“Hər bir azərbaycanlı öz damarındakı qeyrətlə rusun qabağında durmalıdır”

Baxış sayı:
10985

“Bu gün bizə ən böyük təhlükə Rusiya və İrandandır”

“Azərbaycanda bu qədər ruslara yaltaqlanırlar, xidmət göstərirlər, yenə də Rusiya Azərbaycanı düşmən hesab edir”

“Biz nə qədər öz kimliyimizdən imtina ediriksə, bir o qədər Rusiya bizi rəzil, alçaq bir millət kimi görəcək”
 
Deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən “dəyirmi masa”da verdiyi bəyənat birmənalı qarşılanmır. "Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb. Prezidentin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir. Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər”, - deyən Z.Orucunu bu fikirləri bir neçə gündür ki, sosial şəbəkədə ciddi tənqid olunur.
Əslində, cəmiyyətə bu cür mənasız fikirləri sırımaq özü gülünc doğurur. Rusiya Azərbaycan dövlətinə, xalqına nələri yaşatmayıb ki, hələ “son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik” deyirik. İnsan düşündücə heyrətə gəlir ki,  görəsən, 29 il əvvəl 20 Yanvar günü əliyalın Azərbaycan xalqının üzərinə tank, topla gələn Rusiya ordusu deyildi?
“Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycan-Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil”,- deyə Z. Oruc əlavə edib.
Əslində, Z. Orucun bu fikirləri özünü aldatmadan başqa bir şey deyil. Azərbaycan xalqı Rusiyanın Ermənistanın yanında olduğunu yaxşı bilir.  İndiki Ermənistan hökuməti ilə Rusiyanın münasibətlərinin pis olması erməni xalqı ilə Rusiyanın pis olması demək deyil. Rusiyanın indiki Azərbaycan hökuməti ilə yaxşı münasibətləri ola bilər, lakin tarixdən də məlumdur ki, Rusiya heç vaxt Azərbaycan xalqının dostu olmayıb, olmayacaq da.
Z.Orucun “Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil” fikirlərinə siyasi şərhçi Ərəstun Oruclunun Əli Əsədovun baş nazir seçilməsi ilə bağlı fikrini yetərli cavab hesab etmək olar: “Bu gün artıq əminliklə Azərbaycanın tam Rusiyanın təsir dairəsində olduğunu demək olar və ölkədə baş verən bütün görünən və ilk baxışdan görünməyən dəyişikliklərin də hamısı məhz həmin təsirdən qaynaqlanır”.
Şübhəsiz, Azərbaycanın Rusiyanın təsir dairəsində olduğunu təkcə bir nəfər demir, bu, artıq cəmiyyətin fikri kimi formalaşmaqdadır.
 
(Əvvəli bu linkdə: https://muxalifet.az/zahid-oruc-5-ci-kolonun-tkidi-il-bel-aciqlama-verib-srdar-claloglu-rusiya-tarixn-biziml-dusmndir-ona?fbclid=IwAR00GE0SYwiDhp8WJCudXuQPBgVJIabXaIkFkjIWFO-uhIz0C6nGNf0q1q8)
 
“Xristian dövləti olsaydıq, Gürücüstana, Ermənistana olan münasibət bizə də olardı”

 
S.Cəlaloğlu qeyd etdi ki, gürcülər və ermənilər Rusiya ilə dini nöqteyi-nəzərdən eyni mədəniyyətin təmsilçiləridir: “Azərbaycan isə fərqli bir mədəniyyətin təmsilçisidir. Azərbaycanın müəyyən mənada müstəqilliyi onun Türk, İslam dünyasına inteqrasiyasına zəmin yaratdığına görə, Gürücüstanla, Ermənistanla müqayisədə bizə münasibət həm də mədəniyyət fərqliliyi ilə bağlıdır. Biz türk, müsəlman olduğumuza görə, Rusiya Qafqazda fərqli bir siyasət aparır, yoxsa biz də xristian dövləti olsaydıq, Gürücüstana, Ermənistana olan münasibət bizə də olardı. Yaxud da Belarusiyaya olan münasibət bizə də olardı. Amma Rusiyanın Orta Asiya türk respublikalarına, Azərbaycana olan münasibətinə baxın: Pribaltika respublikaları Rusiyaya qarşı meydan oxudu, azadlıq əldə etdi. Avropa Birliyinə inteqrasiya etdiyinə görə, bir dənə Pribaltika respublikasına Rusiya mane oldu? Yox. Amma Azərbaycanda bu qədər ruslara yaltaqlanırlar, xidmət göstərirlər, yenə də Rusiya Azərbaycanı düşmən hesab edir. Niyə? Çünki biz müsəlman və türkük. Bunu heç vaxt unutmaq olmaz. Cəmaləddin Əfqaninin belə bir məhşur fikri var, deyirdi ki, “müsəlmanlar məscidləri söksün, Quranı yandırsın, əzan səsini qadağan eləsin, yenə də Avropa bizi müsəlman kimi görəcək”. Yəni biz öz müsəlmanlığımızdan imtina eləməklə, Avropa bizi dost seçməyəcək. Eləcə də biz Arif Rəhimzadənin dediyi kimi “biz türk, müsəlman deyilik” deməklə, dinimizə, milli kimliyimə zidd hansısa addımlar atmaqla, Rusiyaya yaxınlaşsaq, Rusiya yenə də bizi türk, müsəlman kimi görəcək. Biz nə qədər öz kimliyimizdən imtina eləyiriksə, bir o qədər Rusiya bizi rəzil, alçaq bir millət kimi görəcək”.
 
