Hökumətimiz də “devalvasiya”ya uğrayıb

Böhranı aradan qaldıra bilməyən Nazirlər Kabineti nə üçün istefaya getmir?

İllərdir bütün ümidlərini neft amilinə bağlayan hökumət, bu dəfə özünün nə qədər dayaz və cılız olduğunu bir daha sübut etdi. İndi üzləşdiyimiz ağır və üzücü sosial-iqtisadi problemləri həll etmək əvəzinə, süni şəkildə bahalaşmaya rəvac verməkdədir. Əgər milli valyutamız - manat azından 70 faiz devalivasiyaya uğrayıbsa, hökumət isə 100 faiz bu acınacaqlı prosesi yaşamaqdadır. Bütün bunlara sorumlu olan Nazirlər Kabineti lal, kar və kor olub.
Vətəndaşlarımız bir daha əmin olur ki, “analoqu olmayan inkişaf” adi bir sicilləmə, cəmiyyətdə ictimai və psixoloji təsir vasitələrindən biriymiş. Devalivasiyaya uğrayan milli manata görə əmək haqqı və təqaüdlərin artırılmaması hökumətin yarıtmaz siyasəti kimi başa düşülməlidir. Yoxsul cəmiyyət quldarlıq rejimindən də qorxulu və dəhşətli bir dönəmi yaşamaq zorunda qalıb. Bütün bunlara görə məsuliyyət daşıyan Nazirlər Kabineti isə bütün bu olanları susqunluqla seyr etməkdədir.

Nazirlər Kabineti nə üçün istefaya getmir?

İqtisadi araşdırmaçıların incələmələrinə görə, son 10 ildə ölkənin milli gəliri 180 millyard dollardan çox olub. Bu qədər vəsaitin azından yarısı ilə ölkədə yeni iqtisadi sahələri dirçəltmək mümkün idi. Bu gün Azərbaycanda bir nəfərin acından ölməməsi üçün bir aylıq bazar zənbilinin ehtiyacları azından 515 manat təşkil edir. Bu rəqəmi Nazirlər Kabineti yuvarlaq şəklə salaraq, 110 manat dəyərində hesablamışdır. Buna - əhalinin acından ölməməsi üçün gündəlik bir parça çörəyə möhtac etmək, - deyilir. Sanki, Azərbaycan faşist Almaniyasındakı həbs düşərgələrini xatırladır: məhbusa gündə bir ədəd çörək yedirtməklə onları ağır məşəqqətlərin şərtləri içində yaşamağa məcbur etmək.
Dünyada baş verən qlobal böhranları bəhanə edərək, prosesləri öz axarına buraxmaqla, hökumət bütün məsuliyyətlərdən yayınmaq taktikasını tutub. 82 yaşlı baş nazir Artur Rəsizadənin heç cınqırı da çıxmır. Milli Məclisin deputatları isə əhaliyə heç nə olmamış kimi “gedin soğan əkin” kimi taleyin ən acı ironiyasını nümayiş etdirməklə, proseslərdən yayınmaq hədəflərini sərgiləyirlər.
Bank sektorunun tamamilə bankrot vəziyyətinə düşməsi hökumətin acı ironiyalarından biridir. Hökuməti təmsil edənlər heç nədən utanmadan televiziya kanallarına çıxaraq, xalqa keçmiş kommunist rejimi dönəmində olduğu kimi “xəyali firəvanlıq” ariyaları oxuyurlar. Hətta onların arasında səfalətin “romansları”nı oxumağa həvəs göstərənlər də peyda olub. Halbuki, onlar özlərinə hörmət etmiş olsaydılar, devalivasiyaya sorumlu kimi dərhal hamılıqla istefa verməliydilər. Bir də yararsız kadr olduqlarına görə xalqdan üzr diləməydilər.
Ona görə istefaya getmədilər ki, onlar kürsü feodallarına çevriliblər. Məngirlədikləri hər bir vəzifə onların “şəxsi əmlak”ına çevrilib. Heç nə olmamış kimi özlərini bilməməzliyə qoymaq isə, xalqa olan münasibətlərinin əyani sübutudur.
Nazirlər Kabinetinin yarıtmaz fəaliyyətinin nəticəsində son 10 ildə ölkədə çoxlu sayda istehsal vasitələrini təmin edən fabrik və zavodlar bağlanıb. Hətta bu məsələdə həyəcan təbili çalan iş adamları dəfələrlə hüquqlarının pozulmasını bildiriblər. Təkcə Loğman və Nurəddin Zülfüaqarlı qardaşlarına məxsus olan “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodları azından 500 nəfərə yaxın vətəndaşı işlə təmin edirdi. Ölkəyə hər il milyonlarla gəlir verigisi ödəyirdilər. Nazirlər Kabineti isə iş adamlarını müdafiə etmək əvəzinə, sükunət bataqlığı rolunda çıxış edir. Çünki, əmək fəaliyyəti təqaüdlə əvəz olunası kadrlar ötən yüzilin “mürgülü durğunluq illəri” səviyyəsində düşüncə tərzi nümayiş etdirirlər.

