​İbrahimbəyov filmi niyə bu şəkildə çəkib? - AÇIQLAMA

Baxış sayı:
7903

İfadə azadlığı ən geniş formada incəsənət və bədii əsərlərdə ortaya çıxır. Lakin Rüstəm İbrahimbəyovun bu kinosu həqiqətə uyğun olmayan səhnələr əks etdirir.
Kult.az xəbər verir ki, bu sözləri politoloq, hüquqşünas Fərhad Mehdiyev qeyd edib.
"Bu film Azərbaycan dilində çəkilsəydi, İbrahimbəyovu qınamazdım. Filmə baxdım. Filmin rus dilində çəkilməsi və mesajın dünyaya verilməsi, həqiqətə uyğun olmayan səhnələri əks etdirməsi səbəbilə bütün tolerantlığıma baxmayaraq, filmi qərəzli və uğursuz hesab edirəm. Filmdə divardan baxan və Timuru daşlayan uşaq tipi – belə bir uşaq tipi bizdə tapılası deyil. Doğrudur, uşaqlarımızda ermənilərə qarşı kin və nifrət yetişdirilir, amma bu qədəri artıqdır, uydurmadır. Qonşuların Fərhad Ağayevin evinin ətrafını sarması və ermənini tələb etməsi də uydurmadır. Çünki bizdə xeyli məmur var ki, arvadı təmiz erməni ya da metisdir. Heç kəs onlara ilişib toxunmur. Eyni zamanda Fərhad Ağayevin evinin çıxışında qonşuların tökülüşüb gürcünü döyməsi səhnəsi də qərəzlidir. Bizim xalqda bu cür şücaət olsaydı, Bakıda xeyli erməni bu gün üçün yaşamazdı. Nəhayət, gömrükdə işləyən sərhəd xidməti zabitinin Eduarda qapalı otaqda yumruq atması da qərəzli, yersiz və uğursuz bir səhnədir”.
F.Mehdiyev Rüstəm İbrahimbəyovun bu filmi və səhnələri bu şəkildə çəkməsinin səbəblərinə də münasibət bildirib:
 “İbrahimbəyov cavanlığını “internasionalniy qorod” olan Bakıda keçirib, xeyli erməni dostu olub. Sonra İbrahimbəyov köçdü Moskvaya, orda onun “beynəlmiləlliyi” davam etdi. Aydın olur ki, İbrahimbəyov ermənilərdən ümumiyyətlə nifrət etmir. İbrahimbəyov YAP hökumətindən küsülüdür. Amma deyəsən İbrahimbəyov müxalifət düşərgəsindən də küsüb, hər halda hesab edir ki, müxalifət düşərgəsi lazımi kimi aktiv və əzmli deyil. Bəs sığındığı Putin Rusiyası nə qədər demokratikdir? Xalqı nə qədər mübarizdir? Erməni – azərbaycanlı qarşıdurmasında Rusiyanın heçmi rolu yoxdur”?
F.Mehdiyev vurğulayıb ki, R.İbrahimbəyov elə rejissor kimi qalsa daha yaxşı idi:
 “Ssenari müəllifi olub xeyli qərəzli ssenarilər çəkib. Bu zaman onun hansı məqsədi olub? Müsbət təsirin olacağını hesab etmirəm. Burada sadəcə hökumət deyil, bütün cəmiyyət, uşaqlar daxil olmaqla radikal anti-erməni mövqeyində kimi göstərilir”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Filmdə azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunub.