Hər 10 yoxsul ölkədən 9-u heç peyvənd tapmayacaq – Varlı ölkələr vaksinləri qamarlayıb...

Baxış sayı:
2133

Koronavirusa qarşı vaksinlərin hazırlanması və tədarükü hazırda dünyada ən çox müzakirə olunan mövzulardandır. Zəngin ölkələr potensial vaksinlərin 53 faizini əldə edəcək, hər 10 yoxsul ölkədən 9-u isə heç peyvənd tapmayacaq. 

Muxalifet.az Azpolitika.info-ya istinadən xəbər verir ki, bunu “The Guardian” qəzeti yazıb. Söhbət dünyanın 70 azgəlirli ölkəsindən gedir. Onlardan hər 10-nun 9-nun vaksin əldə edə bilməyəcəyi bildirilir.

Britaniyada artıq peyvəndləmə başlanıb. Xalq Vaksin Alyansı xəbərdarlıq edir ki, zəngin ölkələrin vaksin sövdələşmələri yoxsulların taleyin hökmünə buraxılması deməkdir. Dünya əhalisinin 14 faizinin yaşadığı zəngin ölkələr artıq vaksinlərin 53 faizinin almaqla bağlı razılaşma əldə edib.

Məsələn, Kanada digər ölkələrlə müqayisədə əhalisi üçün adambaşına daha çox vaksin tədarükü görüb – hər bir kanadalı beş dəfə peyvənd oluna bilər. “Amnesty International”, “Frontline AIDS”, “Global Justice Now” və “Oxfam” təşkilatlarının daxil olduğu alyans bildirir.

“Heç kəs yaşadığıölkəyə, yaxud cibindəki pulun məbləğinə görə həyatını xilas edəcək vaksindən kənar qalmamalıdır”,– “Oxfam”-ın səhiyyə siyasəti meneceri Anna Mariot deyib.

“Zəngin ölkələr hər kəsi az qala üç dəfə peyvənd edəcək qədər doza tədarükü görüb, kasıb ölkələrdə isə heç tibb işçiləri və risk qrupunda olanlara yetəcək qədər peyvənd yoxdur”,– Xalq Peyvəndi AlyansındanDr.Mohqa Kamal Yanni vurğulayıb.

“The Washington Post” qəzeti isə Britaniyanın Qərbin vaksin yarışında qalib olmasından yazıb.

Britaniya Qərbdə ilk ölkə olaraq dekabrın 8-dən peyvəndləməyə başlayıb. Klinik sınaqlardan kənar ilk vaksinin vurulduğu 90 yaşlı Marqarit Kinən deyib ki, bu, ad gününə ən yaxşı erkən hədiyyədir, çünki ailəsi və dostları ilə vaxt keçirmək istəyir.

Məqalədə Britaniyanın dərman tənzimləyici orqanlarının çevikliklə bağlı nüfuz qazandığı deyilir. Onlar şirkətlərin təqdim etdiyi dataya daha çox etibar edirlər, nəinki öz həmkarlarının hazırladığına. Üstəlik, data yayılan kimi onu çevikliklə nəzərdən keçirir, eyni vaxtda çoxsaylı yoxlama prosedurunu işə salırlar.

Elə ölkənin səhiyyə naziri Mət Hənkok da ötən həftə deyirdi ki, tənzimləyici orqanlar data çıxdıqca onu nəzərdən keçirib, işləri paralel görüblər.

Nazir iddia edib ki, Britaniyanın Avropa Birliyindən çıxması onun vaksini daha tez təsdiqləməsinə yol açıb. Ancaq ekspertlər bu ideyaya şübhəylə yanaşırlar. AB üzvləri vaksini təcili təsdiqləyə bilərdilər, amma qurumun kollektiv prosesini gözləməyə üstünlük veriblər. AB liderləri ehtiyat ediblər ki, birtərəfli hərəkətlər vaksinə inamı sarsıda bilər. BirləşmişŞtatlar və AB bir neçə günə, yaxud həftəyə “Pfizer-BioNTech” vaksinini təsdiqləyə bilər.

“The Washington Post” başqa bir məqaləsində Ağ evin “Pfizer” vaksinindən daha çox tədarük görməməsinə diqqət çəkir. Tramp administrasiyası ilkin olaraq bu şirkətdən 100 milyon doza vaksin sifariş edib. Artıq digər ölkələr məhdud istehsalı“qamarlayıb” deyə, Ağ ev əlavə vaksin almaq üçün iyuna, yaxud iyuladək gözləməli olacaq.

Rəsmilər qərarı müdafiə edirlər. Onların arqumenti belədir ki, BirləşmişŞtatlarda hazırlanan “Moderna” vaksini bir neçə həftəyə təsdiqlənəcək. Ancaq məsələ ondadır ki, hər iki vaksinin iki dozası vurulmalıdır. Yəni, 100 milyon doza əslində 50 milyon nəfərin peyvəndlənməsi deməkdir ki, bu da əhalinin çox az hissəsini təşkil edəcək.

“Pfizer” vaksinlərinin böyük hissəsini Avropa Birliyi və Yaponiya tədarük edib. Amma qəzet onu da qeyd edir ki, xeyli vaksin sifariş eləmiş, yaxşı soyuq saxlanc infrastrukturu olan BirləşmişŞtatlar yenə də qlobal vaksin sifarişlərinin başında durur. Yoxsul ölkələr isə sakinlərini vaksinlə tam təmin etmək üçün 2024-cü ili gözləməli olacaqlar.

Yaponiya hökuməti hələ iyulda “Pfizer” ilə böyük bir sövdələşmə əldə olunduğunu açıqlayıb – 2021-ci ilin birinci yarısında 120 milyon doza təchiz olunacaq.

“Pfizer” oktyabrdan Yaponiyada kiçikmiqyaslı sınaqlara başlayıb. Bu ölkə vaksin məsələsində xüsusi çevikliyi ilə seçilib. Çünki bu ilin Olimpiya oyunları gələn yaya keçirilib. O vaxtadək 120 milyon dozanın nə qədər hissəsinin Yaponiyaya çatdırılacağı bəlli deyil.