Nazir iki ildən çox vəzifədə qalmamalıdır

Qloballaşan dünyada kibernetik proseslər, iqtisadi və sosial mühit o qədər sürətlə inkişaf edir ki, bəzən onu haqlamaq çətinliklə başa gəlir. Ağıllı ölkələrdə bunun üçün ilk addım olaraq, kadr siyasətini gündəmə gətirirlər. Qonşu Gürücüstanda məhz belədir. Əlli yaşlı kadr artıq təqaüdçü hesab olunur. Ona görə də 25-40 yaşları arasında olan kadrlara daha çox üstünlük verilir. Beləliklə də çevik kadr siyasəti sayəsində sosial-iqtisadi problemləri asanlıqla həll etmək imkanları yaranır. Son bir ildə Kanada, İsveç, Avstriya,  Hollandiya, Danimarka, Polşa, Macarıstan, ABŞ, İsrail, Fransa, Norveç, Finlandiya və başqa ölkələrdə hökumətin gəncləşdirmə siyasəti ən yüksək səviyyədə həyata keçirilir. Beləliklə də hökumətin ritmik düzəni də formalaşır. Bu ölkələrdə bürokratiyanın sonuna çıxmaq üçün nazirlərin, dövlət komitələri sədrlərinin, digər iriçəkili məmurluqların səlahiyyət müddəti iki illiyinə müəyyən edilmişdir. Yəni istənilən nazir iki ildən çox bu vəzifədə qala bilməz. Beləliklə də bir yandan hakimiyyətin dinamikliyi sürətlənir, o biri yandan isə korrupsiya, traybalizm və digər mənfi halların qarşısı alınır.
Müşahidələr də sübut edir ki, iki illik müddətinə təyin olunan kadrlar özlərini cəmiyyətdə təsdiq üçün daha çox canfəşanlıq edirlər. Çünki, onlar hakimiyyətə özlərinin təklifləri, platforması və proqramı ilə gəlirlər.
Azərbaycan əhalisi heç bir zaman baş nazir Artur Rəsizadənin, onun müavinləri Abid Şərifov, Yaqub Eyyubov, Elçin Əfəndiyev və Əli Həsənovun hansı platforma ilə işlədiklərini nə eşidiblər, nə də oxuyublar. Ölkəmizdə qəribə və analoqu olmayan məmur zümrəsi yaranıb. Onlar hətta 15-20 il müddətinə belə nazir və komitə sədri kimi yüksək vəzifələrdə qalmağı tərcih etmişlər. Bu azmış kimi onlardan aşağı vəzifədə olan, anadan “icra başçısı” kimi doğulan zümrə də vardır. Bir neçə il rayonların birində həmin görəvdə çalışdıqdan sonra, rotasiya yolu ilə başqa rayona icra başçısı getməyi şərəf bilirlər.
Eləcə də əksər nazirlər - Elmar Məmmədyarov, Ramil Usub, Fikrət Məmmədov, Yavər Camalov, Kamaləddin Heydərov, Səlim Müslümov, Fazil Məmmədov, Əbülfəs Qarayev, Oqtay Şirəliyev, Azad Rəhimov, Natiq Əliyev, Aydın Əliyev, Ziya Məmmədov, Hüseynqulu Bağırov, Nazim İbrahimov, Kərəm Həsənov, Elman Rüstəmov, Zakir Qaralov nə vaxta kimi bu vəzifələrdə qalacaqlar? Bu gün ölkədə baş verən sosial-iqtisadi böhranlara, devalivasiyaya və əhalinin məşəqqətli həyat tərzi ilə üz-üzə qalmasının səbəbkarları, axı, onlardır. Heç biri deyə bilməz ki, cavabdeh olduğu sahə ən yüksək səviyyədə inkişaf edib.

