İcra başçısı bir ailəni məhvə sürükləyir...

Əli Bayramov: “Özümü və ailə üzvlərimi Prezident Aparatı qarşısında yandıracam”
 
Kəlbəcərin icra başçısı Aqil Məmmədovun qanunsuz əməllərini əmisi oğlu Cavid Qurbanovun ört-basdır etdiyi iddia olunur
 
Kəlbəcər rayonundan məcburi köçkün, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxanasında məskunlaşan Bayramov Əli Aslan oğlu tərəfindən
 “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Surəti Azərbaycan prezidenti İlham Əliyevə, H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və baş prokuror Zakir Qaralova gondərilən məktubda Kəlbəcərin icra bascısı Aqil Məmmədovun və rayonun bir sıra vəzifəli şəxslərinin qanunsuz əməllərindən bəhs olunur:
“Çox hörmətli prezident!
Bu ölkədə, xüsusən də MTN-də baş verən son hadisələr mənə hər şeyi aydın göstərib, hər şeyi dərk etdirdi. Deməli, nə qədər ki, vətəndaşı müxtəlif yollarla aldadıb, var-yoxunu əlindən alıb, özünu zəlil günə qoyan məmurların arxasında durmusunuz, bir o qədər vətəndaş hara yazsa, kimə yazsa da, faydası olmayacaq. Əgər fironluq edib, vətəndaşı əzib, mal-mülkünu əlindən alan məmurun «qələmini» siz nə vaxt sındırsanız, onda bütün olub-keçənlər nəzarətə götürülüb təftiş ediləcək? Hətta həmin məmurlar uşaq vaxtı kimin toyuğuna daş atıbsa belə, istintaqda bu cür məsələlər də araşdırma predmeti olacaq...
Onda mən bir ölkə vətəndaşı kimi, prezidentimə - sizə üz tutub soruşuram: - Hörmətli prezident, məni qurduğu tələyə salıb, 600 (altı yüz) bas x?rdabuynuzlu heyvanımı, 30 (otuz) inəyimi, 30 (otuzdan yuxarı, baş yazmıram) keçimi satdırıb, 40 adamdan çox adamın adına kredit götürüb verdiyim Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun və ona bu işdə şəriklik edib məni təhdid edən Kəlbəcər rayon prokuroru Ariz Əliyevin, DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadənin «krişası», dayağı, güvəndikləri, etdiyim şikayətlərimin nəticəsiz qalmasına canfəşanlıq göstərən, hələ sizin yanınızda olub, məmurlarınız olan Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millətin vəkili Cavid Qurbanovun «qələmin» nə vaxt sındıracaqsınız?
Çünki bu 9 ayda etdiyim şikayətlər məhz ona görə baxılmamış qalıb. Məhz onun himayədarlığına görə, mənə qarşı dələduzluq, şərəfsizlik törədən bu insanlar cəzasızdılar.
Amma mən yuxarıda sadaladığımdan da artıq varı-dövləti əlindən çıxan Əli Aslan oğlu Bayramov art?q 9 aydır ki, Bakının küçələrində qalıb haqqımı axtarıram. Özü də kirayədə v? kirayə pulunu da dost-tanışlar düzəldib verir. Mən bu yaşda ac-susuz, zəlil günündə, səfalət içində yaşayıram. İndi isə mənə istintaq işini aparan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirir ki, «Kişi, sənin o qədər pulun haradan idi»? Hansı ki, mən bu təsərrüfatı dişim-dırnağımla yığıb, gecələr soyuqda, yağışda, küləkdə, gunduzl?r günün istisində, yatmayıb bu təsərrüfatı yaratmışdım. Bu təsərrüfata baxmaq üçün mən 3 çoban işə götürüb, hər birinə bir at alıb vermişdim. Həmin təsərrüfatı otlaqlara aparmaq üçün, icarəyə götürdüyüm otlaq sahəsi üçün otlaq sahibinə illik 20 000-ə (iyirmi minə) yaxın icarə haqqı verirdim. İndi məndən soruşur ki, «o qədər pul səndə haradandı»? Doğrudan da, çox maraqlı sualdı. Yazıram, aydınlaşdırıram, demək olar ki, istintaqa da kömək edirəm ki, araşdırmaları asan aparsın, lakin istintaq demək olar ki, aparılmır.
Onda məni bir “böhtançı” kimi tutun basın içəri. Sizin «şərəfli» məmurlarınıza böhtan atıram axı.
Yaxşı, bəs 40 nəfərin adına götürdüyüm kredit necə olsun? O insanlar mənə pislik edib bəyəm? İndi mən onların götürüb mənə verdikləri krediti ödəyə bilmirəm. Düzdü, kredit onların adınadı. Amma mən vicdanımı atmaram. Onlar o pulu götürüb mənə verib, işimi görmüşəm. Yəni, sizin yuxarıda adın çəkdiklərim məmurlarına vermişəm, canab prezident, hörmətli İlham Əliyev!
İndi siz deyin, mən nə qədər gözləməliyəm ki, Cavid Qurbanovun «qələmi» qırılsın? Və yaxud da mən nə qədər gözləməliyəm haqq-ədalət öz yerin tapsın?
Ya mənə dəymiş ziyan ödənilməlidi, ya məni tutun, ya da sizə dəfələrlə yazıb xahiş etmişəm, səlahiyyətlərinizdən istifadə edib məni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarın.
Mən nə boynuma kəndir keçirəcəm, nə özümü yandıracam, nə də yüksək mərtəbəyə çıxıb özümü atacam. Allah bu canı məndən alana qədər haqqımı tələb edəcəm. Buna əmin ola bilərsiniz.
Yenə sizdən cavab gözləyirəm”.
 
