Hər qış kabusa çevrilən qaz təzyiqi – Bu qışa hazırlıq necə gedir?

Baxış sayı:
11353

Hər il Bakıda və Bakı ətrafı rayonlarda, qəsəbələrdə qış aylarında qazın təzyiqinin aşağı düşməsi ilə əlaqədar tez-tez şikayətlər daxil olur. Bəs bu il belə problemlərin yaşanmaması üçün hazırda hansısa tədbirlər görülürmü? Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov “Yeni Sabah”a açıqlama verib. C. Səfərov qeyd edir ki, payız-qış mövsümündə sərfiyyat artdığı üçün qazın təzyiqində də dəyişiklik olur: “Şəbəkənin saz vəziyyətə gətirilməsi üçün payız-qış mövsümü ilə bağlı ciddi hazırlıq görülür. Payız-qış mövsümünə keçəndə sərfiyyat artır, buna görə də təzyiqin artımında da dəyişiklik olur. Ümid edirəm ki, bu qış belə bir problem yaşanmayacaq”. O bildirib ki, hazırda qurumun mütəxəssisləri həm Bakı şəhərində, həm də bölgələrdə qışa hazırlıqla bağlı işlər aparırlar: “Amma ola bilər ki, fərdi şəkildə bir nəfər narazılıq etsin və ya bir neçə qonşu, onlara gedən məhəllədaxili xətdə nəsə problem ola bilər. Onda bu problemə fərdi şəkildə baxılacaq. Amma ola bilər ki, bir kənddə problem var, o kənddə də problemin həlli üçün mütəxəssislərimiz təmir işləri aparacaq. Hazırda bizim mütəxəssis heyətimiz mütəmadi olaraq həm Bakı şəhərində, həm də bölgələrdə qışa hazırlıq məqsədilə xətlərin saz vəiyyətdə olub-olmaması yoxlanılır. Ümid edir ki, bu qış belə bir problemlə üzləşməyəciyik”.