İcra başçısı şəhid bulağının sökülməsinə göstəriş verdi – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
5851

Kəlbəcər rayonundan məcburi köçkün Göyçay rayonu Potu kəndində məskunlaşmış şəhid ailəsi Quliyeva Nailə Ənircan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
“Mənim həyat yoldaşım Rüstəmov Vilayət Məhəmməd oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vilayət Rüstəmov Ağdarə-Kəlbəcər  döyüşlərində 701 saylı hərbi hissənin kəşfiyyat komandiri olub. Vəhşi ermənilərin atdığı snaryad posta düşən zaman həyat yoldaşım Vilayət şəhid olub. Həmin vaxt onun meyiti ələ gəlməz olduğundan, bizə göstərmədilər, döyüşçü yoldaşları onu orada dəfn etdilər.
Kəlbəcərin işğalı zamanı özüm də ağır yaralanıb, əlil olmuşam.
1993-cü ildən Göyçay rayonunun Potu kəndində məskunlaşmışıq. Həyat yoldaşım şəhid Vilayətin ziyarət edilməsi üçün qəbri işğal altındakı torpaqda olduğu üçün qərara aldıq ki, yaşadığımız evin yanında boş bir yerdə şəhid bulağı inşa edək. Aldığımız şəhid pulu ilə həmin bulağı inşa etdiririk, hələ işi tamamlamamışıq.
02 aprel 2018-ci il tarixdə Kəlbəcərin işğalının 25-ci il dönümü yad edilən bir vaxtda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir qrup əməkdaşını evimizə göndərib, şəhid bulağını sökməyə tapşırıq verdi. Dedilər ki, burada şəhid bulağı inşa etmək olmaz, mütləq sökülməlidir.
İcra başçısı Mehdi Səlimzadənin bu tapşırığı mənə bir anlıq erməni vəhşiliyini xatırlatdı. Mən bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edirəm. Bu bulağı öz vəsaitimiz hesabına inşa etdirdik ki, ziyarət etməyə qəbri olmayan həyat yoldaşım şəhid Vilayət Rüstəmovun xatirəsini əbədiləşdirək. Çünki o, Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib, orden və medallarla təltif olunub. Biz bununla fəxr edirik, qürur duyuruq. Ancaq şəhidin ruhuna hörmətsizlik edən Mehdi Səlimzadə isə qanunsuz fəaliyyəti ilə fəxr edən kimi davranır. Kiçik 2-3 kvadrat metr nə böyük yer olub ki, onu şəhidə çox görür. Özü isə 2 ildə az qala Göyçayın yarsını zəbt edib. Bazar-dükanlar açır, insanları incidir, narazılıqlar yaradır.
Mən mətbuat vasitəsi ilə şəhid ailələrinin himayədarı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm, şəhid ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadənin şəhid bulağının sökülməsinə verdiyi tapşırığın qarşısını alasınız, onun barəsində ciddi tədbirlər görəsiniz.
Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidə 2-3 kv metr yeri çox görən, şəhid ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadəyə ar olsun!”.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.