​İcra başçısı sahibkarı intihar həddinə çatdırdı - YENİLƏNİB

İcra başçısı özünü binadan atmaq istəyən sahibkarı aşağı endirdi

Bakının Binəqədi rayonunda intihara cəhd olunub.
Bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.
Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.
Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “mənim 500 minimi qaytarın” - deyə tələb səsləndirib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.
İH başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm” - deyib.
X.İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs hündürlükdən enib. Daha sonra o, X.İsgəndərov və N.İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər (APA).
Saytlarda yayılan məlumatlara görə, özünü damdan atıb intihar etmək istəyən şəxs Binəqədi rayonu ərazisindəki “Zeytun bağı” restoranının sahibidir. O, obyektinin sökülməsinə etiraz olaraq bu addımı atır.
Virtualaz.org saytı Binəqədi rayonu, İ.Cümşüdov küçəsində, zeytun bağlarının ərazisində yerləşən məşhur “Zeytun bağı” restoranının administratoru ilə əlaqə saxlayıb.
Administrator bildirib ki, sökülən restoran onların deyil: “Biz işimizi davam etdiririk”.
Virtualaz.org dəqiqləşdirib ki, sökülən restoran zeytun bağlarının ərazisində tikilən “Qala qapısı” restoranıdır və üç gün əvvəl restoranının sahibinə xəbərdarlıq edilib ki, obyekt söküləcək. Ancaq səbəbini izah etməyiblər. Restoran sahibi isə etiraz olaraq özünü damdan atmaq istəyir.
*   *   *11:36
Bu dəqiqələrdə Bakıda bir şəxs çoxmərtəbəli binada intihar etmək istəyir.
Bu barədə jurnalist Əzizə İsmayılova sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, hadisə 9-cu mikrorayonda Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilməkdə olan binada baş verib. Binanın üstünə çıxan şəxs özünü atmaq istəyir.
Hadisə şahidləri "Qafqazinfo"ya həvəskar görüntülər də təqdim ediblər.
FHN-in mətbuat xidmətindən sayta verilən məlumata görə, hazırda binaya çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub. Belə ki, o, bir neçə gün əvvəl də eyni ünvanda intihara cəhd etmişdi.
Xatırladaq ki, onda o, hadisə yerinə gətirilən balaca övladını görən kimi ona tərəf qaçmış və onu bağrına basmışdı.
**12:29
İcra başçısı sahibkarı intihar həddinə çatdırdı
Bu gün Bakının Binəqədi rayonunda intihar baş verəcək.
Bu haqda istiqlal.az-a intihar edəcəyini bildirən İlqar Budaq oğlu Məmmədov məlumat verib. Onun sözlərinə görə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində idman saglamlıq və iaşə kompleksinə sahibdir. Bu gün səhər onun obyektinə gələn mülki geyimli şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adamları olduqlarını deyiblər. Sahibkardan tələb ediblər ki, obyekti söküb dağıtsın.
“Açıq-aşkar reketlik edirlər. Gələnlər Xaləddin İsgəndərovun qoçuları idi. Onlara obyektə aid səbədləri göstərdim, qanuni mülkümün sökülməsinin cinayət olduğunu dedim. Onlar da dedilər ki, bu, Xaləddin İsgəndərovun göstərişidir, gedirik, saat 2-də gələcəyik. Özün sökməsən, traktor gətirib başına uçuracağıq” - deyə sahibkar bildirib.
O, saat 2-də obyektinin söküləcəyinə cəhd ediləcəyi halda özünü kompleksin damından asacağını söyləyib: “Mənə başqa çıxış yolu qoymayıblar. Özümü asacağam, qoy hamı bilsin ki, mənim intiharımda günahkar Xaləddin İsgəndərovdur”.