Böhrandan çıxış yolları

Cəmiyyətin dinamikliyi o zaman mümkün olur ki, orada demokratik proseslər inkişaf etsin. Azərbaycanda demokratiyanın ağzını elə bu məmləkətin özü boyda tıxaclayıblar. Məmləkətdə alternativ fikir və düşüncə tamamilə yasaq edilib. Buna görə də ölkənin milli gəliri asanlıqla talan edilir. Dünyanın heç bir ölkəsində hansısa nazir və ya komitə sədri oliqarx sayılmır. Buna ancaq, Afrika və Asiyanın diktator rejimlərində rast gəlmək mümkündür. Azərbaycanın indiki durumu Afrikanın Eriteriya, Qabon, Uqanda, Zambiya, Tanzaniya, Mozambik və Nigeriya ilə müqayisəedilməz həddə çatıb. Neft ölkəsi olan Nigeriyada əhalinin gündəlik gəliri 5 dollardır. Azərbaycanda isə bu rəqəm heç 1 dollara da çatmır.
Azərbaycanda yaranmış durumdan çıxış yolu yeni bələdiyyə və Milli Məclis seçkilərinin sayəsində çözmək mümkündür. Çünki, nə qədər ki, seçkili orqanlara əhali istədiyi şəxsi seçə bilmirsə, deməli orada hər hansı bir inkişafdan danışmaq olmaz. Nə qədər ki,hər şey təyinatla baş verir, orada qanunsuzluqlar da baş alıb gedəcək. Çünki, əksər icra  başçıları prezidentin adı ilə alver edərək özlərinə siyasi çətir qurmaq hədəfi ilə hərəkət edirlər. Fikrimizcə, Azərbaycan özünü demokratik təsisatlara uyğun bir ölkə kimi təqdim etmək istəyirsə, bütün televiziya kanallarında alternativ fikirlərə meydan verilməlidir. Bu demokratiya yolunda ən doğru addımlardan biri sayılacaqdır.
Soğan həvəskarı olan deputatın düşüncəsi
Son devalivasiya olayları dönəmində əhali etiraz səsini ucaltmağa çalışdı. Onsuz da yaşam durumu ağır olan milyonlarla insanın son ümid yerləri də beləcə dəllal hakimiyyət düzəninə qurban verildi. Çünki, bahalaşmanın miqyası elə sürətlə irəliləyir ki, kimsənin onun qarşısını ala biləcək gücü yoxdur. Ölkədə korrupsiyanın yeni dalğası da beləcə çiçəklənməkdədir. Bahalaşma sürüşkən manat siyasətinin sayəsində daha dərin problemlərə yol açmaqdadır. Mütəxəssislərin fikrincə, fevral ayının 21-də yeni iqtisadi böhranlar daha ağır şərtlərlə qarşımıza çıxacaq. Bahalaşma mart ayının sonuna kimi davam edəcək. Devalivasiyanın qarşılığında əhalinin əmək haqlarına və təqüdlərinə əlavə edilən 10 faizlik həddin özü belə anlaşılan deyil. 70 faiz civarında infliasiyanın qarşılığında bunca əməkhaqlarının artırılmasının heç bir məntiqi yoxdur. Son günlər mağazalarda bir sıra ərzaq mallarının qıtlığının yaranması da bu amillə bağlıdır. Süni şəkildə bahalaşmanın qarşısını almaq taktikasının sayəsində istehsal müəssisələrinin bağlanılması müşahidə olunur.
Ağcabədidə üsyan püskürən əhaliyə dəstək olmaq əvəzinə onlara soğan becərməyi təklif edən deputatın düşüncəsi və ağlı da ondan uzağa gedə bilməzdi. Əhali illərdir gərgin sosial-iqtisadi həyat tərzinə, zülmə və əzaba bunca dözə bilmədiyi üçün üsyan edirdi. Əhalinin marağında nə hakimiyyət, nə də kimləri isə vəzifəyə gətirmək yox idi. Sadəcə özünün gündəlik həyat tərzini tənzimləmək iddiasını irəli sürmüşdülər. Buna dolayı yolla ironik yanaşan deputat isə, heç nə olmamış kimi soğan söhbətini ortaya atdı. Bunca siyasi riyakarlıq və rəzillik hələ görünməmişdi.
Bəli, milli valyutamız - manat əməlli başlı üzən və süzən məcrada devalivasiyaya üz tutub. Ancaq, hökumət ondan da betər devalivasiyaya məruz qalıb. Çünki, hökumətin nə savadı, nə də idrakı yoxdur ki, bütün bunlara öncədən hazırlığını görmüş olaydı. Adicə ali təhsil almış aktyora 110 manat maaş təyin edəndə, bəs düşünmürdülər ki, bunun sonu necə olacaq? Ölkədə gəlir deklarasiyası olmadığı üçün, kimsə nazirlərə və komitə sədrlərinə deyə bilmir ki, məmələkəti başdan-başa mənasız villalara çevirən oliqarxlarda bunca milyonlar və milyardlar haradandır.
Alternativ iqtisadi infrakstukturları yarada bilməyən hökumətin özü devalivasiyaya uğrayıb. Əslində manatın devalivasiyasının deyil, hökumətin yarıtmaz fəaliyyətinin qarşısı alınmalıdır. Belə olduğu təqdirdə, bir sıra gözlənilən problemləri həll etmək olar. Çevik və dinamik sosial-iqtisadi siyasəti məhz bu yolla inkilşaf etdirmək mümkündür. Bizlər bu problemin həlli yolunu isə, vətəndaş sülhü, iqtisadi azadlıqlar, bürokratiyanın tamamilə aradan götürülməsi, demokratik təsisatların yolunun açılması, alternativ fikrə cəmiyyətdə önəm verilməsi, inzibati amirlik metodu ilə idarə etmənin tamamilə ləğvi yolu ilə mümkün olduğunu dəfələrlə demişik.
Ənvər BÖRÜSOY