“HÖKUMƏTİMİZ TÜRKİYƏDƏN DƏRS ALMALIDIR…” – “Paşinyanın cavabı…”

Baxış sayı:
628

“Azərbaycan hakimiyyəti Türkiyədən dərs almalıdır. ABŞ, Rusiya, Qərb ölkələri, İraq, İran və s. dövlətlərin iradəsinin ziddinə Türkiyə ordusu Şimali Suriyada hərbi əməliyyatlara başladı. Üstəlik, həmin ərazilər Türkiyənin də deyil. Amma Şimali Suriyada kürd separatçılarının yürütdüyü siyasət Türkiyənin milli maraqlarını, torpaq bütünlüyünü təhdid etdiyi gərəkçəsiylə ölkənin prezidenti “Sülh bulağı” əməliyyatına başladığını elan etdi və Türk ordusu hərəkətə keçdi”.

Muxalifet.az-ın məlumatına görə, Ədalət Partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

O, bildirib ki, Türkiyədən fərqli olaraq Azərbaycanın nəinki ərazi bütövlüyü təhlükə altındadır, hətta ermənilər torpağımızın 20%-ni işğal ediblər: “Ermənistanın Baş naziri bizim torpaqlarda at oynadır. “Qarabağ Ermənistanındır. Nöqtə” bəyanatı verəcək qədər həyasızlıq nümayiş etdirir. Paşinyanın adekvat cavabı terrorizmə qarşı hərbi əməliyyatlarla verilməlidir”.

Bizim rəsmi ideoloqlarımızın Qarabağ probleminin beynəlmiləlləşdiyini əsas gətirib, Rusiyadan və ABŞ-dan icazə almadan hərbi əməliyyatlara başlamağımızın mümkünsüzlüyünü iddia etdiklərini deyən İlyas İsmayılovun fikrincə, bu arqumentin nə qədər çürüklüyünü Türkiyə prezidenti R.T.Ərdoğan sübuta yetirdi: “Şimali Suriya da beynəlmilləlləşmiş konflikt idi. ABŞ da, Rusiya da, İran da və s. ölkələr də Türkiyənin bu əməliyyatına qarşı çıxırdılar. Amma Ərdoğan və Türkiyə hökuməti qəti iradə ortaya qoyaraq bütün tərəfləri geri çəkilməyə məcbur etdi. PKK-nın ən yaxın müttəfiqi olan ABŞ-ın ölkə başçısı ordusunu geri çəkməklə müttəfiqləri qarşısındakı etibarlılığını belə, şübhə altına qoydu. Bu, çox ciddi imic ləkələnməsi idi və ABŞ-a bu məğlubiyyəti yaşadan cənab Ərdoğanın qətiyyəti və vətənpərvərliyi oldu”.

Türkiyənin son hərbi əməliyyata başlayan kimi, Rusiyanın, İranın, Fransanın da narahat olduğunu və bunu açıq şəkildə nümayiş etdirdiklərini xatırladan İlyas İsmayılov, Ərdoğanın öz mövqeyindən çəkilməməsini alqışlayır. Xüsusilə rəsmi Tehranın mövqeyinin anlaşılmaz olduğunu vurğulayan partiya sədri, PKK-nın İranı da təhdid etdiyini xatırladıb: “Xarici dövlətlər tərəfindən maliyyələşdirilən kürd separatizmi regionda əsasən 4 dövləti təhdid edir. Onlardan biri Türkiyə, digərləri isə İran, İraq və Suriyadır. Məntiqlə, Türkiyənin bu əməliyyatı sözügedən bütün dövlətlərin marağına uyğundur. İran isə perspektivi görmür, bugünün kiçik maraqları ilə hərəkət edərək Türkiyəyə mane olmağa çalışır. Halbuki, Şimali Suriyada qondarma “Kürdüstan” layihəsinə son qoyulsa, İran da öz qərb əyalətlərindəki terrorizmlə daha rahat mübarizə aparar. Ən azı ona görə ki, kürd separatçılarının logistik dəstəyi kəsilər və onlar qısa zaman ərzində yox olub gedərlər. İrandakı “PJAK” təşkilatının logistik məkanı isə İraq və Suriyadır”.

İranın ümumiyyətlə yaxın qonşuları ilə münasibətlərini düzgün qurmadığını deyən həmsöhbətimiz onun Azərbaycanla münasibətlərini də bunun bariz nümunəsi sayır: “Bilirsiniz ki, son zamanlar Ermənistanla münasibətlərini yaxşılaşdıran İran Azərbaycana qarşı “səlib yürüşünə” başlayıb. Bəzən özü, bəzən də İraqdakı Həşdi-Şabi komandanlarını çıxarıb ölkəmizi təhdid edir. Hətta imam-cümələrindən biri Azərbaycan səfirini yanına çağırıb, öyüd-nəsihət verir. Sağ olsun səfiri, onun cavabını yaxşı verdi. Amma gərək onun görüşünə getməyəydi. İmam-cümə kimdir ki, səfirlə görüşsün? Bunun üçün dövlətlərin xarici siyasət idarələri var. İranın XİN dura-dura imam cümə niyə diplomatik söhbətlərə qarışır? İmam cümələr ancaq öz sakinlərinin dini rəhbərləri ola bilərlər. Onlara namaz qıldırar, cümə günləri xütbə oxuyarlar. Nəsihətini də öz sakinlərinə verərlər. Bir imam-cümənin başqa ölkənin səfirini yanına çağırıb nəsihət verməsi ona öz təəbəəsi kimi baxmasına dəlalət edir. Səfir də gərək bu rəftarı qəbul etməydi və Azərbaycan XİN gərək buna ən sərt münasibət bildirərdi”.

İmam-cüməyə sərrast və savadlı cavab verən bir səfirin diplomatik qaydaları bilmədiyinə inanmayan İlyas İsmayılov, bu məsələdə XİN-nin rəhbərliyini günahlandırır: “Çünki səfir belə görüşlərə özbaşına getməz. Yəqin ki, imam-cümədən görüş təklifi alan səfir bu barədə XİN-i məlumatlandırıb. Bakıdan da ona dəvəti qəbul etmək tapşırılıb. Səfir də bu tapşırığı yerinə yetirib”.

XİN-nin bu cür səbatsız addımlarını ona rəhbərlik edənlərdən qaynaqlandığını düşünən partiya sədri, fikrini belə yekunlaşdırıb: “Bizim Xarıci işlər nazirimiz beynəlxalq tədbirlərdə yuxulamaqla məşğuldur. Özü də mən bunu təkcə müstəqim mənada demirəm, onun ümumiyyətlə bütün fəaliyyətinə şamil edirəm”.