“Rusiya, ümumiyyətlə, burada hər hansı bir dövlət qurumunun olmasını istəmir”
 
Cəlaloğlunun fikrincə, biz rusun qabağında müsəlman və türk olmağımızla durmalıyıq, dəyərlərimizi müdafiə etməlyik: “Rusiyanın da bu bölgədə apardığı geopoltik siyasətini Azərbaycan dövlətinin əleyhinə yönəlmiş bir siyasət kimi dəyərləndirməliyik və strateji müttəfiqləri yaratmalıyıq, onlarla əlaqə saxlamalıyıq. Pakistanla, Türkiyə ilə təcili əlaqələr yaradılmalıdır. İran da əgər bu prosesə qoşulsa, İranla da əlaqə yaratmalıyıq. Türkiyə bizə nə qədər strateji müttəfiqdirsə, bilmək lazımdır ki, Pakistan da bir o qədər strateji müəttəfiqdir. Çünki Pakistan 400 il Azərbaycan dövlətinin tərkib hissəsi olub. Vaxtilə Şah İsmayıl Xətainin qoşun başçılarının əksəriyyəti əfqan olub, pakistanlı olub. Qacarı elə pakistanlılar terror edib, öldürüblər. Yəni pakistanlılar zatən, özlərini Azərbaycan türkləri ilə eyni bir millətin, mədəniyyətin təmsilçiləri hesab edirlər. Çünki ortaq mədəniyyətimiz olub. Bizim ruslarla olan birliyimiz ki var, o müddətdən iki dəfə çox biz Pakistanla bir yerdə olmuşuq. Ona görə də pakistanlılar bizim strateji müttəfiqimizdir. Onlar da bunu açıq şəkildə dəfələrlə ifadə ediblər. Xatırlayırsınızsa, Pakistanın xarici işlər naziri dedi ki, üçüncü bir qüvvə Ermənistan-Azərbaycan münaqişəsinə qoşulacaqsa, Pakistan müdaxilə edəcək. Eləcə də Türkiyə. Bu gün Türkiyə dünyanın ən nüfuzlu dövlətlərindən biridir, böyük gücə malikdir. Ona görə də Rusiyanın etirazlarına baxmayaraq, Azərbaycan Türkiyə və Pakistanla strateji müttəfiqlik müqaviləsi bağlamalıdır və özünü Rusiyadan gələn təhlükədən qorumalıdır. Bu gün bizə bölgədə geopolitik olaraq ən böyük təhlükə birinci Rusiyadan, ikinci də İrandandır. Bu iki təhlükə bir-birindən nə ilə fərqlənir? Rusiyadan gələn  təhlükə milli kimliyimizin və mövcudluğumuzun burada sıradan çıxarılmasına xidmət edir. İrandan gələn təhlükə sadəcə olaraq dövlətçiliyimizin zəiflədilməsinə təhdid yaradır. İran istəmir ki, bölgədə inkişaf edən, parlaq bir Azərbaycan dövləti olsun. Amma Rusiya, ümumiyyətlə, burada hər hansı bir dövlət qurumunun olmasını istəmir”.
 
