İcra başçısı ondan şikayət edən məcburi köçkünü döydürdü

Kəlbəcərin icra başçısı Aqil Məmmədovun qoçuları Qalib Bayramova polis idarəsində hücum ediblər
 
“2014-cü ilin fevralın 1-də saxta əmək kitabçalarına görə 288 iş dayandırıldı. 4-5 ay sonra isə, hər bir nəfərdən DSMF-nin sədri Elman Mehdiyevin adı ilə pul yığıldı. Elşən Əlizadə dedi ki, birbaşa rəhbərliyin göstərişidir, hər bir işdən 1000 manat pul yığılmalıdır”
 
“Hürriyyət”in ötən saylarında Kəlbəcər rayonundan məcburi köçkün, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxanasında məskunlaşan Bayramov Əli Aslan oğlunun redaksiyamıza ünvanladığı məktubu dərc etmişdik. Həmin məktubda prezident İlham Əliyevə də müraciət edilirdi: “Hörmətli prezident, məni qurduğu tələyə salıb, 600 (altı yüz) baş xırdabuynuzlu heyvanımı, 30 (otuz) inəyimi, 30 keçimi satdırıb, 40 adamdan çox adamın adına kredit götürüb verdiyim Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun və ona bu işdə şəriklik edib məni təhdid edən Kəlbəcər rayon prokuroru Ariz Əliyevin, DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadənin «krişası», dayağı, güvəndikləri, etdiyim şikayətlərimin nəticəsiz qalmasına canfəşanlıq göstərən, hələ sizin yanınızda olub, məmurlarınız olan Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millətin vəkili Cavid Qurbanovun «qələmin» nə vaxt sındıracaqsınız?
Çünki bu 9 ayda etdiyim şikayətlər məhz ona görə baxılmamış qalıb. Məhz onun himayədarlığına görə, mənə qarşı dələduzluq, şərəfsizlik törədən bu insanlar cəzasızdılar”.
Əli Bayramov daha sonra yazırdı: “Mən nə qədər gözləməliyəm ki, Cavid Qurbanovun «qələmi» qırılsın? Və yaxud da mən nə qədər gözləməliyəm haqq-ədalət öz yerin tapsın? Ya mənə dəymiş ziyan ödənilməlidir, ya məni tutun, ya da sizə dəfələrlə yazıb xahiş etmişəm, səlahiyyətlərinizdən istifadə edib məni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarın”.
Şikayətçi “Hürriyyət”ə onu da bildirmişdi ki, icra başçısı Aqil Məmmədov ondan aldığı 150 min AZN-i geri tələb etdiyindən, onun susdurmaq üçün Kəlbəcər DSMF-də çalışan oğlu Qalib barəsində qondarma cinayət işi açdırmağa nail olub. Onun sözlərinə görə, başçıya bu işdə yeni sədr Elşən Əlizadə yardım edib. Belə ki, o, bütün vasitələrlə Qalibi “ilişdirməyə” çalışıb. Nəticədə onun barəsində bir sıra qondarma “fakt”lar toplanaraq prokurorluğa göndərilib. Bunun ardınca E.Əlizadə Qalibin atasını – Əli Bayramovu çağıraraq deyib ki, oğlunu həbsdən qurtarmaq istəyirsənsə, 100 min manat verməlisən.
Nəhayət, oğlunu həbsdən xilas etməyə çalışan ata borca-xərcə baxmayaraq E.Əlizadəyə 80 min AZN ödəməyə məcbur olub. Lakin onun problemi bununla bitməyib...
Belə ki, aradan bir müddət keçdikdən sonra, bu dəfə Kəlbəcər rayon prokuroru Ariz Əliyev Əli Bayramovu çağıraraq oğlunun həbs olunacağını bildirib. Ə.Bayramovun sözlərinə görə, rayon prokuroru da Qalibi həbsdən qurtarmaq üçün 100 min AZN istəyib. Nəhayət, Əli kişi uzun danışıqlardan sonra Ariz Əliyevə 90 min AZN ödəmək məcburiyyətində qalıb. Bu pulu isə 40 nəfər dost-tanışın adına kredit götürərə verməyə məcbur olub...
 
Müstəntiqin kabinteində ölümlə təhdid olunub...
 
