“Hürriyyət”in yazarı ilə İsrafil İsrafilovun məhkəmə çəkişməsi...

Ənvər Börüsoy: “Məhkəmənin ədalətli olacağına inanırıq”

“Ötən beş ildə qocaman bir teatrı diz üstə çökdürən birisi üç ay ərzində nələri həll edəcək?”

“Aktyorlar qastrol səfərləri üçün hökumətin təyin etdiyi məvacibi hələ də ala bilmirlər”

Xəbər verdiyimiz kimi, “Azdrama”nın icraçı direktoru İsrafil İsrafilovun ötən beş ildəki fəaliyyətlərini, teatr siyasətini sərt şəkildə tənqid edən “Hürriyyət”in yazarı, sənətşünas Ənvər Börüsoy məhkəməyə verib. Avqust ayından indiyə kimi Nəsimi rayonunda hakim Rəşid Səmədovun sədrliyi ilə bu proses davam etməkdədir. Ötən məhkəmə proseslərində iddiaçı tərəfin iştirak etməməsi səbəbindən hakimin ittiham olunan tərəfə müraciəti olmuşdu. Hakim Rəşid Səmədovun İsrafil İsrafilovun nə özünün, nə də vəkilinin məhkəməyə gəlməməsi səbəbindən iddianın icrasının dayandırılması barəsində müraciətinə Ə. Börüsoyun vəkilləri Namizəd Səfərov və Şakir Həşimov hakimin bu təklifinə etiraz etmədiklərini bildirmişdilər. Ona görə də məhkəmə prosesi sentyabrın 29-da yenidən davam etmişdir. Proseslə bağlı Ənvər Börüsoyun fikirlərini öyrənməyə çalışdıq.
–Ənvər bəy, “Azdrama”nın sabiq və indiki icraçı direktoru İsrafil İsrafilov haqqında ölkə mətbuatında xalq artistlərinin, əməkdar artistlərin, dramaturqların və rejissorların sərt şəkildə açıqlamaları və bəyanatları səsləndirilmişdir. Onun ötən beş ildəki teatr siyasətinin yarıtmaz olduğu bildirilmişdir. Bu halda məhkəmədən nələri gözləyirsiniz?
–Bəli, mən də öz yazılarımda məhz bütün bunları analitik şəkildə təhlil etmişəm. İndiyə kimi bu mövzuda 15 məqaləm dərc olunub. Həmin yazılarda çağdaş Azərbaycan Teatrı və ölkənin ana teatrı kimi qəbul edilən Dövlət Akademik Milli Dram Teatrının ənənəvi poetik və estetik simasının itməsinin problemlərini və onların həlli yollarını göstərmişəm. Anlaşılmazlıq ondan ibarətdir ki, ötən beş ildə yanlış olan teatr siyasəti məsələsində İsrafil İsrafilov teatrın kollektivindən, teatr ictimaiyyətindən üzr diləmək əvəzinə, hələ də “mövqe savaşı” nümayiş etdirir. Buna görə də bizi məhkəməyə verib. Biz bundan tam razıyıq. Qoy məhkəmə proseslərində də əsil həqiqətlər ortaya çıxsın. Onun iddiasında yer alan fikirlər və yanaşmalar tamamilə səhvdir. İndiyə kimi nə bizim, nə də Akademik Milli Dram Teatrının ünlü sənətkarlarının mətbuatda gündəmə gətirdikləri fikirlər onun özü tərəfindən təkzib olunmamışdır. O, keçmiş partokrat ənənəsinə sadiq qalaraq uzun hesabatlarla yaratdığı problemlərdən yayınmaq taktikası ilə hərəkət edir. Hətta özünə tapdığı havadarları ilə məhz mənim özümü təhqiredici yazılar da yazdırıb. Ancaq, bütün bunlara səbrlə dözmüşəm. Mən Akademik Milli Dram Teatrına bir zamanlar rəhbərlik etmiş Ədil İsgəndərov, Tofiq Kazımov və başqa ünlü teatr xadimlərinin əzəmətli teatr siyasətinin bu gün nədən bunca cılızlaşmasının anatomiyasını ortaya qoymuşam. İndi Azərbaycan milli teatrının əzəmətinin nədən yox olması və bu problemlərin səbəblərini açıqlamışam. Rəşad Məcid kimi dayaz bir yazıçının rəhbəri olduğu “525-ci” qəzetdə iki dəfə əleyhimə təhqiramiz yazılar dərc olunub. Buna görə onu məhkəmyə verməmişəm. Çünki, məhkəmədə Rəşad Məcidin uduzacağı təqdirdə, həmin qəzetdə çalışan xeyli gənc jurnalist və yazar işsiz qala bilər.
