Hüquq müdafiəçisi Mehman Hüseynovla görüşündən danışdı

Baxış sayı:
10225

Sahib Məmmədov: “Son sözü o oldu ki...”

Xəbər verdiyimiz kimi, bu gün hüquq müdafiəçiləri Sahib Məmmədov, Əliməmməd Nuriyev, Səadət Bənəniyarlı və Rauf Zeyni həbsdə olan gənc bloqqer Mehman Hüseynovla görüşüblər.
Görüşdən sonra S.Məmmədov Musavat.com-a özəl açıqlamalar verib: “Mehmanın saxlanma şəraiti ilə tanış olduq. Bir çox kameralara baş çəkdik, həmçinin, onun kamerasına da. Biz orada olanda Mehman yox idi. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə idi. Bu gün atası ilə də görüşüb. Atası sovqat gətiribmiş. Mehmanın qaldığı otaqda istilik var. 4 nəfərlik yerdə üç nəfər qalırlar. Kamera yoldaşları ehtiyatsızlıq üzündən cinayət törədən şəxslərdir. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdən sonra onunla görüşdük. Saat yarım söhbət etdik. İcazə əsasında foto da çəkdirdik. Mehman Hüseynov qida qəbul edir. Ona qarşı pis rəftar olunub-olunmadığını soruşduq. Birmənalı şəkildə belə bir halın baş vermədiyini dedi. Sadəcə, onun narazılığı ona qarşı qaldırılmış cinayət işi ilı bağlıdır. Bu barədə vəkilinə də məlumat verib. Bizə də bu barədə fikirlərini dedi. Son sözü o oldu ki, azadlığa çıxmaq istəyirəm. Özünü təqsirsiz hesab edir. Bu da onun hüququdur. Deyir ki, martın 2-də cəza müddətim bitir və həmin gün azadlığa çıxmaq istəyirəm. Anasının məzarını ziyarət etmək istədiyini də bildirdi. Sağlamlığını bərpa etmək üçün çalışdığını söylədi. Bizim işimiz onun saxlanma şəraiti ilə maraqlanmaq, şəxsinə olan münasibəti öyrənmək idi. Üzərimizə düşənləri etdik. İstintaqın işinə qarışa bilmərik”.