HÖKUMƏTİN SOSİAL MÜDAFİƏ FIRILDAĞI - Qazi və şəhid ailələrinə saxta “dövlət qayğısı”

Baxış sayı:
9139

Bu günlərdə Milli Məclis şəhid ailələrinə növbəti “diqqət və qayğı “ göstərərək, hər bir şəhid ailəsi üzvünə Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin  müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ fərmanının 1-ci hissəsi  ilə müəyyən edilən aylıq 12 manatlıq müavinətin verilməsindən imtina edilməsini qərara alıb. Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (və eləcə də ƏƏSMN başbilənləri ) şəhid ailələrinə bu “diqqət və qayğını” onlara ayrılan Prezident təqaüdünün bir il öncə 300 manatdan 500 manata qaldırılması ilə izah edib.
Belə çıxır,  “sosial” hökumət “bığdan kəsib saqqala yapışdırır”?
Onu da vurğulayaq ki, prezidentin  31.12.2020-ci il tarixli 1223 saylı fərmanı ilə sözügedən 26.12.2001 tarixli 613 saylı fərmanının 1-ci hissəsinin beşinci abzasından “şəhid ailələrinin hər birinə” sözləri çıxarılıb. Amma bu ilin ilk günlərində prezidentin 05.01.2021 tarixli 1244 saylı fərmanı ilə 20 il qabaqkı fərmanın 1-ci hissəsinin 3-cü abzasında dəyişiklik edilərək  “həlak olmuş döyüşçülərin dul arvadlarına –“90 min manat” ifadəsi 18 manat (aylıq müavinət) ilə əvəz olunub. Bu o deməkdir, şəhid ailələrinin hər birinə  kommunal,  nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq 12 manatlıq müavinət ləğv olunub, təkcə şəhidin dul qalmış həyat yoldaşına 18 manatlıq müavinət saxlanılıb. Əlbəttə, şəhid “həlak olmuş döyüşçü” sayılırsa.
05 yanvar 2021 tarixli 1244 saylı fərmanla 20 il qabaqkı 26 dekabr 2001 tarixli 613 saylı fərmanın 1-ci hissəsinin birinci abzasında dəyişiklik edilərək  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanlara, 20 Yanvar əlillərinə, Böyük Vətən  (bu ifadənin özü düzgün seçilməyib -M. B ) müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, Çernobil qəzası nəticəsində əlil olmuş hərbi qulluqçulara -26 manat aylıq müavinət ayrılması doğrulanıb.
Başqa sözlə, indiyədək nəzərdə tutulan 130 min manat denominasiya edilərək 26 manat göstərilib. Gerçəkdə sözügedən fərman denominasiyadan sonrakı 15 il ərzində Qarabağ müharibəsi əlillərinə , şəhid ailələrinə tətbiq edilsəydi , ilə ortalıq 1,5 milyon manat hesabı ilə hərəyə  20 milyon manatdan artıq pul ödənilməli idi. (Nəzarətə bilmək olar,  bəlkə də elə sosial hökumət qazi və şəhid ailələrinin adına milyardları belə silib yeyib? !) Nə yazıq, heç indi də cüzi müavinət ödənilmir.
Absurd teatrına baxın, prezident fərmanı ilə aylıq 26 manat müharibə əlillərinə müavinət ayırır, baş nazir müavinətin verilməsi qaydasına qərar verir, maliyyə naziri pulu köçürür, amma qazi ailələrinə çatmır. ƏƏSMN tabeliyindəki DSMF-in məsul şəxsləri illərdir “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsinin Qarabağ əlillərinə bu 26 manatlıq müavinətin verilməsinə yol vermədiyini bildirir. Bu boyda ƏƏSMN,  DSMF anlamır ki, Qarabağ əlillərinə ayrılan 26 manatlıq aylıq müavinət sosial müavinət deyil! Bu , kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətdir və həm əmək pensiyasıçısı Qarabağ əlilinə,  həm də sosial pensiyaçı, yəni sosial müavinət alan Qarabağ əlilinə verilməlidir. Sözügedən 26 manatlıq müavinət Qarabağ əlilləri üçün nəzərdə tutulmayıbsa, niyə prezidentin 05.01.2021 tarixli 1244 saylı fərmanı ilə üstündən xətt çəkilməyib? Necə olur, “Böyük Vətən” müharibəsi əlillərinə, iştirakçılarına 26 və 25 manatlıq kommunal və digər xidmətlər haqqı verilir, Qarabağ Vətən müharibəsi əlillərinə, iştirakçılarına isə  yox? Sosial məmurlar, deputatlar bunu Qarabağ əlillərinə, şəhid ailələrinə ayrılan təqaüdün 60 faiz həddində artırılması ilə, Qarabağ veteranlarına 2 ildir 80 manat Prezident təqaüdü ayrılması ilə izah edir. Axı , “Böyük Vətən” müharibəsi əlilləri və iştirakçılarına da (Qarabağ veteranlarından 5 dəfə çox!) 400-500 manatlıq təqaüd ayrılıb! Niyə Qarabağ Vətən  şəhid ailələrinin müavinəti Prezident təqaüdü adına kəsilir, amma “Böyük”lərə toxunulmur?
Hələ onu da vurğulayaq ki, “Əmək pensiyaları haqqında” qanunun 19 -cu maddəsi də Qarabağ qazilərinə, gözdən əlillərə “qayğı” amacı ilə  ləğv edilsə də, “Böyük Vətən” müharibəsi əlilləri və iştirakçıları bu “qayğı”dan qıraqda saxlanılaraq 19-cu maddə ilə pensiyalarına əlavə olunan 154, 120 və 99 manatlıq manatlıq vəsaiti almaqda davam edirlər. Biz kəsinliklə “Böyük Vətən” müharibəsi veteranlarına verilən vəsaitin verilməsindən imtina edilməsini istəmirik, amma Qarabağ Vətən müharibəsi iştirakçılarına qarşı ögeyliyi də qəbul etmirik . Bu boyda sosial diskriminasiya olmaz axı!
Şəhid və qazi ailələrinə Prezident təqaüdünü onların digər müavinətlərinin kəsilməsi hesabına artırmaq sosial yönümlü hökumətə başucalığı gətirməz. Milli Məclis Qarabağ savaşı qazilərinin , şəhid ailələrinin kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştləri əvəzinə verilən  (daha doğrusu, verilməyən,  yeyilən) cüzi 26 manatlıq müavinətin normal həddə çatdırılmasını fikirləşsə, daha sosial məntiqli olar . “Əlinin papağını Vəlinin başına qoymaqla” , “ bığdan kəsib saqqala və ya əksinə yapışdırmaqla” qazi və şəhid ailələrinin sosial problemləri çözülməz.

Məğrur BƏDƏLSOY