–İddiaçı kimi İsrafil İsrafilovun özü nədən məhkəmə proseslərində iştirak etmir?
–Bunu onun özündən soruşmaq lazımdır. O, Akademik Milli Dram Teatrında çalışan ünlü sənətkarlardan belə yan keçir. Onlarla təmasdan və görüşlərdən qaçır. Təsəvvür edirsinizmi, bu teatrın böyük sənətkarları məcbur olub ona deyəcəkləri sözləri internet saytları və qəzetlər vasitəsilə bəyan etməyə məcbur olublar. Teatrın mətbəxində həll olunası məsələlər KİV-lər vasitəsilə İsrafil İsrafilova çatdırılır. Ölkənin başqa teatrlarında bunca rəzalət yoxdur. Aktyorlar etiraz edirlər və səriştəsiz rejissorların tamaşalarında oynamaq istəmirlər. Onlar tələb edirlər ki, aradan neçə müddət keçməsinə baxmayaraq, nə üçün qastrol səfərləri üçün hökumətin təyin etdiyi məvacibi hələ də ala bilmirlər. Akademik statuslu teatrı “erotika teatrı”a çevirmək olmaz. Bura Azərbaycandır. Hər birimizin yaxınları ailəlikcə tamaşaya baxmağa gəlirlər. Valideynlər övladları yanında nə üçün xəcalət çəkməlidirlər.
–Bəs nə üçün bu problemlər yerindəcə həll edilmir?
–Teatrda islahat adı ilə, uzun illər burada formalaşmış, milli teatrımızın ünlü simalarına çevrilmiş rejissorlar uzaqlaşdırıb. Çünki, onların intellektual səviyyələri dayaz və bayağı islahat siyasətini iflasa uğrada bilərdi. Dramaturji cəhətdən zəif, bədii dəyəri cılız olan əsərlərin teatra yol açmasına imkanlar yaradıb. Akademik teatrın statusuna, ənənəsinə yad olan adamların rejissorluq etməsinə dəstək verilib. Axı “Yuq” Teatrı Azərbaycanın milli teatr ənənələri tarixində hər hansı bir uğur qazanmayıb. Bu teatrın bütün kollektivini birbaşa Akademik Milli Dram Teatrına transfer etmək böyük uğursuzluqdur. Onların səs diapozonu belə, böyük səhnə üçün yararlı deyil. Axı qulaqcıl mikrofonla aktyorun rol oynaması gülüncdür. Yoldaş İsrafilov isə bildirir ki, bu islahatdır. Professionallar üçün  böyük səhnə və kamera teatrı anlayışı var. Bir direktor kimi bunların fərqini ayırmayan birisinin “teatr islahatı” tamamilə yalnışdır və həm də nəhəng bir teatrın iflasa uğraması deməkdir.
–Məhkəmə prosesində nələr yaşanılır? 

