İÇİMİZDƏ YETİŞƏN TƏHLÜKƏ - Zamanında qarşısı alınmasa, ciddi fəsadlar verə bilər!

Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi, uzun illər sovet imperiyası əsarətində əzilən ölkənin və xalqın dünya birliyində özünü təsdiq və təqdim etməsi üçün geniş perspektivlər və davamlı inkişaf strategiyası müəyyən etsə də, Qarabağın itirilməsi, Azərbaycan xalqına bir sıra çətinliklər gətirdi.
Problemin ən böyüyü isə beynəlxalq aləmdə üzləşdiyimiz maneələr, suverenliyimizi gözügötürməyən qüvvələrin yaratdığı süni əngəllər idi; Daha dəqiq, kimin dost, kimin düşmən olduğunu təyin etməyə və qarşı cəbhədəkilərlə mübarizəyə xeyli güc və vaxt getdi ki, proses bu gün də davam etməkdədir. Çox təəssüf ki, azəri türklərinin yaşadığı bir məmləkətin özgürlüyünü istəməyənlərdən biri də qonşu coğrafiyada bərqərar olan İran İslam Respublikasıdır. Səbəbi də aydındır. Nə qədər ki, rəsmi Tehran Güney Azərbaycan, güneyli soydaşlarımızın dərdləri, ümumiyyətlə, Güney məsələsində ehtiyatlı, bəzən qorxaq mövqe nümayiş etdirəcək, məlum yanaşma da heç bir zaman dəyişməyəcək. Çünki İran hələ də Quzey Azərbaycanın müstəqil dövlət kimi varlığını həzm edə bilmir. Təsadüfi deyil ki, Tehran Azərbaycan Respublikasının müstəqilliyini 8-ci yerdə, hətta Rumıniyadan sonra tanıyıb. Fars rejimi son ana qədər dünya xəritəsində Azərbaycan adlı dövlətin peyda olmayacağına böyük ümidlər bəsləsə də, gözləntisində yanıldı. Belə bir dövlət quruldu və bununla da İranın tərkibindəki Güney Azərbaycan amili, ikiyə bölünmüş Azərbaycan problemi Tehran üçün daha çəkindirici bir status qazandı.
Proseslər göstərir ki, Orta Şərq anlayışına yalnız ərəb, körfəz dövlətləri yox, həm də coğrafi məkan baxımından Qafqaz regionu da daxildir. Son illər İran hakimiyyətinin İraq, Suriya və Fələstin böhranına görə ən çox gündəmə gəlməsini və “narahatlıq keçirməsini” nəzərə alsaq, o “diqqət və qayğıdan” bizə də qədərincə pay düşdüyünü anlamaq çətin deyil. Hiyləgər siyasətlə saman altından su yeridən molla rejiminin əlindəki ideoloji silahı radikal şiəlikdir. Bu düşüncə sistemi üzərində isə Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edən, eyni zamanda “Böyük İran” modelinin tərkib hissəsi kimi son 25 ildə dərin şəbəkələşmə ilə nəticələnən bir hədəf - “Türksüz Qafqaz” və “xurafatçı Azərbaycan modeli” qurulub. Deməli, iranlı və təbii ki, azərbaycanlı şiə emissarlarının son 1-2 il ərzində Gürcüstanda, bu ölkənin soydaşlarımızın kompakt yaşadığı Borçalı mahalında fəallaşmalarını “təqiyyə”, “hicrət” (hər hansı təhlükə varsa, əsl məqsədi pərdələmək və yaşayış yerini dəyişmək) şəkilli İslam hökmləriylə bağlamaq sadəcə sadəlövhlükdür. Doğrudur, ölkəmizin güc strukturlarının bu istiqamətdəki mövqeyi həmişə sərt olub - Əlikram Əliyevdən Elşən Mustafayevə, Taleh Bağırova qədər belə ziyanlı cərəyanların təsiri altına düşənlər qüvvədə olan Cinayət Məcəlləsinin ağır maddələriylə ittiham olunub, uzun müddətə azadlıqdan məhrum ediliblər. Cəzalandırma mexanizmi artıq Azərbaycanda işləməyin mümkünsüzlüyü, həmin səbəbdən də başqa ölkəyə mühacirət zərurəti görüntüsü yarada bilər.