Müstənqit onu oğlunu tutdurmaqla hədələyir...
 
Əli Bayramov məktubun sonunda baş prokuror Zakir Qaralova müraciət edir:
Cənab baş prokuror!
Sizdən də acizanə bir xahiş edim. Mən bu 9 ayda tam əmin oldum ki, dünya çapında, elmi nailiyyətləri, monoqrafiyaları, elmi kitabları, peşəkarlıqları, Nobel, Oskar mükafatları olan hüquqşünaslar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Ziyafət Quliyevin gördüyü işin yarısının yarısı, lap onun yarısı qədər də iş görə bilməzlər. Onu mötəbər bir yerə çəkib aparın. Bu 9 ayın haradasa, 2 ayında ona nə vaxt zəng etmişəm, işlə maraqlanmışam, «oğlunu tutacağıq», «oğlunçün cinayət işi açılıb», «işə baxırıq» deyib. Son 7 ayda heç telefonumu da götürmür, şükürlər olsun.
Hə, soruşacağım məsələ yadımdan çıxmışdı. Deyir «işə baxırıq». Siz bilən, Ziyafət müəllim nə qədər işə baxacaq? Acizanə buna cavab verin”.
 
İcra başçısı haqda şok faktlar
 
Xatırladaq ki, qəzetimizin ötən saylarında Kəlbəcərdən məcburi köçkün düşən Bayramov Əli Aslan oğlunun icra başçısı tərəfindən aldadıldığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ona 150 min AZN “atıb”. Bundan əlavə, icra başçısının göstərişi ilə Ə.Bayramovun dələduzluq və şantaj yolu ilə ümumilikdə yarım milyon manata yaxın pulunun mənimsənildiyini qeyd etmişdik. Nəticədə vaxtilə Gəncədə xeyriyyəçi, kasıblara, imkansızlara həmişə əl tutan bir adam kimi tanınan Əli Bayramov, hazırda ailəsini dolandırmaq üçün gündəlik çörək puluna belə möhtacdır.
 
İcra başçısından şikayət...
 
