​Hüquq müdafiəçisi həbsxanadan müraciət yaydı

“Mən qanunlara deyil, mafiozların iradəsinə uyğun olaraq həbsdəyəm”
 
Gəncə İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədov ictimaiyyətə müraciət edib. Müraciətinin surətini daxili işlər naziri Ramil Usubova və respublikanın baş prokuroru Zakir Qaralova göndərən hüquq müdafiəçisi həbsinin əsl səbəblərinə aydınlıq gətirib.
Müraciətdə deyilir: “Mən, 24 fevral 2015- ci ildə Goycay rayon polis şöbəsi tərəfindən təşkil olunan qondarma cinayət hadisəsi əsasında AR cinayət məcəlləsinin 221.2.2 ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Ittihama görə guya ki, mən bir mülki şəxs və dörd polis əməkdaşına qarşı zor tətbiq edərək onlara yumruq- təpik zərbələri vumaqla xidməti geyimlərini, poqon nişanlarını, şevronlarını və s. dartaraq cırıb yerə atmışam.
Sifarişli həbsim 22 iyul 2015- ci il tarixdə Goycay rayon Məhkəməsinin ədalətsiz hökmü ilə tamamlandı.
Əleyhimə hər hansı möhtəbər sübut-dəlil olmadan, ittiham tərəfinin təqdim etdiyi bütün şahidlər xeyrimə ifadə verdiyi halda bəraət hökmü əvəzinə heç bir əsas olmadan təqsirli bilinərək yenidən həbsə atıldım. Həbsimlə haqq səsimi boğacaqlarını düşünən sifarişçilər unutmasınlar ki, atdıqları hər bir addımla özlərini həbs yerlərinə bir az da yaxınlaşdırırlar.
Xatırladım ki, mən qanunlar qarşısında deyi, mafiozların iradəsinə uyğun olaraq həbsdəyəm. Həbsim birmənalı şəkildə hüquq müdafiə fəaliyyətimlə bağlıdır. Bu həbslər məni qorxutmur və öz fəaliyyətimdən, mübarizəmdən döndərə bilməz. Mən bundan sonra da haqqı- hüququ tapdanan insanların yanında olacam. Fürsətdən istifadə edib qanunsuz həbsimlə bağlı mənə və ailəmə dəstək ifadə edən yerli və beynəlxalq təşkilatlara, media orqanlarına, ictimai- siyasi fəallara təşəkkürümü bildirirəm. İnanıram ki, bu dəstək hazırda Azərbaycanda qanunsuz həbs həyatı yaşayan 100- ə yaxın siyasi məhbus həmkarlarımın azadlığı ilə nəticələnəcək”.
Xatırladaq ki, Taleh Xasməmmədovun apellyasiya məhkəməsinin də vaxtı məlum olub. Apellyasiya şikayətinə Şəki Apellyasiya məhkəməsində 22 sentyabrda baxılacaq.