Amma yuxarıda da qeyd edildiyi kimi, yönəlmənin maraqlı səbəbləri var. Əvvəla, hamının bildiyi kimi, Gürcüstanın sərhədləri daxilində yerləşmiş dədə-baba torpaqlarında yaşayan azərbaycanlılara, onların təhsilinə, fəaliyyətinə, sosial rifahına bu hökumətin aşağı münasibəti “yeni maarifçiliyə” geniş imkanlar verir. Gürcüstanlı soydaşlarımızın böyük əksəriyyəti hökumətin yeritdiyi siyasətin nəticəsi olaraq savadsız və dünyagörüşsüz olsalar da, pis dolanmırlar, çalışqandırlar, qoyun sürüləri var, ticarətdən yaxşı baş çıxarırlar və sair. Həmin bölgələrdə Quran dərsləri, Hüseyniyyələr, məscidlər, müxtəlif təlim mərkəzləri açmaqla, xərclənən pulları artıqlaması ilə geri qaytarmaq da mümkündür. Marneuli, Dmanisi, Bolnisi, Qardabani rayonları boyunca İran şəbəkəsi və beytül-malın dəstəyi ilə “Qüds”, “İmam Hüseyn”, “Beynəlxalq Cəfərilər Birliyi”nin Gürcüstan münayəndəliyi, “İran Mədəniyyət Mərkəzi”, “Əhli Beyt”, “Zeynəbiyyə”, “Həzrəti Fatimə”, “Xanım Zəhra”, “Kərbala Aşiqləri”, “İslam Fədailəri”, “Kataib Hezbollah”, “Vəhdət” və digər təşkilatların təsis edilməsi söylənilənlərin parlaq təsdiqidir. Molla rejimi Borçalıdan kənarda azərbaycanlıların sıx məskunlaşdığı Tiflis, Rustavi, Saqareco, Kaspi, başqa bölgələrdə də öz hədəfləri yönündə mövhumatçı dini təsisatlar formalaşdırıb. Bununla yanaşı, Borçalı üzərindən bütün Azərbaycana “şəriət” adı altında radikal dini siyasəti, mövhumatı daha effektli şəkildə üfürmək siyasəti qurulub. Məlum olduğu kimi, Gürcüstan demokratik dəyərləri gen-bol bəsləyərək, sivil dünyaya sürətli inteqrasiya yolunu tutub. Rusiya ilə kəskin münasibətləri də bu ölkəni Qərbin sevimlisinə çevirib və okeanın o tayından “stavkanı” artırır. Deməli, burada möhkəmlənmək həm də üzü Şimali Atlantika Blokuna şütüyən məkanda NATO qoşunlarını “gül-çiçəklə” qarşılayıb, “xoş müjdələr” ərmağan etməkdir. Görürsünüzmü, Borçalıda lövbər salmağın necə böyük perspektivləri var imiş... Qafqazdakı fəaliyyətlə bağlı digər sənədlər sübut edir ki, İranın strateji məqsədi nədən ibarətdir.
Adlarının çəkilməsini istəməyən gürcü iranşünas alimləri bildirirlər ki, ölkədə molla rejiminin “vətəndaş cəmiyyəti” adı altında bir neçə strukturu mövcuddur. İlk öncə hər bir yaşayış məskənində “bəsici” dəstələri - imkansız dindar ailələrə yerli məscidlər tərəfindən aylıq yardımlar sayəsində formalaşdırılan sistem yaradılır. Yəni kasıblar həmin məscidlərdən asılı olduqları üçün, oranı idarə edən molla “soldafon” düşüncəli yeni nəsil yetişdirməklə məşğuldur. Beləliklə, həmin məhəllə sonucda mollanın əsgərinə çevrilir. Hər şey mollanın idarəsi altına keçir. Kriminal anlamda yanaşıldıqda bəlli olur ki, ideoloji, siyasi, dini, ictimai və hətta iqtisadi baxımdan həmin məhəllə əslində mollanın nəzarəti altında idarə olunan prosesə qoşulub. Azərbaycan Respublikasında da “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyi tərəfindən idarə olunan “bəsici”lik şəbəkəsinin olduğu bildirilir.
Fikrimizcə, içimizdə nə kimi bir təhlükənin yetişdiyi açıq aydın görünür. Bunun qarşısının alınması üçün Azərbaycanın müvafiq dövlət strukturlarının hansı tədbirləri gördüyü və ya görəcəyi isə maraq doğurur.  
 
Muxalifet.az