Hulusi Akar bir-bir partiya liderlərinin görüşünə getdi - S-400 HAZIRLIĞI

Baxış sayı:
3115

Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit-raket kompleksinin təslimatı və F-35 qırıcıları ilə bağlı məsələləri müzakirə etmək üçün CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı və İYİ partiya lideri Maral Akşenerlə görüşüb.

“Anadolu” agentliyi xəbər verir ki, Akarı CHP-nin baş ofisində sədr müavini və partiyanın mətbuat katibi Faiq Öztrak qarşılayıb.

Nazir daha sonra Kılıçdaroğlu ilə mediaya qapalı 1 saat 10 dəqiqəlik görüş keçirib. Binadan ayrılan Akar jurnalistlərin görüşlə bağlı sualına belə cavab verib:

“Bu gün, bildiyiniz kimi, müdafiə və təhlükəsizlik mövzusunda partiya rəhbərləri ilə görüşlərimiz oldu. Biz bu sahədə gördüyümüz işlərlə bağlı onları məlumatlandırdıq. Onların da fikirlərini öyrəndik. Həmin fikirlərdən yararlanacağıq”.

D.Baxçalı ilə də görüşən Akar açıqlamasında “Dövlət Baxçalıya da bəzi mövzularda məlumatları təqdim etdik, gözəl fikir mübadiləsi apardıq” deyib:

“Bu həftə ABŞ-ın Müdafiə naziri ilə NATO Müdafiə nazirləri toplantısı çərçivəsində bir araya gələcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan da G20 çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşəcək”.

Hulusi Akar M.Akşenerlə mediaya qapalı görüşündə S-400 hava müdafiə sistemləri və F-35 qırıcıları ilə bağlı fikir mübadiləsi aparıb. İYİ partiyanın TBMM qrup rəhbəri Lütfü Türkkan jurnalistlərə açıqlamasında “Cənab nazir Akşenerlə görüşündə Türkiyənin qarşısında duran bu məsələlərin gətirəcəyi problemlər və avantajlar haqqında məlumat verib. Maral Akşener də əvvəlcədən hazırladığı məlumatları Müdafiə nazirinə çatdırdı” deyib.  

Xatırladaq ki, bu gün Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, artıq S-400 zenit-raket komplekslərini aldıqlarını bəyan edib./qafqazinfo