“İcra başçısı söz verdi ki, oxuduğu məktəbi Həsən Məmmədovun adına verəcək...”

Baxış sayı:
6106

“Mən bunu ürək ağrısıyla deyirəm ki, kaş bizim milli kinomuzda Rasim Ocaqov, aktyor məktəbimizdə isə Həsən Məmmədov olaydı”
Muxalifet.az
xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti hər iki sənətkarımızın adının əbədiləşdirilməsi üçün dövlət tərəfindən müsbət addımlar atıldığını bildirib:
“Çox təəssüflər olsun ki, itirə-itirə gəlirik. Mən bunu ürək ağrısıyla deyirəm ki, kaş bizim milli kinomuzda Rasim Ocaqov, aktyor məktəbimizdə isə Həsən Məmmədov olaydı. Onlar yoxdularsa, mən neyləyim? O demək deyil ki, gənclər işləmirlər, hamısı var, yəqin ki, o məktəb yoxdu. Vaxt var idi həmin məktəblərin başında böyük kino xadimləri dayanırdı. Məktəb bu gün yoxdur, İncəsənət Universiteti var, tələbələrə dərs keçirlər. Amma hər işin qiyməti onun nəticəsiylə ölçülür. Həmişə demişəm və yenə də onlara dəstək olub deyirəm ki, bu gənclərimiz mütləq işləməlidirlər. Bəzi ağzıgöyçəklər deyir ki, bu nə filmdi çəkirlər? Bəs neyləsinlər? Yaxşı iş, ssennari, rejissor verin, yaxşı da film çəksinlər. Bu millətin istedadına bizim şübhəmiz yoxdur. Amma işləməyəndə də inkişaf olmur, inkişaf olmayanda da yaxşıyla-pis bəlli olmur. Mən həmişə demişəm və yenə də təkrar edirəm aktyorun qocası-cavanı olmur, yaxşısı-pisi olur. Bu mənada çox sağ olsun ölkə başçımız sərəncam verdi və Həsən Məmmədovun səksən illik yubileyini Salyanda qeyd etdik. Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bizə söz verdi ki, H.Məmmədovun oxuduğu məktəbi, ya da rayonda küçələrdən birini onun adına verəcək. Biz ondan bunu gözləyirik. Düşünürəm ki, məktəbin H.Məmmədovun adını daşıması gənclərimiz üçün stimul verər və ona oxşamağa çalışarlar. 
Rasim Ocaqov üçün də Şəkidə onun adına böyük Musiqi Gimnaziyasının açılışını etdik, barelyefi vuruldu, adına küçə verildi və indi Bakıda da onun adına küçə olmalıdır. Buna görə də dövlətimizə təşəkkür edirəm. Yəni hər iki sənətkar qanunla xidmətlərinin qiymətini alırlar və almalıdırlar da, çünki bu bizə bir nümunədir və bunlar olmasa, sonrakı nəsillər deyəcək ki, “əvvəlkilərə nə qiymət verdilər ki, bizə də nə qiymət versinlər”. Bu mənada sizə böyük təşəkkür edirəm ki, iki böyük kino xadimimizi yada salmısınız”. 
Qeyd edək ki, bu gün Xalq artisti Rasim Ocaqovun və Həsən Məmmədovun doğum günüdür.