“Həyatımı bütünlüklə sənətimə həsr etmişəm”

Aydın Rəcəbov: “Bizim xalçalarımız ruhumuz, mənəvi dəyərlərimziin mifologemlərinin gücü deməkdir”

“Xalçada elə elementlər var ki, hətta bir çox vəhşi heyvanları belə yaxına buraxmır”

Çağdaş Azərbaycan xalq dekorativ tətbiq sənətində və xalçaçılıq sahəsində özünə məxsus xüsusi yaradılıcılığı olan ünlü sənətkarlarımızdan biri də Aydın Rəcəbovdur. Onun əsərləri Azərbaycan və Türk Dünyasının mifik təfəkküründən gələn mövzuların mifologemləri, eləcə də dünya mədəniyyətinin dekorativ sənət düzənində bütünləşən orjinal yaradıcılıq kimi dəyərləndirilir. Aydın bəy bir çox uluslararası və respublika sərgilərinin iştirakçısıdır. Əsərləri Almaniyada, Norveçdə, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Onun çağdaş dekorativ tətbiqi sənəti və xalçaçılıq sahəsində, eləcə də öz yaradıcılığı barəsində fikirlərini öyrənməyə çalışdıq. 
–Aydın bəy, rəssam kimi dekorativ-tətbiqi sənətin elə bir zirvəyə qaldırmısınız ki, qədim ənənə müasir anlaışla sintez şəklindədir...

–Bu sahədə ən güclü və savadlı müəllimlərimdən biri dünya şöhrətli xalçaçı rəssam Lətif Kərimov olub. Ondan özəlliklə kompozisiya barəsində dərs almışam. Altı illiik təhsilin sonunda diplom işini təhvil verməli idim. Bu barədə çox götür-qoy elədim. Qərara gəldim ki, xalça hazırlayım. Kursumuzda altı tələbənin arasında bircə mən xalça hazırladım. Beş böyük həcmdə diplom işlərimi hazırladım. Aralarında xovlu və xovsuz xalça var idi. İşlərim sırf ornamental idi. O dönəmdə çox vacib olan ümumiittifaq sərgilərdə iştirak etməyə başladım. Bir dəfə respublika sərgisinə gəldim, öz işlərimi görə bilmədim və bu haqda soruşanda dedilər ki, ümumiittifaq sərgisinə göndərmişik. Sərgiyə gələndə orada əsərlərimi görə bilmədim. Sonra dedilər ki, əsərlərini uluslararası sərgiyə göndərilib. Xalçalarım elə oldu ki, bir neçə ölkədə sərgilərdə nümayiş etdiriləndən sonra, aradan iki il keçdikdə onları Bakıda görə bilmişəm. 

–Bəs sizin işlərinizə bunca olan maraq nədən ibarət idi?

–Mən o zamanlar Bakı şəhər Tərtibat İdarəsinin aparıcı rəssamı idim. Yəni indiki dillə desək, dizayner olaraq çalışırdım. Şəhərin bütün tərtibat işlərinə baxırdım. Onu da etiraf edim ki, həmin illərdə sovet ideyasına qulluq etmişəm. Ancaq heç vaxt kommunist olmamışam. Sonralar bütünlüklə həyatımı sənətimə həsr etmişəm. Ornamental xalça sənətindən ayrılıb sujetli kompozisiyalara keçdim. Hazırladığım hər xalçamda məna tapa bilərsiniz. Yəni onların hər biri nəsə deyir. Xalçanın təkcə dekorativ təsvirinə deyil, həm də fikrin və mənanın dərinliyinə diqqət ayırıram. Anlamlarını açmağı, insanlara anlatmağını isə sənətşünaslara həvalə edə bilərəm. “Dünya ağacı” və ya “Badam ağacı” adlı əsərimdə nə badam, nə də ağac görə bilərsiniz. Onu görmək və mənasını açmaq sıradan bir insanın işi deyil. Əslində badam ağacı cənnət ağacıdır. Badam isə cənnət meyvəsidir. Badamı böləndən sonra, içinə diqqətlə baxsanız orada yeddi təbəqəni, sonucda isə tumurcuğunu görə bilərsiniz. Bax beləcə “Badam ağacı” əsərimdə bu yeddi qatı və həmin o tumurcuğu görə bilərsiniz.
– Sizin xalçalarınızda qədim türk mifoloji ünsürlərini ehtiva edən ornamental təsvir vasitələrindən savayı, mövzu baxımından başqa xalqların əfsanələrini də görürük.

–Bəli, “Simurq” adlı əsərim var. Simurq quşu əslində mənfi bir obrazdır. Bu mövzu qədim farslara və hindlilərə aiddir. Yəni onların qədim mifik anlayışlarına görə, otuz quş əfsanəsinin motivləri sayəsində insanlar üçün həyatın bütün zülmətləri yox olacaq. Ona görə də bu xalqlar uydurmanı, yəni nağılları çox sevirlər. Bu əsərimlə onların sonu bəlli olmayan dünyabaxışlarının obrazını yaratmışam. Biz türklər isə, həyatın ruhunu daha çox mifolegemlər əsasında obraza çeviririk. Təbiətin dili qismində bənzərsiz forma və düzəninə dəyər veririk. Yəni ruhun hərəkətinin simmetrik obrazlarının tablosunun  formasını ornamental yanaşım tərzini ifadə edirik. Bütün türk xalqlarının dekorativ tətbiqi sənəti, bədii ifadə tərzi, çadırları, memarlıq abidələri, musiqisi, poeziyası bu sistemin üzərində qurulub.
–Bəs bizlərə aid olan xalça sənətinin başqa fərqli cəhətləri nədən ibarətdir?   