–Hələ ki, ilkin dinləmələrə başlanılıb. İsrafil İsrafilovun vəkili tərəfindən hazırlanmış iddanamədə qeyd olunanlar və məhkəməyə təqdim edilən iddalar bir-birini təkzib edir. Bunca təzadlı iddanaməyə ilk dəfədir ki, rast gəlirəm. Məhkəməyə təqdim edilən iddanamədə guya İsrafil İsrafilovun şərəf və ləyaqətini təhqir etməyim qeyd olunub. “Yüz qoyundan iki yüz əlli bala almaq”, “oyna gülüm oyna” və sair folklor ünsürü kimi qəbul edilən frazeloji deyimləri İsrafil İsrafilov özünə təhqir elementi kimi qəbul edir. Onun vəkilinin məhkəməyə təqdim etdiyi sənəddə qeyd olunur ki, ötən dörd ildə Akademik Milli Dram Teatrında 39 tamaşa hazırlanmışdır. Dünyanın ən güclü teatrları belə ildə dörd tamaşadan çox əsəri səhnələşdirə bilməz. İstənilən peşəkar sənət adamından soruşsanız, hər kəs bunu təəccüblə qarşılayar. İddanamədə qeyd olunur ki, guya İsrafil İsrafilovun rəhbərliyi altında xeyli sayda sənətçiyə xalq artisti və əməkdar artisti, əməkdar incəsənət xadimi fəxri adları verilmiş, prezident təqaüdünə layiq görülmüş, maaşlar isə otuz faiz artmışdır. Axı bütün bunlar ölkə prezidentinin səlahiyyətinə aid olan məsələlərdir. Biizi ən çox təəccübləndirən məsələ odur ki, məhkəmədə iddiaları bir yana qoyaraq, qarşı tərəf tamamilə başqa motivlər səsləndirir. İrəli sürülən məsələlərin də cavabını vəkilimizlə birlikdə tutarlı arqumentlərlə təkzib edə bildik.
–Hakimin işindən necə, razısınızmı?
–Əlbəttə. Məhkəmə prosesindən də aydın görünür ki, alicənab və ədalətli bir hakimdir. Səbrlə hər tərəfi dinləyir və hamı çıxış etməyə, öz fikirlərini və arqumentlərini deməyə  geniş imkanlar yaradır. Ona görə də məhkəmənin ədalətli olacağına inanırıq.
–Qarşı tərəfin istinad nöqtəsi nədən ibarətdir?
–“Hürriyyət” qəzetində, “müxalifet.az” və “atev.az” saytlarında getmiş yazılarımızı əsas gətirərək guya bu mətbu orqanlarda İsrafil İsrafilovu təhqir etmişik. Halbuki, bu yazıların heç birində təhqir elementləri yoxdur. Sərt və yumşaq tənqidi formalar istənilən qədərdir. Məhkəmə prosesində onun da şahidi olduq ki, qarşı tərəf bayağı şəkildə milli mədəniyyətimizin və teatrın inkişaf yolları haqqında əla moizə hazırlamışlar. Buna ironik şəkildə yanaşmaqdan özümüzü zorla saxlayırdıq. Çox istərdim ki, İsrafil İsrafilovun özü birbaşa məhkəməyə gəlsin. Onun Azərbaycan teatrının tarixi və çağdaş poetikası və estetikasının həlli yolları barəsində fikir və düşüncələrini dinləmək mənə çox xoş olardı. Ancaq, inanmıram ki, ondan yeni nəsə eşidə biləm. Çünki, müsahibələrinin hamısında sadəcə deklorativ şəkildə ifadə olunan bürokratik baxışların bolluğunu görmək olar. Başdan başa quru olan akademizmə dünya çoxdan əlvida deyib. Bizdə isə alimlərimiz hələ də köhnə akademizm baxışlarından qurtula bilməyiblər. Frazelogiyadan xəbəri olmayan, özünü elmlər doktoru adlandıran bir alimin məhkəməyə müraciət etməsi əslində böyük bir faciədir. Heç olmazsa, sözün nə demək olduğunu, frazelogiyanın alt qatının semantik və semiotik mənalarını daim yanında olan və onun dəstək verən aktyorlardan soruşaydı.
–Bəs bundan sonra nələri gözləyirsiniz? 
