Hökümətyönlü təşkilat sədrindən şok təklif: "Azərbaycan Parlamenti buraxılsın"

  Azərbaycan - Slavyan Gənclər Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov maraqlı təkliflə çıxış edib.
 
Təşkilat sədri AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda yeni Parlament seçkiləri keçirilməlidir:
"Azərbaycanda Milli Məclis buraxılmalı və yenidən seçkilər keçirilməlidir. Bu hər zaman aktiv olan, öz deputatlıq missiyasını uğurla icra edən millət vəkillərini narahat etməyəcək. Çünki istənilən halda onlar yenidən öz seçicilərinin etimadını qazanacaqlar. Söhbət onlarla mandatın boş-boş zəbt olunmasından gedir. Yeni seçkilərin keçirilməsi həm də qanuna müvafiqdir. Referendumdan sonra ölkəmizdə Vitse-prezidentlik institutu yaradıldı. Strateji struktur planlaması, çevik idarəetmə, hüquqi islahatlar fonunda parlamentin buraxılmasını olduqca labütdür. İndiki halda parlament dövlətin bu çevik idarəetmə mexanizminə nəinki cavab vermir, bir çox hallarda buna mane olur. Bəzən hökümətin həyata keçirdiyi strateji layihə bir deputatın sərsəmləməsi ilə gündəmdən itir.
 Səbuhi Abbasov kimlərin mandatla vidalaşmalı olduğunu da açıqlayıb: "Daha dinamik və dövlətə xeyirli Parlament qurmaq üçün aşağıdakı nüanslara mütləq diqqət yetirilməlidir:
1. İlk növbədə yaşı 65dən yuxarı olanlarla sağollaşmaq lazımdı. Onlara yerdə qalan ömürlərini söyülmədən, təhqir olunmadan öz nəvə-nəticələrinin ətrafında keçirmələri üçün imkan yaradılmalıdır;
2. Biznesmenlər, nəbilim zapçast satanlar, kisəçilər, masajçılar birmənalı şəkildə parlamentdən uzaqlaşdırılmalıdırlar.
3. Həftədə 10 dəfə ürək əməliyyatı edənləri, baytarları, qəssabları, meşə massivini yox edib mebel biznesindən milyonlar qazananları, kolbasa istehsal edənləri heç bir halda Parlamentə buraxmaq olmaz.
 Bu siyahını çox artırmaq olar. Ancaq məsələ burasındadır ki, bu heyətlə Milli Məclis getmir. Bəziləri Oktay Əsədovun deputatlara danışıq qadağasının qoymasını tənqid edirdi. Mən isə təqdir edirəm. Əslində spiker onları istəyib belə deyir. Bilir ki, ağız açıb danışan kimi ordan ya qatıq töküləcək, ya da ayran. Milli Məclis strateji qurumdur. Bu qurumda təmsil oluna deputatlar dinamik, çevik, savadlı, gənc və intellektual olmalıdırlar. Ən əsas millət vəkili kimi öz öhdəliklərini, üzərilərinə düşən yükü daşımağı bacarmalıdır.
 Qeyd etdiyim və etmədiyim bir çox strateji məqamlara görə Milli Məclisə seçkilər yenidən keçirilməlidir. Ziyanın yarısından qayıtmaq özü özlüyündə müsbət haldır. Vallah, billah Parlamenti 2020-ci ilə qədər bu "sostav"nan daşımaq olmaz.