Hüquq müdafiəçiləri nazirə müraciət etdi - MEHMAN HÜSEYNOVLA GÖRÜŞ ÜÇÜN

Baxış sayı:
11776

Vəkilləri və yaxınları həbsdə olan video bloqçu Mehman Hüseynovun hələ də aclıq aksiyası keçirdiyini və vəziyyətinin pisləşdiyini deyirlər.

Penitensiar Xidmət isə bu iddiaları təkzib edir, bildirir ki, Mehman Hüseynov aclıq aksiyasını "çoxdan dayandırıb" və onun səhhətində heç bir ciddi problem yoxdur.

Hüquq müdafiəçiləri "hər şeyi öz gözləri ilə görmək üçün" Mehman Hüseynovla görüş tələb edirlər.

Video bloqçunun aclıq aksiyasına dəstək vermək üçün bir neçə siyasi fəal da aclıq aksiyasına başladığını açıqlayıb.

Azadlığa buraxılmasına iki ay qalmış Mehman Hüseynov həbsxana işçisinə xəsarət yetirməkdə təqsirləndiriib, onun özü isə vəkilləri vasitəsilə bu ittihamı "böhtan" adlandıraraq, aclıq aksiyasına başladığını elan edib.

"Hərə bir söz deyir..."

"Biz ədliyyə naziri Fikərt Məmmədova müraciət ünvanlayacagıq, istəyirik ki, Mehman Hüseynovla görüşək, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.

O, BBC News Azərbaycancaya deyib ki, Mehman Hüseynov haqqında bir-birinə zidd məlumatlar yayılır: "Vəkilləri deyirlər ki, o, aclığı davam etdirir, rəsmilər aksiyanı dayandırğını bildirir".

"Buna görə də biz özümüz onun vəziyyətini öyrənməliyik", hüquq müdafiəçisi söyləyib.

Səidə Qocamanlının sözlərinə görə, "həqiqəti öz gözləri ilə görmələri üçün" onların Mehman Hüseynovla görüşmələrinə şərait yaradılması üçün nazirdən izacə istəyirlər.

"Bundan sonra növbəti addlmları planlaşdıracağıq", hüquq müdafiəçisi əlavə edib.

"İkinci şərləmə" dayandırılmalıdır"

Müsavat üzvü Tofiq Yaqublu partiyanın qərargahında aclıq aksiyasına başladıqlarını deyir.

Siyasi fəal BBC News Azərbaycancaya deyib ki, onunla bərabər artıq 5 nəfər Mehman Hüseynovla həmrəylik nümayiş etdirir.

"Tələbimiz odur ki, Mehman Hüseynova qarşı "ikinci şərləmə" dayandırılsın. O, birinci ittiham olunduğu iş üzrə cəza müddəti bitəndə azadlığa buraxılmalıdır. Qərarımız qətidir, mümkün qədər dirənib çalışacağıq ki, bu aclıq aksiyasının real nəticələri olsun",- Tofiq Yaqublu əlavə edib.

Ədliqyyə Nazirliyinin Penitensiar Xidmət Mehman Hüseynovun səhhətində hər hansı problem olduğunu, onun aclıq aksiyası keçirdiyini təkzib edir. Qurumun sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, Mehman Hüseynov "çoxdan aclığı dayandırıb", hətta bununla bağlı "akta da imza atıb".

"Ona nə olub ki, müalicə müəssisəsinə göndərilsin", deyə cənab Sadıqov Mehman Hüseynovun vəziyyəti pisləşdiyindən xəstəxanaya aparılması ilə bağlı yayılan xəbərləri də təkzib edib: "Yemək yeyir, su içir, ona vəkilləri ilə görüşməyə, telefonla yaxınlarına zəng etməsinə şərait yaradılıb", sözçü əlavə edib.

Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.

Həbsdə olan Mehman Hüseynovun bu ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyası keçirdiyi bildirilib.

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.