–Bir çox alimlər haqlı olaraq xalçaları tilsimli hesab edirlər. Siz onları adi gözlə görə bilmirsiniz. Elə xalça var ki, onu hər hansı bir evə hədiyyə etsən, həmin evin hüzuru gedər, məhv olar. Xalçada təsvir olunan elementlərdən, ornament, kompozisiya və  rənglərdən çox şey asılıdır. Xalçaların bir neçə növü var. Xovsuz xalçaları əsasən yerə atırlar. Divar xalçası da var. Eləsi də var ki, onu sadəcə qoruyurlar. Ona görə ki, həmin xalçada informasiya var. Təsəvvür edirsinizmi, Maday dövründə idarəçilər bütün informasiyanı xalça vasitəsi ilə ötürüblər. Xalça sənətinin ən böyük sirlərindən biri də hər qoyunun yunundan iplik əldə edilməz. Südlük, ətlik və yunluq qoyunlar yetişdirilir. Yunluq qoyunların arasında ancaq zərif cinslilərə önəm verilir. Həmin qoyunların yalnız bir yanından yunları götürürlər. Çünki, qoyunlar sağ tərəfini dincələrkən əzdikləri üçün həmin hissəsi istifadə olunmur. Xalça üçün toxunulacaq yun hökmən spiral formasında olmalıdır. Beləcə həmin üsulla hazırlanan xalça bütün mənfi enerjini qəbul edir və onu çox asanlıqla neytrallaşdırır. Daha sonra isə onun düyünündə kristallaşma baş verir. Bunun elmi əsaslarını çoxları bilmir. Çox şükrlər olsun ki, indi həmin sahəni elmi şəkildə Rəssamlıq Akademiyasının dosenti, yaxın dostumuz Məhəmmədhüseyn Hüseynov araşdırmağa başlamışdır.

–Qeyd etdiniz ki, mənfi enerji kristallaşır. Bəs sonrakı proseslərlə nələr baş verir?

–İlk öncə xalçanı axar suda yumaq lazımdır. Bir çoxları isə onu qarın alında təmizləyir. Xalçada elə elementlər var ki, hətta bir çox vəhşi heyvanları belə yaxına buraxmır. Biz xalçanı sadəcə məişətdə istifadə edirik. Ancaq, Türkmənistanda ayrıca Xalça Nazirliyi belə var. Keçən il 70 illik yubileyim münasibəti ilə Mədəniyyət Nazirliyi tərəfindən fərdi sərgim keçirildi. İndiyə kimi Azərbaycanda heç bir xalçaçı rəssamın fərdi sərgisi keçirilməyib. Hətta Lətif Kərimov və Kamil Əliyev kimi məşhur xalçaçıların belə, fərdi sərgiləri olmayıb. Sərgimdə 40-dan artıq xalça əsərlərim nümayiş etdirildi. Bu indiki zamanda çox böyük iş sayılır. Bütün bunlarla yanaşı qeyd edim ki, uzun müddətdir əsərlərim muzeylər üçün alınmır. Axı hər bir xalçanın hazırlanması böyük bir əziyyətin bahasına başa gəlir. İsveç, Fransa və başqa ölkələrdə dekorativ tətbiqi sənət əsərlərinin sərgisini keçirdik, mənim xalçalarım da sərgidə nümayiş olundu. Demək olar ki, peşəkar sənətsevərlər onları böyük maraqla qarşıladılar. 

–Bizdə klassik ənənəyə bağlı xalça sənətimiz, həm də Avropa təsviri sənətinə yaxın olan boyakarlıq janrında xalça sənəti mövcuddur. Hələ 1948-ci ildə ilk dəfə olaraq xalça sənətinə portret janrı gətirildi. Sizin yaradıcılığınızda isə yeni bir cərəyanı müşahidə edirik.

