“Hürriyyət”in yazarı «Azdrama»nın direktoruna qalib gəldi

Ənvər Börüsoy:İsrafil İsrafilovun məhkəməyə təqdim etdiyi iddianamə tamamilə gülünc şəkildə yazılmışdı
 
“Xalq artisti, prezident təqaüdçüsü görkəmli sənətkar İlham Əsgərov məhz bu qəddar bürokratiyanın qurbanı oldu. O, sözün və sənətin şəhididir”
 
Bəlli olduğu kimi Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov “Hürriyyət” qəzetinin yazarı, sənətşünas Ənvər Börüsoydan Nəsimi rayon Məhkəməsinə şikayət etmişdi. İ. İsrafilovun məhkəməyə təqdim etdiyi iddianamədə onun şərəf və ləyaqətinin təhqir olunduğu, buna görə də Ə. Börüsoyun ondan üzr istəməsi və 50 min manat təzminat ödəməsi kimi iddialar irəli sürülmüşdü.  Nəsimi rayon Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə İ. İsrafilovun iddiası təmin edilməmiş və məhkəmənin qərarı ilə bu işə xitam verilmişdir. Prosesdə ölkənin ana teatrı haqqında Ə. Börüsoyun yazdığı analitik təhlillər barəsində İ. İsrafilovun özünün və onun vəkilinin birbaşa iştirak etməməsi bizi təəcübləndirdiyi üçün, bütün bunlara aydınlıq gətirilməsinə çalışdıq.
–Ənvər bəy, axı biz eşitmişik ki, Azərbaycan məhkəmələrində hakimlər məmurları tənqid etdiklərinə görə yazarlar və jurnalistləri cəzalandırılırlar. Onları ya həbsə atırlar, ya da külli miqdarda təzminat ödəməyə məcbur edirlər...
– Başqalarını deyə bilmərəm. Ancaq, özümlə bağlı məhkəmədə bu proses yaşanılmadı. Nəsimi rayon Məhkməsinin hakimi Rəşid Səmədovu ədalətli, vicdanlı, dövlət qanunlarını hər şeydən üstün sayan bir insan və şəxsiyyət kimi gördüm. Onun timsalında bütün hakimlərimizi məhz belə görmək istərdim. Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun məhkəməyə təqdim etdiyi iddianamə tamamilə gülünc şəkildə yazılmışdı. Onun iddiasında yer alan bir çox şərtlər ölkə prezidentinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı idi. Yalnız ölkə prezidenti qanunla hansı sahədə maaşların artırılması, sənət adamlarından kimlərə fəxri adların verilməsi, prezident təqaüdünə daxil etməsi kimi səlahiyyətlərə malikdir. “Hürriyyət” qəzetində, eləcə də “ATEV.AZ” saytında getmiş yazılarımın hamısını bir araya gətirərək məhkəməyə təqdim edilməsini  gözlənilməz bir hadisə kimi qarşıladım. İlk dəfə idi ki, öz yazılarımın bunca səliqə ilə arxiv şəklində toplanılmasına rast gəliridim. Buna görə İsrafil İsrafilova təşəkkür edirəm. Məhkəməyə hazırlıqla bağlı mənə vəkillik edən gözəl insanlar Namizəd Səfərova və Şakir Həşimova da təşəkkür edirəm. Faktiki olaraq, biz İsrafil İsrafilovun iddasında yer alan 8 səhifəlik tələblərinə cavab vermək üçün 150 səhifəlik sənədlər hazırlamışdıq.
– Bu sənədlər nədən ibarət idi?  
– Ölkə prezidentinin 19 fevral 2007-ci ildə imzaladığı “Azərbaycan teatrının inkişaf etdirilməsi haqqında” və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” inkişafı Dövlət Proqramı haqqında sərəncamlar imzalamışdır. Aradan altı il ötüb. Mədəniyyət və turizm nazirliyi, eləcə də teatrlarımız bu sərəncama hələ də əməl etməmişlər. Özünü elmlər doktoru, professor, müasir teatr siyasətinin ən böyük islahatçısı sayan İsrafil İsrafilovu çox ciddi şəkildə tənqid edən araşdırma və elmi yazılar yazmışam. Azərbaycan milli teatrının baş məbədi olan Dövlət Akademik Milli Dram Teatrındakı dayaz tamaşaların, bəsit rejissor təfəkkürü ilə hazırlanan əsərlərin, professional rejissorların və aktyorların nədən teatrda daim basqı altında qalmaları, baş rejissor ştatının nə üçün ləğv edilməsi kimi problemləri qabartmışdım. Bütün bunlarla yanaşı, İsrafil İsrafilov unutmasın ki, mən də ixtisasca sənətşünasam. Teatr və onun poetikası, estetikası, səhnə mədəniyyətinin nə demək olduğunu da kimsədən əskik bilmirəm. Ondan fərqli olaraq, dramaturqlarla, aktyorlarla, rejissorlarla, rəssamlarla dostluq edirəm. Ən azından sənət ustadım İslam İbrahimovun ruhuna xəyanət etmirəm.