“Azərbaycan xalqı hakimiyyət kimi rusa yalmanmasa, təslim olmasa, rus bizə heç nə edə bilməz”
 
“Ancaq hakimiyyətdə rusprəstlərin çoxluq təşkil etdiyi deyilir. Bu halda, Rusiya təhlükəsindən dövləti qorumaq mümkün olacaqmı” sualına S. Cəlaloğlu belə cavab verdi: “Hakimiyyət nədir ki?! Hakimiyyət xalqın yanında heç nədir. Azərbaycan xalqından söhbət gedir. Hakimiyyətdə hamı satıla bilər. Atatürkün məşhur bir sözü var, deyir “ola bilsin ki, dövlət xadimləri satılıb, ordularınız döyüşməkdən yorulub, amma türkün bayrağını yüksəltməyə möhtac olduğunuz qan damarınızdakı qeyrətdədir”. Hər bir azərbaycanlı öz damarındakı qeyrətlə rusun qabağında durmalıdır. Qoy, satılsınlar. Əgər Azərbaycan xalqı hakimiyyət kimi rusa yalmanmasa, təslim olmasa, rus bizə heç nə edə bilməz. Çünki güc xalqdadır. Biz bu dəqiqə artıq iqtidara yox, bütün diqqəti xalqa verməliyik və xalqımızı Azərbaycan dövlətçiliyinə qarşı təhlükələrə hazırlamalıyıq. Burada əsas güc xalqdır, hökumətin heç bir gücü yoxdur. Xalq qalxıb öz hökumətini dəyişə bilər, kim ruspərəst, ermənipərəst olur-olsun, amma xalq özü təslim olsa, çətindir.
Ona görə, Zahid Orucun bu bəyanatı çox təhlükəlidir. O, xalqı çaşdırmaq istəyir”.
 
“Yenə elə kasıb, fəhlə ordunun arxasındadır”
 
“Amma rus dilinin geniş yayılması ilə xalqa  təslimçilik ruhu aşılanır, onlar da xalqın bir hissəsidir” fikrimizə isə S. Cəlaloğlu belə cavab verdi: “Onlar xalq deyil... Bizim aldığımız məlumata görə,  Prezident Administrasiyasından göstəriş verilib. Birincisi, dövlətdə işləyən adamları məcbur edirlər ki, uşağını aparıb rus məktəbinə qoymalısan. İkincisi, Azərbaycan məktəb direktorlarına tapşırıblar ki, onlar uşaqları rus sektoruna gətirsinlər. Rus sektorunda əlverişsiz şərait yaradıblar. Yəni dövlət siyasəti kimi həyata keçirilir. Bunun xalqa heç bir aidiyyatı yoxdur. Rus sektorunda oxuyan 160 min uşağın hamısının valideyninə baxın, hamısı ya ticarətçidir, ya da dövlətdə bu və ya başqa vəzifə tutur. Məsələn, gedib deyir ki,  budkan var, uşağını rus məktəbinə qoymalısan, ya da ki, budkanı bağla. O da 5-3 manat pul qazanmaq üçün uşağını bədbəxt edib, aparır rus sektoruna qoyur. Doğrudur, bu da genefonda vurulan ən böyük ziyanlardan biridir. Amma xalqın bir hissəsini oğrular da, cinayətkarlar da, fahişələr də təşkil edir. Söhbət çoxluqdan gedir. Ruspərəst uşağını rus məktəbinə, istəyir erməni məktəbinə qoysun, mənə nə dəxli var. Bu gün Prezident Adminstrasiyası qərar versə ki, uşağınızı erməni məktəbinə qoyun, o adamların hamısı uşağını erməni məktəbinə qoymasa, gəlin mənə nə deyirsiniz, deyin. Bu adamların milli siması, qeyrəti, şüuru yoxdur ki. Bunlara desinlər uşağını rus, erməni məktəbinə qoy, qoyacaqlar, desinlər uşağına heç təhsil vermə, verməyəcəklər. Bunların bir dənə idealı var, əlimdə olan imkanlara dəyməsinlər, vəssalam. Bunu da hökumət bilir. Bunu dünyada hamı bilir ki, sosial-iqtisdi maraqlarını müdafiə edən insanlar milli maraqlardan imtina edirlər. Bir söz var deyir, “tacirin vətəni və milləti olmaz”. Həmin şeydir də. Bu adamlar ticarətçidir. Bu adamlar üçün nə millət, nə xalq! Hansı ticarətçinin gedib cəbhədə vuruşduğunu, əsgərə yardım elədiyini eşidibsiniz? Yenə elə kasıb, fəhlə ordunun arxasındadır”.
 
