​“HÜCUMUN ARXASINDA “HAFKA” DURUR, İNDİ MƏNƏ YALVARIR” - Müşfiq Mədətov danışdı

Oktyabrın 14-də Bakıda polis əməkdaşının yaralandığı silahlı insidentlə bağlı saxlanılmış Azərbaycan prezidenti mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev sərbəst buraxılıblar.
Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatında qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər. Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.
Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.
Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.
Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər – 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Bu hadisə ilə bağlı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev polis idarəsində saxlanılırdılar. Ovqat.com hər iki şəxslə telefon əlaqəsi saxlayıb və onlar faktı təsdiqləyiblər.

Dostlar insidentin baş vermə səbəblərinə də aydınlıq gətiriblər. Vəli Vəliyevin dediyinə görə, hadisənin arxasında “Hafka” ləqəbiylə tanınan məşhur iş adamı Hafiz Məmmədov dayanır: “Onun mühafizəçiləri, guya, Müşfiq “Hafka”nı söydüyünə görə bizə hücum etmişdilər. Halbuki, elə bir hadisə olmayıb. Biz məlum insidentdən bir gün əvvəl “Hafka”yla bir məclisdə üz-üzə gəlmiş və çox mehriban şəkildə görüşüb, söhbət etmişdik”.
Vəli Vəliyevin bildirib ki, onlara hücum edən 5 nəfər olub: “Lakin saxlanılan 2 nəfərdir. Polislər digər 3 nəfəri saxlamaqda maraqlı deyillər. Hətta Yasamal Polis İdarəsinin məsul şəxsləri və Bakı Şəhər Baş Polis İdarəsindən gələn nümayəndələr çölə çıxarkən bizə hücum edənin 2 nəfər olduğunu bildirməyimizi tapşırdılar. Polis orqanları niyə hadisəni gizlədirlər? Bizi, guya, hadisənin böyüməməsi üçün 3 gün azadlıqdan məhrum etmişdilər. İndisə özləri həmin 3 nəfəri gizlətməklə insidentin davam etməsinə şərait yaradırlar”.
Vəli Vəliyev bildirib ki, “Hafka”nın 2 adamını da onlara görə yox, polislərlərlə atışdıqları üçün saxlayıblar.
Müşfiq Mədətov da “Hafka”nı söymədiyini bildirib: “Amma artıq o, bu namərdliyi etməklə söyüşə haqq qazandı. Biz öz yoldaşlarımızla oturub istirahət etdiyimiz bir zaman üstümüzə qəfil hücuma keçmək kişilikdən deyil. Söyüşü qəbul etməyən oğlan bu addımı da atmamalıydı. İndi isə müxtəlif adamları vasitəsilə mənə yalvarır”.