– Eşitdik ki, məhkəmənin çıxartdığı qərardan sonra, bu dəfə İsrafil İsrafilov Mətbuat Şurasına mürəciət edib.
– Bunu mən də eşitmişəm. Vaxtilə Azərbaycanda pozuculuq işləri, ideoloji baxımdan millətimizin beynini yumaqla yalnış istiqamətlərə yönəlik dərin siyasət aparan “STV” (Saman Yolu) kanalına və onların ideoloji silahı olan nurçuluğa qarşı düz 38 təhlil yazısı yazmışdım. Bu dizi yazılarımda onları “qalstuqlu vəhabilər” adlandırmışdım. Çünki, bu ideologiyanın təməl prinsiplərinin nədən ibarət olduğunu təhlil etmişdim. Fətullah Gülən və onun bütün cameəsinin anatomiyasını gündəmə gətirmişdim. O zaman STV kanalı Mətbuat Şurasına müraciət edərək, bütün bunların qarşısını almaq və hətta məni məhkəməyə verməklə təhdid edirdilər. İndi aradan 10 il ötəndən sonra, başa düşdülər ki, biz doğru yolda idik.
İsrafil İsrafilovun əməllərini faş edən ünlü teatr xadimlərinin yazıları və məqalələri, müsahibələrini də məhkəmə üçün hazırlamışdıq. Əgər İsrafil İsrafilov məhkəməyə gəlsəydi, bizim ona suallarımız daha çox olacaqdı. “Sən kimsən ki, Azərbaycan milli mədəniyyətinin çökdürülməsi siyasətini aparırsan”, deyə suallarımızı yağdıracaqdıq. Nədən direktoru olduğun teatrda kollektivi bir-birinə düşmən etmisən? Nə üçün Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı erotik və pronoqrafik səhnə yozumlarına önəm verirsən? Mətbuat Şurasına gəlsə mən buna çox sevinərəm. Ölkə mediasının kapitanlarının təmsil olunduğu toplantıda ona bu suallarımızı yağdıracağıq. Nəsimi rayon Məhkəməsinə və dövlət qanunlarına olan sayğısızlığının zirvəsi bunda idi ki, mənə qarşı iddia irəli sürən İsrafil İsrafilovun özü məhkəmədə iştirak etmədi. Çünki, məhkəmədə “Şən Həyat Kolxozu”, “Yüz qoyundan ikiyüz əlli bala almaq”, “Oyna gülüm, oyna” təfəkkürünə yer yoxdur.
– Onu da eşitdik ki, mədəniyyət və turizm nazirliyinin teatr mövsümünün açılışı ilə bağlı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının binasında kollegiya iclasında nazir müavini Ədalət Vəliyev İsrafil İsrafilovu və “Yuğ” Teatrının baş rejissoru Gümrah Öməri sərt şəkildə tənqid edib.
– Bəli, bu fakt tamamilə doğrudur. Həmin kollegiya iclasında Ədalət Vəliyev bildirib ki, Dövlət Akademik Milli Dram Teatrında bu gün yaşanılan bütün problemlərdə əsas günahkar direktor İsrafil İsrafilovdur. Onun kollektivlə yola getməməsinin də səbəbkarı şəxsən özüdür. Daha sonra Gümrah Ömərə qəzəblənərək bildirib ki: “Sən kimsən ki, teatrda çalışan görkəmli sənət xadimlərinə qarşı ağzına gələn və hədyanlarla dolu olan müsahibələr verirsən. Ölkənin mədəniyyət və sənət adamlarına qarşı təhdiddolu bayağı və aşağılayıcı fikirləri gündəmə gətirirsən” və s. Bu barədə kollegiyadakı söhbətləri dinlədikcə bir sual yarandı. Ədalət Vəliyev sən 20 ildən çoxdur mədəniyyət nazirinin müavinisən. Bəs nədən sən və nazirlik İsrafil İsrafilovun yarıtmaz fəaliyyətlərinə göz yumursunuz. Hətta onunla yeni iş müqaviləsi də imzalamısan. Qəzetlərdə və internet saytlarında hər gün Akademik Milli Dram Teatrının problemləri ilə bağlı görkəmli sənət adamlarının müsahibələri gedir. Niyə bircə dəfə də olsun, teatra təşrif buyurub sənət adamlarının dərdlərini və problemlərini dinləmirsən. Bütün bunlara son qoymaq üçün gərəkən addımları atmırsan. Teatrda hüquqları hər addımda pozulan sənət adamlarının yanında nədən və niyə durmursan. Axı sənin vəzifən birbaşa bu işlərlə bağlıdır. Aktyorlar və texniki işçilər yayın qızmar günəşinin altında bölgələrə qastrol səfərinə gedirlər və qanunla onlara çatacaq ezamiyyət xərcləri belə ödənilmir. Ünlü akttyorların beynəlxalq teatr festivallarında qazandıqları uğurları nədən nazirlik və teatrın direktoru öz adına çıxır. Teatrın 29 nəfər vicdanlı aktyoru məcbur olaraq ölkə prezidentinə imza ilə müraciəət edən kimi nədən haray-həşirlə baş rejissor və bədii rəhbər məsələsini gündəmə gətiridiniz. Buna ehtiyac var idimi? Teatrda hər xırda şeyə görə sənət adamları prezidentəmi müraciət etməlidirlər? Axı bütün bunlara sorumlu olan İsrafil İsrafilov, Ədalət Vəliyev və Əbülfəs Qarayevdir.
