İCBARİ HİCAB ƏLEYHİNƏ DALĞA:Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi? - TƏHLİL

Baxış sayı:
3037

İcbari hicaba qarşı etiraz dalğası İranda geniş vüsət alıb və zərif cins, həqiqətən, kütləvi itaətsizliyə doğru meyllənir. İri şəhərlərdə qadınların vaxtaşırı hicabsız görünməsi artıq təəccüb doğurmur. Sosial mediada paylaşılan foto-video görüntülər də bunu əyani sübutdur. Artıq icbariliyin özü rəsmi məqamlarda ciddi müzakirələr doğurub və hakim elitadakı çatı dərinləşdirən səbəblərdən birinə çevrilir.
Xatırladım: hələ ötən illə yeni ilin qovşağında (dekabr 2017 – yanvar 2018) baş verən sosial-siyasi məzmunlu iğtişaşlardan bir müddət əvvəl qadınların islami geyim tərzini pozması ilə bağlı cəza tədbirlərinin yumşaldılması elan olunmuşdu. Rəsmi qaynaqlardan bu sayaq inzibati xətalara görə cəzaların yumşaldılacağı, həbs və pul cəzasının, bir çox hallarda, maarifləndirici-tövsiyəedici təbirlərlə məhdudlaşdırılacağı xəbəri çıxmışdı.
Amma, deyəsən, qəfəsdəki quş ona azadlıq verilməsi bəyanından xeyli əvvəl yuvasına dönmüşdü…
 
Bəyaz örpək
 
Tehran, Məşhəd, İsfahan və digər iri şəhərlərdə baş verən etiraz nümayişlərin sırasında və ondan sonrakı müddətdə artıq icbari hicabın bütünlüklə ləğv edilməsi çağırışları yüksəlməyə başlayıb.
 
Aksiyalardan qabaq (bu sonradan, İrandakı hadisələrlə bağlı foto-video materialların diqqətli təhlilindən və “fake” ((“saxta”)) dəlillərin çeşidlənməsindən sonra sübut olunub) ağ örpəyini çubuğa keçirərək poz vermiş gənc qadının şəkli gərginliklə başlayan 2018-ci ildə (hicri şəmsi tarixlə isə 1396-cı il) hicab əleyhdarlığının rəmzinə çevrilib.
Uğursuz rejim müxalifliyini yatırmaq mümkün olsa da, gündəlik həyatda qadınların geyim tərzinə lal etirazını susdurmaq mümkün olmayıb. Səssiz, sözsüz, hündür bir yerdə dayanaraq örpəklərini yelləyən zərif cins nümayəndələrini görmək adi hal alıb.
Sosial şəbəkələr, xüsusilə İranda böyük populyarlığı olan “Telegram”da “Doxtəran-e Xeyabane Enqelab” (“İnqilab Meydanının qızları” və “Çərşənbe-ye sefid” (“Bəyaz Çərşənbə”) “teq”ləri ilə demək olar ki, hər gün icbari hicaba etiraz edən qadınların görüntülərinə baxmaq mümkündür.
 
Ruhanilərdən üç tövsiyə
 
“Vilayəte-fəqih” nəzəriyyəsinə uyğun idarə olunan İranda icbari hicab – rejimin şəri, dini-mənəvi təməllərindən biridir. Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, ictimai məkanlarda örpəksiz görünmə 10 gündən 2 aya qədər həbs və ya 50 min rialdan 500 min riala qədər cəriməni nəzərdə tutur. Bununla belə, son günlərdə hicabın icbari / zəruri və hətta ixtiyari olması ətrafında ciddi müzakirələr səngimək bilmir.

İş ondadır ki, çağdaş dünyada icbari hicab yalnız iki ölkədə – bir-birinə strateji rəqib olan – İran və Səudiyyə Ərəbistanında (əcnəbilər xaric) qanuni qüvvədədir. İslam coğrafiyasının digər məkanlarında fərqli tətbiq üsulları var – tam geyim sərbəstliyindən (ixtiyari) tutmuş müəyyən ictimai müstəsnalığa (zəruri) qədər.
1979-cu il İslam İnqilabının ilk illərinə də bu məsələ ciddi müzakirə mövzusu idi. İslam Respublikasının təməlqoyma dövründə də fərqli baxışlar vardı, hətta ö dövrün nəşrlərində Hərəkatın məşhur liderləri, o cümlədən Ayətullah Taleqani, Ayətullah Mütəhərrinin hicabın icbari olmadığına dair açıqlamaları (“Hecab ecbari nist” – “Hicab məcburi deyil”), köhnə, təxminən 40 il əvvəlki kinoxronikalarda isə İranın ayrı-ayrı yaşayış məskənlərində müxtəlif geyimli qadınların varlığını görmək olar.
 