–Soltan Məhəmmədin minatür əsərlərindən birini bütünlüklə xalçaya köçürmüşəm. Olduğu kimi əsəri köçürmək hünər tələb edir. Hər millimetrinə, boyasına fikir vermək lazımdır. İki köçürülmüş rəsmim var. Soltan Məhəmməd mənim mənəvi müəllimimdir. Əslində xalça sənətinə bunca böyük ilgi göstərməyimin səbəbi dizayn işi ilə məşğul olmağımın təsiri olub. Sonralar düşündüm ki, nəyə görə xalça yalnız yerə sərilməlidir? Bundan sonra bütün çabalarım xalçamız göyə qaldırmaq üçün idi. Dekorativ tətbiqi sənətin uğuru stilizə olunmaqdan keçir. Öncə indiyə kimi nələr edildiyinə baxıram və daim yenilik axtarışındayam. Çoxlu sayda portretlərim var. Hər biri öz kompozisiyasına malikdir. Demək olar ki, hər gün mütaliə edirəm. Oxuduğum kitablarda marağımı çəkən cümlələri masamın üstündəki ağ kağıza yazıram. Bəzən elə həmin cümlələrdən mövzu yaranır. Ornomental kompozisiyalarda hər elementin özü bir sözdür. Məsələn, xətt su mənasını verir, qırıq xətlər axar su deməkdir. Bəzən xaç forması təsvir olunur, bu bizim dörd ünsürümüzün nişanəsidir.

–Avropa rəssamlıq sistemindən gələn portret janırına haqq verirsinizmi?

– Sənətdə hər bir millətin özünün rəng harmoniyası var. Xalçada rəngi harmoniya hesab edirəm. Boyakarlıqda isə ona "rəng koloriti" deyirəm. Azərbaycan xalçalarında yad rəng görəndə dərhal səksənirəm. Dünyanın ən gözəl xalçaları Güney Azərbaycana, yəni Təbriz məktəbinə aiddir. İndi çox təəssüflər olsun ki, Avropa onları xəstələndirməklə məşğuldur. Sifarişçi gəlir və istədiyi kaloritdə xalçanı sifariş edir. Beləcə milli ənənəni öldürürlər. Azərbaycanın ən böyük sərvəti onun xalçası, miniatürü, muğamı idi. İndi xalça sənəti demək olar ki, ölü durumdadır. Çünki, ölkəmizə xalça və dekorativ sənətlə bağlı məmulatlar; Pakistandan gətirir və satırlar. Nəticədə keyfiyyətsiz xalaçalar istehsal olunur. Vətəndaş həmin xalçanı alır və bir dəfə onu yuyandan sonra görür ki, rəngi qarışdı və ya xalça söküldü. Bütün bunlar əsl xalçaçılıq sənətinə çox böyük ziyan vurur. Axı Azərbaycan qədimdən öz xalçaları ilə tanınıb. Təəssüflər olsun ki, xalça sənətinə bunca ögey münasibət olmaz.

–Xalçaçı Cəfər Müciri iplikləri düzəldərkən boyadan istifadə etmirdi. Dağlara və yaylaqlara gedib ona lazım olan rənglərin seçiminə görə qoyunların təbii yununu əldə edərək xalça toxuyardı... 

–İndi xalçaları toxumaq çox çətindir. Xalçaya əriş, arğac, iplər, boyaq, qayçı və həvəs lazımdır. Yunun özü faktiki olaraq Azərbaycanda istehsal olunmur. Biz bunların hamısını İrandan alırıq. İranda hər şeyi müasirləşdiriblər. Həm də tez toxumaq üçün artıq ilməni nömrəliyirlər, ilməni atarkən düşünmürlər. Biz bir xalçanı altı aya toxuyuruqsa, İranda onu iki aya toxuyurlar. İnsan öz düşüncəsi ilə toxumayanda ona öz ruhunu qata bilmir.  Beləcə xalçanın ruhu olmur. Bir halda ki xalça mahnı oxuya-oxuya, əzizlənə-əzizlənə toxunmur, onun ruhu da olmayacaqdır. Bu, artıq bazara hərislikdən doğan prosesdir.

–Ənənəvi xalçaçılıq qırğız, altay, xakas türklərində inkşaf edir. Bu sahədə  məktəb də yaradıblar. Sizin yaradıcılığınızı məktəbə çevirmək mümkündürmü?

–İndi Rəssamlıq Akademiyasında xalçaçılıq bölməsi var və orada Məhəmmədhüseyn Hüseynov ismində müəllim var. Onun tələbələrini xoşbəxt gənclər sayıram. Çünki çox möhtəşəm bir müəllimdir. Onun yüzdən çox tələbəsi olub. İndi heç bilirsinizmi onlardan neçəsi sənətdə qalıb? Bircə nəfər. O da bir xanımdır. Konfrans keçirsək və bu barədə danışıqlar aparsaq, cəmi beş nəfər xalçaçının adını çəkə bilərik. Yaradıcı fəaliyyətdə olan bircə mənəm. Digər xalçaçılar sifarişləri yerinə yerirlər. Bütün bunlara görə kimsəni qınamıram. Yaradıcı fəaliyyətdə olmaq böyük vasait tələb edir. İndiyə kimi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox təkliflər elədim, ancaq önəmsəyən olmadı. İnanın ki, qazandığım pulu yaradıcılığıma xərcləyirəm. Elə işim olub ki, çox ağır toxunub və iki ilə tamamlanıb. Toxucunun yanında oturub ona istiqamət verməlisən. Yaradıcı işlərə vəsait tələb olunur. Bir çox ölkələrdə yaradıcı insanın işi satılmayanda dövlət onun işlərini alır. Bizdə isə belə bir şey yoxdur.
Söhbətləşdi: Lalə CƏBRAYIL