“Talışlar da Azərbaycan türkləri kimi Azərbaycan dövlətinin mövcudluğunda maraqlı olmalıdırlar”
 
Cəlaloğlunun sözlərinə görə, o adamlar ki, aparıb uşaqlarını rus sektoruna qoyur, onlar öz şəxsi maraqlarından kənar, milli, dini maraqlarını düşünməyən insanlardır: “Mən onları Azərbaycan xalqının tərkib hissəsi elan etmirəm. Böyük tarixçi Lev Qumliyev xalqları bölümüşdür, deyirdi ki, “bəzi adamlar vətənə bir yuva kimi baxır, necə quş gələr yumurta qoyar, sonra bala çıxardar, sonra da uçar, çıxar gedər, yuva orada boş qalar. O mənə lazım deyil. Amma əsl insan o yuvanı qorumaq üçün həyatını və balasını qurban verən insandır. Onda o yuva vətən olur”. Bir adam düşünürsə ki, mənə nə var, Azərbaycan pisdir, çıxım gedim, başqa ölkədə yaşayım, bil ki, o, bura ərazi kimi baxır, bura onun vətəni deyil. Mən Azərbaycanı özünə vətən hesab edən, ya türk, ya talış, ya ləzgi, ya da kürd kimi özünü Azərbaycanın sahibi kimi dərk edən insanlardan danışıram. Min illərdir türklər də, talışlar da burada yaşayır. Talışlar da Azərbaycan türkləri kimi Azərbaycan dövlətinin mövcudluğunda maraqlı olmalıdırlar. Azərbaycanı vətən hesab etməlidirlər. Bizim şərikli torpaqlarımız var. Bizim necə ki, torpağımız şəriklidir, vətənə məhəbbətimiz də şərikli olmalıdır. İndi bəzi etnik azlıq qüvvələr var ki, onlar xarici qüvvələrin təsirinə düşür. Məsələn, bəzi talışlar gedib Rusiyanın kəşfiyyat orqanlarının göstərişi ilə orada “müstəqillik”, “azadlıq” kimi təbliğatlar aparırılar. Bunlar hamısı pozucu tədbirlərdir. Bunlar həmişə olub. Əsrin əvvəllərində “Talış -Muğan Respublikası” da buna görə yaradılmışdı. Sonra 90-cı illərdə Azərbaycan demokratik hakimiyyətinin yıxılmasında “Talış-Muğan Respulibikası”nın yaradılması yenə də Rusiyanın proyekti kimi işlədi. Bu gün də həmin talış, sadval, tat hərəkatı var. Bunların hamısı Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmaq, onu zəiflətmək, özünün imperiya maraqlarına xidmət etmək məqsədilə atdığı addımlardır”.
 
“Bu gün də Rusiya bizdən əl çəkmir”
 
Cəlaloğlu bildirdi ki, Rusiya heç vaxt heç bir sahədə Azərbaycana xeyir verməyib: “Məsələn, bəzən bizə yanlış məlumat verirlər ki, Rusiya bizə təhsil verib. Əsrin əvvələrində Azərbaycan iqtisadi cəhətdən Rusiyadan güclü idi. Baxın, bu gün dünyanın ən böyük milyardlerləri Morqan, Rokfeller, Simens qardaşlar hamısı Bakıda fəaliyyət göstərib, gəlib Gədəbəydə mədən işlədirdirlər. Nobel qardaşları Azərbaycana gəlib, fəaliyyət göstərib. Nə oldu, sonra biz getdik dala düşdük? Məmməd Əmin Rəsulzadə deyirdi ki, əgər Azərbaycan Rusiya tərəfindən işğal olunmasaydı və parçalanmasaydı, bu bölgədə Azərbaycan bütün Avropa ölkələrindən güclü bir dövlət olacaqdı. Yəni farslar hakimiyyətə gəlməsəydi, Qacarların hakimiyəti davam etsəydi və Azərbaycan parçalanmasaydı, Azərbaycan bu dəqiqə dünyanın Amerikaya bərabər ən güclü dövlətlərindən biri olacaqdı. Çünki Azərbaycanın həm geopolitikası, həm təbii sərvətləri, həm də Azərbaycan türkünün dövlətçilik şüuru, hərbi gücü, vətənpərvərliyi imkan verirdi ki, Azərbaycan dünyanın ən güclü dövlətlərindən biri olsun, amma bunu ruslar qoymadı, fransızlar, inglislər, farslar, ərəblər xəyanət elədi. Bu bölgədə bizim milli varlığımızı təhdid edən bir situasiya yarandı. Bu gün də Rusiya bizdən əl çəkmir. Loru dildə desək, bizim axırımıza çıxmaq istəyirlər”.
 
Şamo EMİN, Hurriyyet.org