İnqilab liderlərindən olmuş Ayətullah Taleqaninin hicabla bağlı rəyi ("Ettelaat" qəzeti)
Siyasi elitanın tanınmış simaları, habelə prinsipçilərin qalası kimi tanınan Mübariz Ruhanilər Cəmiyyətinin ayrı-ayrı üzvləri da hazırda bu məqamları xatırladaraq, zərif cinsin öz içində və ümumən cəmiyyətdə icbari hicabın lehinə və əleyhinə çatını böyüdürlər.
 
İcbari hicab referenduma çıxarılır?
 
Etiraz aksiyaları zamanı sağ-mərkəzçi (əsla islahatçı deyil) prezident Həsən Ruhani xalqın rəyini bildirmək haqqını tanıyıb, yalnız iğtişaşlara yol verməyəcəyini bəyan etmişdi. Nümayişlərin yatırılmasından sonrakı ilk günlərdə, Cümə namazındakı xütbəsində Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Əhməd Xatəmi etirazçıların edamına çağırış etsə də, istər “islahatçı” qanad, istərsə də sərt siyasət tərəfdarları (“osulgəryan”) ifrat cəzalandırma üsullarını məqbul saymayıb (Çünki həbs olunmuş aksiya iştirakçılarının “Evin” türməsində müəmmalı ölüm, itkin düşmə halları və toqquşmalarda ölən şəxslərin meyitlərinin uzaq coğrafi məkanlarda aşkarlanması iddiaları nəzərə alınaraq, gərginliyin daha da artması rejimi betər naqolay duruma qoya bilər).
 
İcbari hicabın lehinə (qara zolaq) və əleyhinə (qırmızı) verilmiş rəylər (vilayətlər üzrə)
Əksinə, Ruhani administrasiyası məhz icbari hicabla bağlı xüsusi anket sorğusu keçirib. Mədəniyyət və İslami İrşad Nazirliyinin keçirdiyi və bütün İranı əhatə edən sorğu nizam üçün həssas olan bu məsələdə tam üzücü bir mənzərəni üzə çıxarıb – respondentlərin böyük əksəriyyəti icbari hicabın əleyhinə rəy verməklə “qırmızı xətti” adlayıb.
Üstəlik, indi Həsən Ruhaninin referendum keçirmək istəyi “köhnə qvardiya”da məsələnin məhz icbari hicabla bağlı olacağı fikrini oyadıb (Halbuki bunun parlamentdə rədd edilmiş növbəti təqvim ili üçün büdcə layihəsi ilə bağlı olacağı daha məntiqli görünür.). Mühafizəkar qanad Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulan referendum keçirilməsi hüququnun icraedici hakimiyyəti təmsil edən Ruhaniyə şamil olunmadığını əsas gətirir, bu ixtiyarın yalnız Ali Rəhbərə, yəni Ayətullah Xamneiyə məxsusluğunu dilə gətirir.
Prinsipçilərdən biri – iğtişaşlardan sonra şəxsi nüfuzu xeyli zədələnmiş Məşhəd imam-cüməsi, son prezident seçkilərində Həsən Ruhaninin əsas rəqibi olmuş İbrahim Rəisinin qayınatası Ayətullah Aləmül-Huda prezidentin referendum açıqlamasını sərt şəkildə “qələt” adlandırsa da, əslində, digərləri kimi, iradında haqlıdır. Amma “islahatçılar” da geri çəkilməyərək, iddialarını Əsas Qanunun 59 deyil, 113-cü maddəsi ilə əsaslandırırlar.
 
Hicab mübahisəsində Qərbin niyyəti
 
İcbari hicabla bağlı müzakirələr İran xaricində, Qərbin ayrı-ayrı “beyin mərkəzləri”ndə, əsasən, əslən iranlı analitiklərin təhlillərinin ana mövzusu olub. O cümlədən ABŞ nəşri “Foreign Policy”də (“Erotic Republic / Iran is in the throes of an unprecedented sexual revolution. Could it eventually shake the regime?” – “Erotik Respublika / İran görünməmiş seksual inqilabın zirvəsindədir. Nəhayət, bu, rejimi silkələyə bilərmi?”) müəllif Afşin Şahi diqqəti icbari hicabla bərabər, İran cəmiyyətinin mənəvi dayaqlarında baş vermiş  dəyişikliklərə yönəldir.
İlk növbədə, əhalinin seksual-cinsi vərdişlərdəki “təəccüblü” statistikaya.
Şahi yazır ki, təhlillər zamanı rəsmi statistikadan əhəmiyyətli miqdarda istifadə edilə bilər. Doğum nisbətlərinin azalması, məsələn, kontraseptivlərin və digər ailə planlaşdırma üsularının daha geniş istifadəsi İran cəmiyyətində ailənin ənənəvi rolunun pisləşməsinə siqnaldır.
Son 20 ildə ölkədə doğumun sürətlə azalması xüsusilə böyük diqqət doğurur. İranın illik əhali artımı tempi 3,9%-dən (1986-cı il) 1,2%-ə (2012-ci il) enib. Halbuki iranlıların yarısından çoxu 35 yaşınadək olanlardır.
 
