Hüquq müdafiəçisi prokurorluğa çağırılıb

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri və “Yüksəliş naminə”on-line nəşrin baş redaktoru Elçin Məmməd Sumqayıt Şəhər Prokurorluğuna çağırılıb.
 
“Bu gün səhər şəhər prokurorunun baş köməkiçisi Elviz Salayev mənə telefonla zəng edib dedi ki, bu gün saat 15:00-da prokurorluqda olmalıyam. Mən səbəbləri ilə maraqlandım, dedi ki, yerində bilərəm”, E.Məmməd bildirib.
O, prokurorluğa çağırılmasını hüquq-müdafiə fəaliyyəti və “Yüksəliş naminə” saytında dərc etdiyi yazılarla əlaqələndirir.
Saytda məhkəmələrdə vətəndaşların nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillərə təzyiqlər və siyasi məhbusların hüquqlarının pozulması barədə tənqidi yazılar dərc edilib.
Bundan əlavə, hüquqşünas olan E.Məmməd mülki işlər üzrə məhkəmə proseslərinə hüquqi nümayəndə kimi çıxıb.
E.Məmməd bundan öncə də dəfələrlə prokurorluğa və polis orqanlarına çağırılıb, sərhəddə saxlanmaya məruz qalıb.