–Frazeloji deyimlərə, sənətin tənqidi analizlərinə görə bu, Azərbaycan məhkəməsinin tarixində ilk hadisə olacaq. Ötən həftə “Bakı Xəbər” qəzetində oxudum ki, mədəniyyət nazirinin müavini Ədalət Vəliyev İsrafil İsrafilovun beş illik müddətinə direktor təyin olunması sürəcinin bitməsinə görə, onunla üç aylıq yeni müqavilə imzalanmışdır. Bu, hər bir direktor üçün ən azından utancgətirici olaydır. Bunca müddət üçün sərəncamçı direktor teatrda mövcud olan problemləri necə həll edə bilər? Axı ötən beş ildə qocaman bir teatrı diz üstə çökdürən birisi üç ay ərzində nələri həll edəcək? Məhkəmə ilə bağlı biz yeni sənədlər hazırlamışıq. Bir çox şahidlərin cəlb edilməsini gündəmə gətirəcəyik. Qoy teatrda üz-üzə gəlmək istəmədi sənət adamlarının suallarına elə məhkəmə zalında cavab versin. Hansı prinsiplər əsasında teatr siyasətini apardığını, böyük tarixi ənənəsi olan kollektivdə sənət adamlarını bir-birinə düşmən etməsinin səbəblərini açıqlasa çox əla olar. Teatrdan nə üçün peşəkar tamaşaçıların üz döndərdiyinə də aydınlıq gətirilməli və digər çoxsaylı suallara cavab verilməlidir. Hər hansı məhkəməni udmaq, uduzmaq da olar. Ancaq, tarixin məhkəməsindən, onun yaxasından qurtulmaq indiyə qədər kimsəyə nəsib olmayıb.
–Bir sənətşünas kimi deyə bilərsinizmi ki, nədən sənət aləmində bunca problemlər yaranmışdır?
–Keçmiş Sovetlər Birliyi dağılandan sonra, Azərbaycan milli davasını aparanlar daim bu ölkənin milli dövlət olması ideyası ilə çıxış ediblər. Dünyanın özümlü inkişafının dəyərləri haqqında bilgiləri əldə etməklə, milli hədəflərimizə onları uyğunlaşdırmaq ən doğru olan yoldur. Çox təəssüflər olsun ki, Azərbaycanda mədəniyyət siyasətinə ya “proje”, ya da “meşşanlıq” təfəkkürü ilə gələnlər vardırlar. Onların bəzilərinin genetik kodları uzaq tarixi keçmişlə bağlıdır. Bu iki zümrə Azərbaycanın milli mədəniyyətinin tamamilə məhvi üçün çalışır. Onlar dolayı yolla keçmişdə olduğu kimi, bu gün də mühüm strateji vəzifələri məngirləməklə həmin siyasəti və hədəfləri rəsmiləşdirməyə çalışırlar. Əsas məsələ bizi öz doğma ladımızdan tamamilə uzaqlaşdırmaq, özgə ladında böyüməyi tərcih etməkdir. Başqalarının yeminə çevrilən xalqı isə asanlıqla məhv etmək olur. Azərbaycanda “buqələmun” mədəni zümrəsinin formalaşdırılması siyasətini kim görmək istəyirsə, “youtube” sosial şəbəkəsində ermənilərlə birlikdə mahnı oxuyanların, rəqs edənlərin tipinə baxsınlar. Çünki, bu “proje”də yer alanlar sonradan “meşşancası”na Azərbaycanın mədəni mühitində yer alırlar. Bu dediyimiz problemlərin görünən tərəfidir. Görünməyən sorunları ilə bağlı uzun illərdir araşdırma yazılarımla çıxış etmişəm. Bu, mənim sənət və həyat müəllimlərim Xudu Məmmədovun və İslam İbrahimovun qarşısında milli borcum olaraq atdığım addımlardır.

Söhbətləşdi: Lalə CƏBRAYIL