İCLAS, YOXSA YUMOR SƏHNƏCİYİ?! - Komediya davam edir...

Baxış sayı:
3160

Belə də olmalıydı. Axı belələrinin hansısa qurumun başına keçməyi uğursuz zarafatdır. Çünki mövcud reallıq həmin sektorun uğursuzluğudur. Bəlkə də Zelenski Ukraynada prezident seçilməsəydi, pis mənada oxşar təyinatlar MDB məkanında dəbə çevrilməzdi, ələlxüsus da Azərbaycanda! Hamı "finita la commedia"nı gözləyir...

Nəzarət, yoxsa xəcalət?

Milli Televiziya və Radio Şurası iclas keçirib. İclasda televiziya kanallarının monitorinqinə baxılıb. Nəticədə ATV, Lider və Space telekanalları cərimələnib. İlk iki kanal müxtəlif tarixlərdə bir saatlıq yayım dayandırılması ilə üzləşəcək. O ki qaldı Space tv-yə, onsuz da maliyyə problemləri yaşayan kanaldakılar yəqin deyir ki, "kaş bizim də yayımımız bir satlıq dayanardı, təki maaşımız qeybə çəkilməsin". Hər halda cərimə protokolu məhkəməyə göndərilib.
Özündə ulu öndərin imzasını daşıyan telekanal daha əvvəl də cərimələnmişdi, iki müğənniyə müəyyən müddətlik efir qadağası, həmin verilişin bağlanması və pul cəriməsi ilə üzləşmişdi. O vaxt MTRŞ-ya Nuşirəvan Məhərrəmli başçılıq edirdi. Nə deyim, qismət. Daha doğrusu İsmət! Belə ki, indi şuraya İsmət Səttərov rəhbərlik edir. O İsmət ki, sədr seçilən kimi ARB televiziyasını cəzalandıraraq 6 saatlıq yayımına stop demişdi. Xatırladım ki, cəza proqramların birində qonaqların ağzınagələni danışması və tamaşaçıların bu qeyri-etik ifadələrin şahidi olması idi. Sanki şura sədri bu addımı ilə vəzifəsini daha dinamik icra edəcəyini, heç bir kanala güzəştə getməyəcəyini nümayiş etdirirdi. Axı ARB Tv yeni təyinatına kimi İsmət Səttarovun tabeliyində idi. Bəzi şaiyələrə görə həmin telekanalda indi də onun əli var. Nə isə, Nuşirəvanın vaxtında eyni səhvlərə görə Space tv-nin ödədiyi bədəlləri yuxarıda sadaladıq, lakin ARB biabırçılığına rəğmən ən yüngül cəza tətbiq olundu. Bayaqkı şaiyə doğrudursa, Səttarov iki yoldan birini seçməlidir, ya kanala qayıtmalı, ya da şuraya lazımi başçılıq nümayiş etdirməlidir.

Cəbrdən efirə...

İsmət Səttarov haqqında məlumat verək ki, o, BDU "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil alıb,  sonralar bank sektorunda çalışıb. Karyerasını Heydər Əliyev Fondunun "Analitik informasiya" şöbəsində davam etdirib və "Region Tv"nin direktoru təyin olunub. "Lap jurnalistlər üçün nəzərdə tutulan binalardan ev alan jurnalist olmayanlar yadıma düşdü". Müxtəsər, həmin telekanalın adı dəyişdi, amma rəhbəri yerində qaldı. Ta ki, Milli Televiziya və Radio Şurasına sədr seçilənəcən! Kaş onun kanala rəhbərlik etdiyi dövrlərdə yayımlanan səviyyəsiz proqramlar da cərimələnərdi. O verilişlər ki, ana dilimizin qaydalarına, nitq mədəniyyəti standartlarına cavab vermirdi, o efir boşluqları ki, insanlar ancaq ziyan görürdü. Çünki yetişən gənclik bayağı şoulardan yaxşı nə götürsün?
Prezident İlham Əliyev ideoloji boşluqlardan danışır, gənclərin vətənpərvər, bütün kadrların patriot olmağından danışır. Əgər bir KİV rəhbəri erməni mahnılarına yer verirsə, azərbaycançılıqdan uzaqdırsa, həmin adam şuraya keçib, ancaq siqaret görsə, "mat-peremat" eşitsə cəzaları işə salacaq! Bu yanlışlıqlardan da böyük səhvlər elə hey yayımlanacaq, ideoloji boşluqlar isə dolmayacaq.
Əslində biz ölkə başçısı və onun dəyərli çağırışları ətrafında birləşməliyik, lakin belə məmurlar xalq-iqtidar birliyinə ən böyük maneə və Bütöv Azərbaycan arzularına xain zərbəsidir!!!

Fərman OSMANOV
Qeyd: Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.