İslam coğrafiyasında icbari hicab: tünd yaşıl – bütün qadınlar üçün, nisbətən açıq – yalnız müsəlman qadınlar üçün icbari, daha sonra – əksər qadınlar və bəzi qadınlar arasında ixtiyari meyllər  
Eyni zamanda, son üç ildə kişilər üçün orta nikah yaşı 20-dən 28-yə qədər artıb; iranlı qadınların evlənmə yaşı 24-dən 30-a yüksəlib. Rəsmi statistikaya əsasən, evlilik yaşında olanların 40%-i hazırda tənhadır.
Boşanma nisbəti də (2000-ci ildə) 50 mindən (2010-cu ildə) 150 minə qədər artıb. Hazırda hər nikahın payına bir boşanma düşür. Böyük şəhərlərdə bu nisbət əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, Tehranda bu nisbət hər 3.76 nikaha bir boşanma deməkdir. Bu, demək olar ki, Britaniyadakı göstəriciyə (nikahların 42%-i boşanma ilə nəticələnir) uyğundur.
Həmin trendin yavaşladığını göstərən heç bir rəsmi məlumat yoxdur. Son altı ayda boşanma nisbəti artarkən, evlilik nisbəti əhəmiyyətli dərəcədə azalıb.
Afşin Şahi mənəvi dəyərlərin də aşındığını iddia edir və rəsmi araşdırma və yerli KİV-lərin hesabatlarında buna sübutlar tapır.
 
Qan yaddaşı və gizli bəsirət
 
 Hər bir rejim özünün siyasi ehkamlarını bəyan etməklə bərabər, hansısa dini-mənəvi və mədəni sütunlarında dayaq axtarır. Onlara söykəndikdən sonra isə sistemin-nizamın ümumi çərçivələrində, müdafiəsini təşkil edir.
Qədim tarixi ilə fəxr edən İran cəmiyyətinin məlum-məşhur təməl prinsipləri var. Buna görə də, siyasi baxışlardan asılı olmayaraq, keçmişin irsinə hər hansı qəsd sərt təpki ilə üzləşir. Bu yaxınlarda ünlü iranlı kinorejissor Məhəmməd Hüseyn Məhdəvianın Firdovsinin “Şahnamə”sini “qəddar faşist əsər” adlandırmasına münasibət (hətta dünyaca məşhur muğam ifaçısı Şəcərian müsahibəni yayan TV-nin və açıqlama sahibinin İran xalqından üzr istəməsini tələb edib) timsalında bunu bir daha görmək mümkün olub.
Tarixin kinayəsi budur ki, icbari hicabla bağlı müzakirələrin getdiyi dövrdə qan yaddaşına çox həssas olan iranlılar ötən yüzilliyə aid bir məqamı unudublar. Konkret olaraq 1920-30-cu illərində Pəhləvi xanədanının ilk şahı Rza xanın qadınların və ruhanilərin geyimi ilə bağlı fərmanı.
O uzaq günlərdə Tehranda, yaxud Qumda küçədən keçən zərif cins nümayəndələrinin çadrası zorla çıxarılırdı, ruhanilərin mədrəsədə toplaşması isə yasaq edilmişdi.
Bu gün isə qadınların bir qismi icbari hicabın rəsmən ləğv edilməsini dəstəkləyir. Üstəlik, hər fürsətdə rejim əleyhdarları ruhaniləri daşqalaq edir (sosial mediada buna dair fotolar var).
Çox da uzaq olmayan keçmişdə hicaba icbari qadağa İslam İnqilabını doğuran səbəblərdən biri oldu. 40 il sonra İslam Respublikasında doğulmuş yeni nəsil geyimlə bağlı məcburi qaydanın ləğvinə doğru cəhdlər göstərir.
Tarixin ələyindən keçdikdən sonra bu dalğanın yeni inqilab doğuracağı, yaxud rejimin əsaslarını daha da möhkəmləndirəcəyi hələ ki mücərrədlik örtüyü altındadır.
Strateq.az