“Hər an onun həyatına son qoyula bilər” – RÜFƏT SƏFƏROVLA BAĞLI SƏFİRLİKLƏRƏ MÜRACİƏT

Siyasi məhbus Rüfət Səfərovun Müdafiə Komitəsi Azərbaycandakı bir neçə xarici ölkə səfirliyinə müraciət ünvanlayaraq 9 saylı CÇM-də keçmiş müstəntiqə qarşı işgəncə faktlarının araşdırılması üçün aidiyyatı strukturlarla əlaqə yaradıb təqib və təzyiqlərin aradan qaldırılmasına köməklik göstərməyi xahiş edib. “Müraciətin hökümət tərəfindən birmənalı qarşılanmayacağına və bunun ənənəvi “dəyirmana su tökmək” kimi dəyərləndiriləcəyinə bəri başdan əminik. Lakin bildiririk ki, ölkənin hüquq-mühafizə orqanlarının , xüsusilə ədliyyə sisteminin susqunluğu və günahkar qismində məhz Rüfət Səfərovun cəzalandırılması bizi belə bir addım atmağa məcbur edir” – deyə müraciətdə qeyd olunur.
Hurriyyet.org xəbər verir ki, Müdafiə Komitəsi daha sonra bəyan edir:
 “Cənab səfir! Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Eldar oğlu Səfərov 20 dekabr 2015-ci il tarixdə ölkədə və hüquq sistemində rüşvətxorluğa, korrupsiya hallarına, insan hüquq və azadlıqlarının mütəmadi pozulmasına etiraz olaraq tutduğu vəzifədən istefa vermiş, hakimiyyəti ciddi tənqidi yazıları ilə hədəf götürmüşdür. 2016-ci il yanvarın 15-də , o, həbs edilmiş, 6 gün sonra müvəqqəti ev dustaqlığına buraxılmışdır. Lakin hakimiyyət təmsilçilərinin yüksək vəzifə müqabilində susmaq təklifini rədd edən R. Səfərov tənqidi yazılarını davam etdirmişdir. Nəhayət, üzünə yalançı şahidlər qoyaraq R. Səfərovu 08.09.2016-cı il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin saxta hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmişlər. Qəribədir ki, rüşvətxorluğa qarşı çıxaraq istefa verən R. Səfərov “rüşvətxorluq” maddəsi ilə də məsuliyyətə cəlb edilmişdir. Əgər R. Səfərov həqiqətən rüşvətxor idisə, elə müstəntiq vəzifəsində qalıb rüşvətini davam etdirərdi. Elə bu faktın özü bir daha göstərir ki, onun həbsi siyasidir,o, yuxarıdan verilən tapşırıq əsasında həbsxanaya atılmışdır. İstintaq təcridxanasından başlayaraq 9 saylı cəzaçəkmə müəssisəsində də o ağır təqiblər və işgəncələr altında öz həyatını yaşayır. Artıq 10 aydır ki, o, 9 saylı Cəzaçəkmə Müəssisəsindədir. Bu müddət ərzində Rüfət Səfərovu hər dəfə bir bəhanə ilə 3 dəfə karsa salmışlar. Üzərinə cəzacəkmə müəssisəsində məhbuslar tərəfindən bıçaqlı hücum da təşkil edilmişdir. Keçmiş müstəntiq R. Səfərov cəzaçəkmə müəssisəsində məhbuslara və özünə qarşı baş alıb gedən özbaşınalıqlara, ayrı-seçkiliyə, bəzi dustaqlara qarşı kəskin münasibətlərə görə avqustun 22-də aclıq aksiyasına başlamışdır. Aksiya barədə ərizəni müəssisə rəhbərliyinə təqdim edib aşağı düşərkən təxminən 10 nəfərə yaxın əməliyyatçı onu dövrəyə alaraq asfalt döşəməyə yıxmış, əlləri qandallanaraq təpiklə başına zərbələr endirilmiş ,huşsuz hala salınmış siyasi məhbusun bədəninə bir vedrə soyuq su tökərək dubinka ilə döyməyə başlamışlar. Hətta, onu murdarlamağa belə cəhd edilmişdir. Sonra onu xüsusi kameraya aparıb əllərini və ayaqlarını zəncirləyərək çarmıxa çəkmişlər. O, 3 saatdan artıq bu vəziyyətdə saxlanılmışdır. R. Səfərovu ağır işgəncələr altında ən təhqiramiz söyüşlərə də məruz qoymuşlar. Hətta onu “zənci” adlandıraraq kamerada təkrar-təkrar döyməyə başlamışlar. Bütün bu işgəncələrin icraçısı cəzaçəkmə müəssisəsinin rəis müavini mayor Azər Bağırzadənin göstərişi ilə baş vermişdir. Bütün bu işgəncələrdən ürəyi soyumayan rəis müavini A. Bağırzadə zonu onun üzərinə qaldırmaqla da hədə-qorxu gəlmişdır. Onu “vətən xaini”, “hakimiyyətin düşməni” adlandırmaqla da bütün hədləri keçmişdır. Tam məsuliyyəti ilə Sizə bildiririk ki , keçmiş müstəntiq Rüfət Səfərovun həyatı bu gün ciddi təhlükə altındadır və hər an onun həyatına son qoyula bilər. R.Səfərovun vəkili Bəhruz Bayramov 9 saylı Cəzaçəkmə Müəssisəsində baş verən işgəncə faktlarını araşdırmaq üçün Azərbaycan Respublikasının Baş Prokurorluğna müraciət ünvanlamışdır.
Cənab səfir! Sizdən artıq dərəcədə xahiş edirik ki, Rüfət Səfərovun həyatına yaranmış ciddi təhlükəni nəzərə alaraq ona qarşı amansızlıqların təcili dayandırılması üçün əməli tədbirlər görəsiniz və bu işi şəxsi nəzarətinizə götürəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk”.