Əli Bayramov

Ə.Bayramov onu da qeyd edir ki, bütün baş verənlərlə bağlı Коррупсийайа Гаршы Мцбаризя Идарясинин mцstəntiqi Зийафят Гулийевин kabinetində Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Elşən Əlizadə onu ölümlə təhdid edib: “Dedi ki, səni öldürüb, 70 minlik Kəlbəcər əhalisinə sürütdədəcəm. Nəyə görə? Mən nə cinayət etmişəm, oğurluq etmişəm, bank yarmışam, nə etmişəm? Bu necə dövlətdir? Mən yaşamıram belə dövlətdə, imitna edirəm. Mən ailə üzvlərimlə birgə xarici dövlətlərdən siyasi sığınacaq istəyirəm. Mənim ailə üzvlərim aclıq çəkir. Nə qədər olar? Hara müraciət edim? Futbol topu kimi hərə bir tərəfə ötürür. Ailə üzvlərimi yığıb Prezident Aparatının qarşısında, özüm qarışıq, hamısını yandıracam”.
 
 
İcra baçısının adamları polis rəisinin yanında məcburi köçkünü döydülər...
 
 
Ötən həftə isə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Ziyafət Quliyev şikayətçi Əli Bayramovun oğlu Qalib Bayramovu, adına kredit götürdüyü şəxslərlə üzləşdirmək üçün şəxsi avtomobili ilə Gəncəyə aparıb. Lakin bu zaman bir sıra xoşagəlməz hallar yaranıb. Bütün bunlarla bağlı əməkdaşımıza məlumat verən Q.Bayramov deyir ki, Ziyafət Quliyev tərəfindən Gəncəyə dəvət ediləndə ilk olaraq imtina etmək istəyib: “Mən dedim orda icra başçısının adamları təxribat törədər, xoşagəlməz hallar baş verə bilər. Daha sonra təklif etdim ki, üzləşmə Kəlbəcər rayon polis bölməsində yox, şəhər prokurorluğunda olsun. Dedi narahat olma, mən təhlükəsizliyi təmin edəcəm, heç bir problem yoxdur.
Nəhayət getdik, ilk gün dindirmə zamanı bəzi öyrədilmiş şəxslər təxribat məqsədilə təhqiredici ifadələr işlətdi. Hətta onlardan biri stoldan qalxıb məni vurmaq istədi.
Beləliklə, bir neçə nəfərlə üzləşdik. Sonra Ziyafət müəllim mənə dedi ki, bayırda gözlə. Mən otaqdan çıxdım və bu zaman arxadan mənə hücum oldu. Mən arxaya dönəndə yenə ardıcıl yumruqlar vurdular. 3 nəfər idi, biri borclu olduğum şəxs idi, digəriləri tamamilə kənar şəxslər idi, tanımadım kimlərdir”.
Q.Bayramov deyir ki, həmin şəxslər Kəlbəcərin icra başçısı Aqil Məmmədovun adamları olub: “Bu, təşkil olunmuşdu. Çünki mən öyrəndim ki, bir həftə oncədən DSMF-nin Kəlbəcər şöbəsinin müdiri Elşən Əlizadə, rayon prokuroru Ariz Əliyev və icra başçısı Aqil Məmmədov həmin şəxslərlə əlaqə saxlayıblar. Boz “CİP” maşını ilə qapı-qapı adamları toplayıb öyrədirmişlər ki, belə deyin, pulunuzu tələb edin və s.  Bunların bəziləri başçının və digər məmurların təsiri altındadır. Hətta bəzi insanlara deyiblər ki, deyin mənə borcu 3-5 min yox, 50 min manatdır. Onlar da deyib ki, biz onu edə bilmərik.
Ona görə şübhə etmirəm ki, bu işin arxasında Cavid Qurbanovun başçısılığı ilə Aqil Məmmədov, Ariz Əliyev və Elşən Əlizadə durur. Onlar deyir ki, respublikanın sahibi də bizik, prezidenti də...”.
Qalib Məmmədov deyir ki, ona qarşı növbəti hücum Kəlbəcərin polis rəisi Asim Abdullayevin gözü önündə baş verib: “Biz DİN-in “102” xidmətinə, Respublika Prokurorluğuna zəng vurandan sonra polis rəisi də gəldi. Onun yanında keçmiş polis işçisi olan Qaçay adlı şəxs üstümə cumdu  və sinəmdən vurdu. Pencəyim, köynəyim tamamilə yararsız hala düşdü”.