– Bütün bunlar azmış kimi hətta aktyorların üzərinə gedilir, dolayı yolla onlar incə şəkildə təhdid olunurlar.
–Bəli belə faktlar yetərincədir. Xalq artisti, prezident təqaüdçüsü görkəmli sənətkar İlham Əsgərov məhz bu qəddar bürokratiyanın qurbanı oldu. O, sözün və sənətin şəhididir. Həyatının bütün mənasını sənətə və teatra bağlamış, düz 33 il bu yöndə fəaliyyət göstərmiş İlham Əsgərovu mədəniyyət naziri Əbülfəs Qarayev, onun müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və teatrın direktoru İsrafil İsrafilov bu təhdidlərin başında dururlar. Ölkə prezidenti tərəfindən xalq artisti adına layiq görülən İlham Əsgərovun cənazəsi ilə vida mərasimini teatrın çöldəki pilləkənləri qarşısında törəninin keçirilməsinə belə, mane oldular. Saxtakarcasına atdılar “yuxarılar”ın boynuna. Guya yuxarıların tapşırığı belə olub. 15 may 2006-cı il tarixdə  prezident İlham Əliyev özü şəxsən adaşı İlham Əsgərovu xalq artisti fəxri adı ilə təltif etmişdi. Teatrın keçmiş direktoru Maqbet Bünyadov rəhmətlik xalq artisti Kamal Xudaverdiyevin cənazəsi ilə vida törənini səhnədən deyil, foyedə təşkil etdiyinə görə ona əməlli başlı töhmət verilmişdi. İllərlə qapıları bağlı olan “Aktyorlar Evi” Azərpaşa Nemətovun şəxsi mülkiyyəti deyil. Teatr Xadimləri İttifaqı və onun binası Azərbaycanın bütün teatr xadimlərinin ortaq mülkiyyətidir. Bu iki qurum aktyorların üzvlük haqları sayəsində mövcuddur. Aktyorlar Evi və Teatr Xadimləri İttifaqı teatrlarda  çalışan bütün sənətkarların doğma ocağıdır. Onları bu ocaqdan belə məhrum ediblər. Bax buna görə də bütün yazılarımda teatr üzrə sorumlu olanları “mədəniyyət feodalları” adlandırıram.
– Teatr aləmində elə bil ki, yenidən süslük yaranıb.  
– Biz yeni proseslərə doğru addım atmalıyıq. Bu, teatrın ənənəvi və çağdaş estetik düzənindən ibarətdir. Bayaq qeyd etdiyimiz kimi, teatrın inkişafı haqqında imzalanmış bu iki məşhur sərəncama əməl olunmalıdır. Köhnə qafa ilə, inzibati amirlik təfəkkürü ilə teatr idarə olunmaz. Bu millətin genetik və kulturoloji kodlarının inkişafı yönündə mədəni proseslər professional səviyyəyə qaldırılmalıdır. Buna görə də mədəniyyət nazirliyini sərt şəkildə tənqid edirəm. Sənətə və sənətkara onun gözü ilə baxmağı bacarmalısan ki, o sevgini qazana biləsən. Bunun mifologemlərini yad ladlarda ortaya qoymaq milli faciəmizin təməli deməkdir. Ünlü sənət adamlarının mədəniyyət feodallarına qarşı irəli sürdüyü mübarizənin anatomiyası bundan ibarətdir. Süslük heç zaman ola bilməz. Ona görə ki, mədəniyyət və məmur meşşanlığı arasında gedən bu davalar tarixdə hər zaman haqlı olan sənət adamlarının tərəfində olmuşdur.
Söhbətləşdi: Lalə CƏBRAYIL