Hüquqşünaslar noyabrın 18-də mitinq keçirəcəklər

"Praktik Hüquqşünaslar Qrupu" noyabrın 18-də keçmiş "Məhsul" stadionunda mitinq keçirəcək.
 
 Bu barədə Turan-a işçi qrupunun üzvü Xalid Bağırov bildirib.
Onun sözlərinə görə, "Praktik Hüquqşünaslar Qrupu" bu gün mitinqin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
Hüquqşünaslar Milli Məclisin nümayəndəlik institutunun ləğvi ilə bağlı qanunvericiliyə etdiyi dəyişikliyə etiraz edir.
Milli Məclis oktyabrın 31-də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişiklik edib.
Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştirakına icazə veriləcək.
Dəyişikliyə görə, məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur. Kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Qanun yanvarın 1-də qüvvəyə minəcək.
"Praktik Hüquqşünaslar Qrupu" bu ilin oktyabrında formalaşıb. Qrupa 10 hüquqşünas daxildir. Onlar hüquqi islahatlarla bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmək və ölkədəki hüquqşünasların maraqlarını təmsil etmək məqsədilə yaranıb.