. Bu da rayonda çox ciddi narazılıq, gərginlik yaratmışdır.

Cənab Prezident!

Mən Arif Qasımovun bilərəkdən başıma gətirdiyi haqsızlıqla əlaqədar Sizə 4-cü məktubu göndərirəm. Lakin Arif Qasımovun qəbuluna düşə bilmirəm. O, sadəcə olaraq rayonda özünü diktator kimi aparır, ona verilən vəzifə, səlahiyyətlər üzərində alver edir, gündən-günə rayonda narazıların sayını artırır, xalqın nifrətini qazanır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə əlaqədar yaşayış evlərinin həyətlərində aparılan abadlıq, quruculuq işləri ilə maraqlarımız naminə tanış olmuşuq.

Məsələn, Nərimanov rayonunun İbrahimpaşa Dadaşov küçəsində bir neçə həyətdə yaşlıların, eləcə də uşaqların istirahəti üçün mümkün olan bütün şəraitin yaradılmasının, amma heç bir qaraja, tikiliyə əl vurulmamasının, əksinə tikililərə, qarajlara da səliqəli eyni rəngli kraskalar vurulmasının şahidi olmuşuq.

Nizami rayonunun icra başçısı Arif Qasımov isə həyətlərdə abadlıq işlərinə başlamazdan xeyli öncə rayon sakinlərinin əsəblərini tarıma çəkir, insanlara mənəvi işgəncələr verir, mülkiyyət hüquqlarını tapdalayaraq xalqla prezident arasında boşluq yaratmağa çalışır.

Qoy, Arif Qasımov heç zaman unutmasın ki, bir neçə il öncə Quba rayonunda icra başçısı işləmiş Rauf Həbibov da rayonda “mənəm, mənəm” deyərdi, xalqı incidər, hüquqlarına hörmətsizlik edər, hətta nəlayiq söyüşlərlə təhqir etməkdən də çəkinməzdi.

Buna dözməyən Qubalılar, eləcə də ətraf kəndlər bir araya gələrək onu boğazından tutub bayıra tulladılar, evlərini, villalarını yandırdılar, bütün varidatını məhv etdilər.

Bu siyahıya Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi də daxil etmək olar. Belə gedərsə cənab Prezident, eyni aqibət Arif Qasımovu da gözləyə bilər.

Sizin göstərişinizlə Respublikanın nazirləri, komitə sədrləri habelə hüquq mühafizə orqanlarının rəhbərləri bölgələrə gedir, vətəndaşlarla görüşür, onların haqlı şikayətləri elə yerindəcə həll edilir. Amma mən iki aydır Arif Qasımovla görüşüb ona dərdimi deyə bilmirəm. Arif Qasımov bu günün özündə də iş prinsipinə uyğun olaraq məzlum insanları təqib etməkdədir.

Cənab Prezident!

Günlərin bir günündə Məhəmməd Peyğəmbər (ə.s) Məkkədən Mədinəyə gedərkən yol kənarında bir qadının kənd camaatı tərəfindən daşa basıldığını görür. Yaxınlaşıb xanımdan soruşur ki, nədir günahın, niyə sənə daş atırlar? Xanım buyurur ki, “Ya Rəsul Allah, mənim heç bir günahım yoxdur, amma bircə onu bilirəm ki, mənə daş atanların hamısı Allah Taalanın günahkar bəndələridir”. Həyatda həmişə belə olur. Boğazına qədər qəbahət içərisində olanlar namuslu insanlara daş atır, onları təqib edir.

Arif Qasımov bu gün iki yol ayrıcındadır. Ya mənə vurduğu maddi ziyanı ödəməlidir, ya da istefa verməlidir.

O, bütün parometrlərinə görə icra başçısı işləməyə layiq kadr deyil. İcra başçısı vəzifəsi təyinatlı yox, seçkili olsaydı heç kim ona səs verməzdi. Arif müəllim, izn verin, özünüzü islah etməyiniz üçün dahi şairin çox düşünülmüş bir neçə misra şeirini Sizə xatırladım:

Heç kim mənəm deyib şeşələnməsin

Yanan ocaqların sönən vaxtı var

Ömürlük səmada quş da dayanmaz

Onun da göylərdən enən vaxtı var

Qaynaya-qaynaya qazan daşanda

Sərhəddi adlayıb həddi aşanda

Fələyin yanına yaxınlaşanda

Təkərin geriyə dönən vaxtı var!

Hörmətli cənab Prezident!

İzn verin, dəyərli vaxtınızı aldığıma, verdiyim zəhmətə görə üzrxahlıq edim və xatırladım ki, prezident olaraq dəfələrlə andiçmə mərasimlərində hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınıza söz vermisiniz.

Xahiş edirəm, Prezidentim olaraq mənə dəymiş maddi ziyanın ödənilməsində köməkliyinizi əsirgəməyin və Arif Qasımov Prezident adınızı Uca tutaraq məni qəbul eləsin və vurduğu maddi ziyanı ödəsin”.

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.