Məlumata əsasən, 2013-cü ilin sentyabr ayında Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Loğman Məmmədov dünyasını dəyişdikdən sonra icra başçısı onun yerinə adam axtarıb. Təbii ki, məqsəd DSMF-nin yeni sədrinin həm özünə münasib biri olması, həm də onun təyin edilməsi zamanı müəyyən məbləğ əldə etməsi olub. Bu səbəbdən Aqil Məmmədov rayonda maddi cəhətdən imkanlı şəxslərin siyahısını nəzərdən keçirib. Bu zaman Əli Bayramovun oğlunun Kəlbəcər DSMF-də məsləhətçi vəzifəsində işləməsi haqda bilgilər onun işinə yarayıb. Başçı, Ə.Bayramovdan oğlunu DSMF-yə müdir qoydurmaq üçün, çox güman ki, yaxşı pul qoparacağını düşünərək təcili onu yanına çağırtdırıb.
Əli Bayramov deyir ki, Aqil Məmmədov onu qəbul edərək Kəlbəcər rayon DSMF-də məsləhətçi vəzifəsində işləyən oğlu Qalib Bayramovun müdir vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib. Daha sonra onu da deyib ki, oğlunun Kəlbəcər DSMF-nin müdiri olması üçün “yuxarılara” 100 min manat ödəmək lazımdır. Üstəlik, onu arxayın edib ki, oğlu müdir olarsa, bir neçə ayın içərisində verilən rüşvəti çıxaracaq.
İcra başçısı ilə görüşdən sonra Ə.Bayramov oğlu Qaliblə danışaraq Aqil Məmmədovun ona belə bir təklif etdiyini bildirib. Oğlunun da bu vəzifəyə meyl etdiyini bildikdən sonra, o, şəxsi təsərrüfatında olan heyvanları sataraq icra başçısına verməli olduğu 100 min AZN-i toplamağa çalışıb.
Ə.Bayramovun dediyinə görə, bir neçə günün içərisində icra başçısı A.Məmmədovun istədiyi 100 min AZN-i toplayaraq onun qəbuluna gedib. O, başçı ilə onun kabinetində şəxsən görüşərək əlindəki torbada olan 100 min manatı Aqil Məmmədova təqdim edib. İcra başçısı torbanı açaraq içəridəki “paçka”ları saydıqdan sonra həmin məbləği qəbul edib. Daha sonra Əli kişini arxayın yola salıb ki, oğlu qısa müddətdə Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri vəzifəsinə təyin ediləcək.

Başçı sözünün arxasından qaçıb...
 
Lakin aradan bir neçə ay keçsə də, Qalib Bayramovun DSMF sədri vəzifəsinə təyinatı ilə bağlı heç bir xəbər çıxmayıb. A.Məmmədovun dediyi vaxtdan xeyli keçdiyi üçün Ə.Bayramov onun qəbuluna gedib məlum təyinatın nə üçün yubandığı ilə maraqlanmaq istəyib. Elə bu ərəfədə başçının özü təkrar onu qəbuluna çağırıb. Sevindirici bir xəbər eşidəcəyini güman edən Əli Bayramov tez-tələsik Aqil Məmmədovun qəbuluna yollanıb. Ancaq bu zaman icra başçısı “yuxarılar”ı yıxıb-sürüyərək deyib ki, Qalibin müdir təyin olunması ilə bağlı bütün sənədlər hazırdır, bircə imza atdırmaq qalır, bunun üçün isə 50 min AZN tələb edirlər.
Təbii ki, bu mənzərə Ə.Bayramov tərəfindən heç də xoş qarşılanmayıb. Bu səbəbdən o, yaxınları ilə məsləhətləşmək üçün başçıdan bir neçə gün vaxt istəyib. Nəhayət, Əli kişi oğlu və yaxınları ilə danışdıqdan sonra həmin məbləği də toplamaq qərarına gəlib. Beləiklə, Ə.Bayramov bir neçə gün sonra əlavə olaraq topladığı 50 min AZN-i yenə öz əli ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova şəxsən təqdim edib. Lakin aradan bir neçə ay keçsə də, yenə də Qalib Bayramov Kəlbəcər rayon DSMF-nin rəisi vəzifəsinə təyin olunmayıb. Bütün gözləntilərin əksinə, həmin vəzifəyə Elşən Əlizadə adlı birisi təyin edilib. Bu zaman icra başçısı tərəfindən aldadıldığını bilən Əli Bayramov onun qəbuluna gedərək Aqil Məmmədovdan ona verdiyi 150 min AZN-i geri istəyib.  Başçı isə ondan 150 min manat aldığını inkar edib və üstəlik Əli kişiyə hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
 
Aqil Məmmədov şikayətçini hədələyir
 
Şübhəsiz, Əli Bayramov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun bu əməlləri qarşısında susqunluq nümayiş etdirməyib. O, ölkə başçısına və bütün aidiyyatı qurumların rəhbərlərinə A.Məmmədovun onun 150 min manatını mənimsədiyi ilə bağlı müraciət edib. Ə.Bayramov iddia edir ki, “Aqil Məmmədovun dələduzluq əməlləri ilə bağlı” ölkə rəhbərliyinə müraciəti onu icra başçısının hədəfinə gətirib. Nəticədə, A.Məmmədov müxtəlif adamlar vasitəsilə onu və oğlunu şantaj etdirərək onlardan əlavə olaraq 80 min AZN, daha sonra isə 90 min AZN pul qoparıb. Hansı ki, Ə.Bayramov bu pulların bir hissəsini 40 nəfərə yaxın qohum və tanışının adına kredit götürərək qarşı tərəfə ödəməli olub.
 