Şikayətçi bildirir ki, daha sonra ona hücum edən şəxslərin əlindən polisin köməyi ilə xilas olub: “Polis məni onların əlindən aldı. Sonra mən gedib Gəncə şəhər 3 saylı xəstəxanda tibbi ekspertizadan keçdim. Orda Kəlbəcər rayon polis idarəsinin əməkdaşları izahatımı da aldılar. Ancaq məni döyən şəxsləri sorğu-sual belə etməyiblər”.
Q.Məmmədovun sözlərinə görə, dindirmələrdən sonra müstəntiq Z.Quliyev onu Bakıya yola salıb: “Müstəntiq dedi ki, mən burda müəyyən şəxslərlə söhbət edəcəm. Artıq 27 nəfərlə üzləşmişdim. Dedi ki, borclu olduğun 40 nəfərin qalanları ilə də söhbət edəcəm. Hansı ki, bunlar qohumlar, dostlar, tanışlardır. Biz özümüz 10 ay əvvəl şikayət etmişik ki, bu adamların adına kredit götürüb rüşvət verməyə məcbur olmuşuq. Mən dedim ki, onlar şikayətçi deyil axı, əksinə biz şikayət etmişik ki, icra başçısı və digər məmurlar pulumuzu mənimsəyib. Cavab vermədi, dedi ki, mən bunları da dindirməliyəm...”.
Qalib Bayramov onu da dedi ki, üzləşdiyi 27 nəfərin əksəriyyəti məcburən gətirilibmiş: “Onların bir çoxu sonradan yaxınlaşıb deyirdi ki, bizi aldadıblar. Bəziləri də deyirdi ki, məcbur edib gətirdilər. Hətta onlardan bəziləri borcunu almaqdan imtina etdiklərini də bildirdilər. Bəzilərinin isə borcunu ödəmişdik, onlar etiraz etdilər ki, bizi nə üçün gətirmisiniz, heç bir şikayətimiz yoxdur. Bir hissəsi də pulunu istəyirdi, hansı ki, 2015-ci ilin aprel ayına qədər həmin kreditlərin də əksər hissəsini ödəmişəm. Artıq heç bir imkanımız yoxdur. Aqil Məmmədov, Eləşən Əlizadə və Ariz Əliyev pulumuzu versin ki, borclarımızı ödəyək”.
Daha sonra Q.Bayramov DSMF-nin Kəlbəcər rayon şöbəsindəki külli miqdarda maliyyə yeyintilərindən danışdı: “Saxta əmək kitabçaları, saxta məhkəmə qətnamələri ilə pul alanlar var. 2014-cü ilin fevralın 1-də saxta əmək kitabçalarına görə 288 iş dayandırıldı. 4-5 ay sonra isə, hər bir nəfərdən DSMF-nin sədri Elman Mehdiyevin adı ilə pul yığıldı. Elşən Əlizadə dedi ki, birbaşa rəhbərliyin göstərişidir, hər bir işdən 1000 manat pul yığılmalıdır.
Mən neçə dəfə bununla bağlı Elman Mehdiyevə müraciət etmişəm, hamısı cavabsız qalıb.
Sonra əmək kitabçalarını ləğv edib, Ağdam məhkəməsindən və digər məhkəmələrdən saxta qətnamələr aldılar ki, guya, bu adam filan kolxozda, filan yerdə işləyib...”.
Sonda Qalib Bayramov yetkili şəxslərə müraciət etdi: “Belə getsə, biz ana torpağımız olan Kəlbəcər rayonuna qayıtmaq məcburiyyətində qalacağıq. Azərbaycanda yaşamağımız heç cür mümkün deyil. Artıq bizi ölümlə hədələyirlər. Biz kimə müraciət edək, dərdimizi kimə deyək? Bir ailəni məhvə məhkum ediblər. Baxmayarq ki, məcburi köçkün ailəsiyik, uşağı təhsil haqqına görə institutdan qovdurublar. Hətta çörəkpulumuz da yoxdur. 10 aydır müraciət edirik, bizim şikayətlərə baxmırlar, ancaq bizə qarşı qondarma işlər qaldırırlar, ölümlə hədələyirlər. Biz də bu torpağın övladları deyilik?”
 
RƏŞAD
 
P.S. Mövzunu diqqətdə saxlayacağıq.