Hüquq müdafiəçiləri Çovdarovu müdafiə edəcəkmi?

 MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun ictimai reputasiyası birmənalı deyil. Daha doğrusu, birmənalı olaraq mənfi işarəli sayıla bilər.
Çünki hazırda qətldən tutmuş banditizmə, qarətdən tutmuş adam oğurluğuna qədər ən ağır cinayətlərdə ittiham olunan A.Çovdarov ictimai fəallara, jurnalistlərə, iş adamlarına, sıravi vətəndaşlara qarşı xüsusi amansızlığı ilə seçilib və Azərbaycan ictimaiyyəti onun bu əməlləri haqda mətbuatdan zaman-zaman müfəssəl məlumatlar alıb.
A.Çovdarov hazırda həbsdədir. Amma törətdiyi ağır cinayətlərə rəğmən bir vətəndaş kimi onun da müdafiəyə haqqı var. Vəkillərlə bağlı məsələ aydındır. Generalın vəkilləri var və onun hüquqlarını müdafiə edirlər.
Bəs ictimai müdafiə necə? Generalın belə müdafiəsi varmı? Bəs hüquq müdafiəçiləri necə, onlar A.Çovdarovun hüquqlarını müdafiə edəcəklərmi, etməyə hazırdırlarmı?

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu hüquq müdafiəçisi olaraq hər bir vətəndaşın hüquqlarını müdafiə etməyə hazır olduğunu deyir: “Hüquq müdafiəçiləri insan haqları pozulanda müdafiəyə qalxırlar. Milli Təhlükəsizlik Nazirliyində baş verənləri yalnız mətbuatdan oxuyuruq. Orada nə baş verdiyini əslində heç kim dəqiq bilmir. Çünki istintaq hələ başa çatmayıb”.
N.Cəfəroğlu “Akif Çovdarovu da müdafiə etməyə hazırsınızmı” sualına “kimliyindən asılı olmayaraq əgər onun hüququ pozulubsa, biz həmin şəxsi müdafiə etməyə hazırıq”dedi.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı insan haqlarını pozan hər kəsin sonda hüquq müdafiəçilərinə möhtac olmasını arzuladı: “Əgər hər hansı qanun pozuntusuna yol verilərsə, bu haqda müraciət edilərsə, ictimai müdafiəyə ehtiyac olarsa, yəqin ki, müdafiə edərəm”.
M.Qəhrəmanlı konkret Akif Çovdarovun müdafiəsinə dair suala gəlincə isə “nə qədər insan haqqını pozanlar varsa, Allah onları hüquq müdafiəçilərinə möhtac eləsin” deyə cavab verdi.
Hüquq müdafiəçisi Murad Sadəddinov isə pozulmuş hüquqların müdafiəsi ilə məşğul olduğunu desə də həbs olunan general-mayor Akif Çovdarovu heç vaxt müdafiə etməyəcəyini bildirdi: “Onun hüquqlarının müdafiəsi ilə heç vaxt məşğul olmaram”.
Virtualaz.org