Yeni müdirin fırıldağı...
 
Əli Bayramov iddia edir ki, icra başçısı onun susdurmaq üçün Kəlbəcər DSMF-də çalışan oğlu Qalib barəsində qondarma cinayət işi açdırmağa nail olub. Onun sözlərinə görə, başçıya bu işdə yeni sədr Elşən Əlizadə yardım edib. Belə ki, A.Məmmədov onu çağıraraq Qalib Bayramov barəsində “faktlar” toplamağı tapşırıb. Bu vəzifəyə yeni təyin olunan zaman başçının təlimatı ilə Qalibə “Mən bir-iki aylıq bu vəzifədə olacam. Müdir vəzifəsi sənlikdir” deyən Elşən Əlizadə, AşMəmmədovun bu tapşırığından sonra tamamilə fərqli mövqe tutub. Belə ki, o, bütün vasitələrlə Qalibi “ilişdirməyə” çalışıb. Nəticədə onun barəsində bir sıra qondarma “fakt”lar toplanaraq prokurorluğa göndərilib. Bunun ardınca E.Əlizadə Qalibin atasını – Əli Bayramovu çağıraraq deyib ki, oğlunu həbsdən qurtarmaq istəyirsənsə, 100 min manat verməlisən. Məlumata əsasən, o, bu məbləği, başçının israrına rəğmən, əsas faktları prokurorluğa göndərməməsinin (?) qarşılığında istəyib. Nəhayət, oğlunu həbsdən xilas etməyə çalışan ata borca-xərcə baxmayaraq E.Əlizadəyə 80 min AZN ödəməyə məcbur olub. Lakin onun problemi bununla bitməyib...
Belə ki, aradan bir müddət keçdikdən sonra, bu dəfə Kəlbəcər rayon prokuroru Ariz Əliyev Əli Bayramovu çağıraraq oğlunun həbs olunacağını bildirib. Ə.Bayramovun sözlərinə görə, rayon prokuroru da Qalibi həbsdən qurtarmaq üçün 100 min AZN istəyib. Nəhayət, Əli kişi uzun danışıqlardan sonra Ariz Əliyevə 90 min AZN ödəmək məcburiyyətində qalıb. O, düşünüb ki, bütün var-dövləti əlindən çıxsa belə, oğlu günahsız yerə həbsə düşməsin, axı, onun ailəsi, iki övladı var...
 
Müstəntiqin kabinteində ölümlə təhdid olunub...
 
Ə.Bayramov “Hürriyyət”ə son açıqlamasında isə qeyd edir ki, bütün baş verənlərlə bağlı Коррупсийайа Гаршы Мцбаризя Идарясинин müstəntiqi Зийафят Гулийевин kabinetində Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Elşən Əlizadə onu ölümlə təhdid edib: “Dedi ki, səni öldürüb, 70 minlik Kəlbəcər əhalisinə sürütdədəcəm. Nəyə görə? Mən nə cinayət etmişəm, oğurluq etmişəm, bank yarmışam, nə etmişəm? Bu necə dövlətdir? Mən yaşamıram belə dövlətdə, imitna edirəm. Mən ailə üzvlərimlə birgə xarici dövlətlərdən siyasi sığınacaq istəyirəm. Mənim ailə üzvlərim aclıq çəkir. Nə qədər olar? Hara müraciət edim? Futbol topu kimi hərə bir tərəfə ötürür. Ailə üzvlərimi yığıb Prezident Aparatının qarşısında özüm qarışıq hamısını yandıracam”.
 
"Hürriyyət"
 
P.S. Qəzetimizin növbəti sayında Əli Bayramovun ailə dramı ilə bağlı daha dəhşətlıi faktların şahidi olacaqsınız. Bu zaman biləcəksiniz ki, Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Elşən Əlizadə ondan aldığı 100 min AZN-in qarşılığında Ə.Bayramova verdiyi kağızda nə yazılıb. Və yaxud, cəmi 20 gün öncə işdən rəsmən çıxarılan Qalib Bayramovun son 9 ay ərzində maaşını kim və hansı yolla alırmış...
Bu və ya digər faktlarla tanış olmaq üçün bizi izləyin.