“Hərbi əməliyyatları davam etdirsəydik...” - EKSPERT ATƏŞKƏS ANLAŞMASINI ŞƏRH EDİR

Ərəstun Oruclu: “...Rusiyanın çoxsaylı təxribatları ilə üzləşəcəkdik”

“Rusiya tərəfi konkret olaraq Azərbaycanı təhdid etməyə başladı”

“Putin daxili problemləri arxa plana keçirmək üçün davamlı düşmən axtarışındadır”

Məlum olduğu kimi, aprelin 2-dən etibarən Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi əməliyyatlar aprelin 5-də Rusiyanın təkidi ilə dayandırılıb və tərəflər arasında atəşkəs haqqında razılaşma əldə edilib. Hərbi qarşıdurmanın şiddətləndiyi bir zamanda Rusiyanın vasitəçilik missiyasını üzərinə götürməsi, tərəfləri sülhə səsləməsi ilk baxışdan nə qədər humanist təsir bağışlasa da, əksər siyasilər Kremlin məlum addımının heç də xoş niyyətdən irəli gəlmədiyi qənaətindədir. Belə ki, siyasilərin bir çoxu hesab edir ki, 3 günlük hərbi əməliyyatlar nəticəsində Ermənistan ciddi itkilərə məruz qaldı ki, Rusiya erməni ordusunun ard-arda məğlubiyyət yaşadığı bir zamanda araya girməyi, rəsmi İrəvanı daha ciddi uğursuzluqlardan xilas etməyi lazım bildi. 
Maraqlıdır, Rusiyanın atəşkəs razılaşmasında vasitəçi kimi çıxış etməsi Kremlin humanist, sülhpərvər niyyəti kimi qəbul edilə billərmi? Yoxsa rəsmi Moskvanın bu fəallığı həqiqətən də erməniləri xilas etməyə, Azərbaycan ordusunun qalibiyyətli əməliyyatlarını diplomatik yolla əngəlləməyə hesablanıb?
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycan-Ermənistan təmas xəttindəki son gərginliyin əsas səbəbkarının Rusiya olduğunu vurğuladı. Politoloqun sözlərinə görə, Rusiya son olaylarla bütün dünyaya elan etməyə çalışdı ki, Qarabağ münaqişəsinin həlli məsələsində yeganə söz haqqı ona məxsusdur və onun razılığı olmadan bu münaqişəni həll etmək mümkünsüzdür: “Rusiya təmas xəttində son gərginliyin yaranmasının birbaşa səbəbkarıdır. Onun bu məsələdəki məqsədi də bəlli idi. Rusiya Ermənistanı sövq elədi ki, təmas xəttində aktivlik sərgiləsin və Azərbaycan Ermənistana qarşı cavab tədbirləri görsün. Rusiya görəndə ki, Azərbaycan tərəfi qətiyyətlidir və əməliyyatları davam etməkdə israrlıdır, o zaman müxtəlif vasitələrlə təzyiq göstərərək Azərbaycanı dayandırdı. Atəşkəs razılaşmasının ardından Rusiya tamamilə qeyri-məqbul şərtlər təklif edir. Rusiyanın bütün davranışları göstərir ki, o heç vaxt bizə yaxın, dost bir dövlət olmayıb və ola da bilməz. Necə ki, tarix boyu Rusiya Azərbaycana dost dövlət olmayıb. Rusiya çalışır eyni zamanda dünyaya göstərsin ki, Qarabağ məsələsinin, Qarabağ münaqişəsinin həlli onun əlindədir. Yəni bölgədə marağı olan hər bir dövlət Rusiya ilə danışıb, Rusiya ilə razılığa gəlməlidir. Başqa sözlə desək, bütün maraqlı dövlətlər Rusiyanın qılıncının altından keçməlidir. Rusiyanın marağı bundan ibarətdir. Rusiya istənilən halda bu münaqişənin həllində maraqlı deyil. Çünki Qarabağ münaqişəsi öz həllini tapsa, Rusiyadan qaçan ilk növbədə Ermənistanın özü olacaq”.
Ə.Oruclu hərbi əməliyyatları dayandırmağın yanlış olması ilə bağlı səslənən fikirləri də məntiqli hesab etmədiyini eyd etdi: “Mən hərbi əməliyyatları dayandırmağın yanlış olması ilə bağlı səslənən fikirləri bölüşmürəm. Ona görə ki, Rusiya tərəfi konkret olaraq Azərbaycanı təhdid etməyə başladı. Əgər Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, o zaman Rusiya hər tərəfdən Azərbaycana qarşı təxribatlar həyata keçirəcəkdi. Rusiyanın Dağıstanda gözlənilmədən hərbi təlimlərə başlaması və s. kimi addımlarla Rusiya elan etdi ki, o, bu münaqişənin kimsə tərəfindən, hətta münaqişə dövlətlərinin özləri tərəfindən həllinə imkan verməyəcək. Əgər Azərbaycan tərəfi hərbi əməliyyatları davam etdirsəydi, o zaman ciddi təpgilərlə üzləşərdi. Hansı ki, bu, Azərbaycanın bütövlükdə dövətçiliyini şübhə altına alardı”.
Politoloqun sözlərinə görə, Rusiyanın terrorçu dövlət olduğu, beynəlxalq hüquqa, digər dövlətlərin hüquqlarına hörmət etmədiyi göz önündədir. Lakin onun davamlı olaraq düşmən axtarışında olmasına səbəb ciddi daxili problemləri pərdələmək, arxa plana keçirmək cəhdidir: “Rusiya terrorçu dövlətdir. Bu dövlət heç kimlə hesablaşmır. Rusiyanın Ukraynanın başına hansı oyunlar gətirdiyi, Gürcüstana münasibətdə hansı addımlar atdığı hər kəsə bəllidir. Lakin bunu da unutmaq olmaz ki, Rusiyanın iqtisadi durumu fəlakətli həddədir və bu səbəblə də Rusiya hakimiyyəti daxilində ciddi qarşıdurma və çəkişmə mövcuddur. Rusiyanın ciddi daxili problemləri var. Odur ki, Rusiya öz daxili problemlərini arxa plana keçirmək üçün daim düşmən axtarışındadır. Bu məqsədlə də o gah Uktraynanı qarışdırır, gah Suriyaya soxulur, bunun ardınca Türkiyə ilə gərginlik yaradır... Burdan əli çıxanda isə Dağlıq Qarabağ münaqişəsini qızışdırır”.
Politoloqun fikrincə, hərbi əməliyyatlar zamanı Azərbaycanın düşmən infrastrukturuna daha sarsıdıcı zərbələr endirməsi məqsədəuyğun olardı ki, bu, arzuedilən miqyasda baş vermədi: “Diqqət yetirdinizsə, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar gedən zaman Rusiya mətbuatı faktiki olaraq isteriya vəziyyətində idi. Rusiya yeni düşmən simasında Azərbaycandan istifadə etmək niyyətində idi. Buna imkan vermək yolverilməz olardı. Sadəcə olaraq, bu əməliyyatın düzgün şəkildə başa çatdırılmasının yeganə yolu bu ola bilərdi ki, erməni qoşunlarının işğaldakı torpaqlardakı infrastrukturuna maksimal dərəcədə zərbə endirilsin. Bu infrastruktur sıradan çıxarılsın. Təəssüflər olsun ki, düşmən infrastrukturuna maksimal dərəcədə ziyan vurulmadı”.