“Həsən Nəbiyevin bunu deməyə haqqı çatır, amma siyasətçi kimi yox...” - KASIBLARI “ALKAŞ” VƏ “TÜFEYLİ” ADLANDIRAN DEPUTAT QALMAQALI

Baxış sayı:
4720

Rusiyanın Volqoqrad vilayət Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, “Qazprom”un keçmiş top-meneceri Həsən Nəbiyevin aşağı  pensiya alanları “alkaş” və “tüfeyli” adlandırmasına görə yaranmış qalmaqal səngimir. Virtualaz.org xəbər verir ki, Dövlət Dumasının komitə sədrinin birinci müavini, “Rospotrebnadzor”un keçmiş rəhbəri Gennadi Onişşenko bu qalmaqala münasibət bildirib. Onişşenko bir tərəfdən insan kimi Həsən Nəbiyevə haqq qazandırıb, amma deyib ki, gərək siyasətçi olaraq bu cür danışmayaydı.

Xatırladaq ki, Volqoqrad vilayət Dumasının iclasında yaşayış minimumundan aşağı pensiya alanların pensiyalarının artırılması məsələsi müzakirə olunanda deputat Həsən Nəbiyev belələrinin ağır maddi vəziyyətinə görə özlərinin günahkar olduqlarını deyib. O, bildirib ki, uzun illər 5-6 min adamın işlədiyi böyük kollektivə rəhbərlik edib və səhərdən axşama zəhmət çəkib işləyənlərin indi yaxşı pensiya aldıqlarını bilir. Aşağı pensiya alanlar isə “alkaşlar” və “tüfeylilərdir”.

Gennadi Onişşenko deyir ki, Həsən Nəbiyev kimi bütün ömrü boyu işləmiş və yüksəlmiş adam belə mövqe nümayiş etdirmək haqqına malik idi.

“Burada məsələ sadə deyil. Mən belə deyərdim: onun bu cür mövqe bildirməyə haqqı var, amma siyaətçi kimi yox, hər şeyə özü nail olmuş, valideyinlərinin, qohumlarının dəstəyi olmadan özünə yaxşı mövqe qazanmış insan kimi. O, etnik azlıqların nümayəndəsidir və doğrudan da insan kimi formalaşıb. Burada başa düşmək lazımdır ki, o Qafqazdandır və mentalitetini nəzərə almaq lazımdır. Və əgər o həmin çıxışını təkcə kişilərə ünvanlasaydı mənim fikrimcə məsələni belə qoymaqda haqlı idi. O, əlbətdə belə deməkdə haqlıdır-baxın mənə, hər şeyə özüm nail olmuşam, ona görə də deyirəm ki, işlə və qazan. Buna əlbətdə onun haqqı var idi. Lakin siyaətçi kimi o belə danışa bilməzdi”-Onişşenko bildirib.

 “Vahid Rusiya” partiyasından deputat Onişşenko qeyd edir ki, Nəbiyev həmin çıxışı üçün yeri uğurlu seçməmişdi. Qanunverici orqanının nümayəndəsi kimi onun belə mövqe nümayiş etdirməyə haqqı yoxdu. Çünki belə sərt yanaşma böyük sayda insanlar üçün qəbuledilməzdir.

“Kiminsə sadəcə olaraq müvafiq qabiliyyətləri yoxdur, kimsə səhhətinə görə ağır işlərdə işləyə bilmir, bu qadınlara da aiddir. Hansı ki, Qafqaz sakini onlara münasibətdə ümumiyyətlə belə tonda danışmalı deyildi. Axı o dövlət hakimiyyətini təmsil edir və siyasətçi kimi başa düşməlidir ki, bu gün kifayət qədər iş yerləri yoxdur. Bu iş yerlərini yaratmaq lazımdır, xüsusən də büdcə təşkilatlarında. Heç də hamı biznesdə işləməyə hazır deyil”-deputat əlavə edib.

Onişşenko bildirib ki, Nəbiyevin mentaliteti ona aydındır. Və əgər o həmin sözləri hansısa kişi məclisində, yaxud gənc məzunların yığıncağında desəydi buna haqqı çatırdı. Yəni həyat uğrunda siz özünüz mübarizə aparmalısınız və onu özünüz üçün qurmalısınız. Lakin parlamentdə belə demək yersizdir və partiya etikası da yəqin ki, pozulub. “Lakin insan kimi yetişmiş, həyatda çox şeyə nail olmuş biri kimi onun belə danışmağa hüququ var, xüsusən də Nəbiyev artıq üzr istəyib”-Onişşenko bildirib.

Xatırladaq ki, “Vahid Rusiya” partiyası Həsən Nəbiyevin partiya sıralarında qalıb-qalmaması məsələsini müzakirə etməlidir. Nəbiyev uzun müddət sənayedə rəhbər vəzifələrdə işləyib, 10 ildən çox “Qazprom tranzqaz Volqoqrad” şirkətinin rəhbəri olub. Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan H.Nəbiyev 2003-cü ildən bəri Volqoqrad dumasının deputatıdır./Virtualaz.org