"Hökumət xalqın nifrətini qazanıb, ölkədə siyasi tərpənişlər başlanacaq" - RADİKAL PROQNOZLAR

Baxış sayı:
7231

Dmitri Remizov

rosbalt.ru, 17.01.2019

Hökumət xalq nifrət atəşini özünə götürməyi davam etdirir. Ekspertlər hesab edirlər ki, bu ildırımötürənin davamlılıq ehtiyatı sonsuz deyil.

Rusiyalılar hökuməti qiymətlərin artması, gəlir səviyyəsinin azalması, işsizlik və sosial öhdəliklərin yerinə yetirilmədiyində ittiham edirlər. Vətəndaşların yarıdan çoxu hesab edir ki, Dmitri Medvedyevin nazirlər kabineti istefaya getməlidir.

Narazılığın kəskin çoxalması hansısa siyasi nəticələrə malik olacaqmı, yoxsa mövcud sistemdə əhalinin çoxunun fikrinə çəkinmədən məhəl qoymamaq olarmı?

Aleksey Makarkin, Siyasi Texnologiyalar Mərkəzi prezidentinin birinci müavini:

“Belə əhvali-ruhiyyə niyə meydana çıxıb? Birincisi, tariximizin hələ sovet dövründən alışdığımız qaydalara zərbə vuran pensiya islahatı təsirini göstərib: kişilər pensiyaya 60, qadınlar 55 yaşında çıxırdılar. Adamların pensiya sisteminə münasibəti haqda soruşanda, əksinə, deyirdilər ki, yaşı azaltmaq yaxşı olardı ki, məsələn, qadınlar 50 yaşında pensiyaya çıxaydılar. Və birdən pensiyaya çıxma müddətini artırırlar. Bu, yetərincə güclü dissonans doğurub. Küçə etirazları tez qurtardı, çünki adamlar hesab edirlər ki, heç nəyi dəyişmək olmaz. Amma inciklik qalıb, adamlar özlərini təhqir olunmuş hiss edirlər.

İkinci problem də var. Hökuməti nədə günahkar saydıqlarına baxsaq, görərik ki, hökumətin rusiyalıları işlə təmin etməyi bacarmadığını deyənlərin sayı kəskincəsinə, demək olar, iki dəfə çoxalıb. 24% idi, 46% olub. Bu, çox böyük sıçrayışdır. Bu, qəribə görünə bilər, çünki, rəsmi statistikaya görə, bizdə işsizlik hətta bir qədər azalıb və yetərincə uzun müddət, haradasa, 5% civarında, hətta aşağıda qeydə alınır. Və birdən – 46% narazı. Bunlar haradandır? Aydındır ki, gizli işsizlik qeydə alınmır həm də qanuna fikir vermədən işdən çıxarılacağından qorxan pensiyaqabağı yaşda adamların vahiməsi çoxalıb. Amma hələ bu da belə sıçrayışı izah etmir. Görünür, adamları böhran üzür. Gerçək gəlirlər düşür, qiymətlər artır, maaşlar çoxalmır. İş tez-tez maraqsız, yorucu olur, adamlar əlavə qazanca gedir, amma əlavə qazanclar azdır, buna isə xeyli vaxt və güc gedir. Buna görə də adamlar işdən danışanda təkcə necəsə bir iş tapmaq imkanını – “nəsə” bir iş var – nəzərdə turmur, layiqli, normal maaş verilən işi nəzərdə tuturlar ki, ailəni yedizdirmək mümkün olsun. Bax, bununla bağlı isə ölkədə durğunluqla çulğaşan geriləmə dövründə daha çox hiss olunan problem var.

İqtisadiyyatda hər şeyin pis olduğu bu beşilliyin üzdüyü rusiyalılar hökumətə tələb irəli sürürlər. Pensiya yaşının artdığına görə inciklik və çıxış yolu görünməyən durğunluğun əldən salmasının birləşməsi belə bir nəticəyə gətirir.

Amma hökumət üçün siyasi nəticələr barədə əminliyim yoxdur. Məsuliyyəti üzərinə götürən adamı işdən çıxarmaq bizdə nəsə qəbul olunmur. Əksinə, hesab olunur ki, məsuliyyəti öz üzərinə götürməmək pisdir. Dmitri Medvedyev pensiya islahatının məsuliyyətini üzərinə götürüb. Onu niyə işdən çıxarsınlar ki? Buna görə də düşünmürəm, hökumət üçün birbaşa istefa təhlükəsi meydana çıxıb”.

Anatoli Barabanov, publisist, “Forum.msk”-nın baş redaktoru:

“Düşünmürəm ki, söhbət hökumətə münasibətdə hansısa narazılıq artımından gedir – hökumətin reytinqi artıq çoxdan son dərəcə aşağıdır. Düşünürəm ki, elə bir şeydən gedir ki, “Levada-mərkəz”i öz sorğularının nəticələrinə daha obyektiv yanaşmağa vadar edib. Biz ölkədə yaşamaqla çox gözəl anlayırıq ki, vətəndaşlarda hökumətdən narazılıq üçün əsas yetərindən artıqdır. Və əksinə, hökumətin öz işini necə gördüyünə sevinmək üçün əsas görmürəm.

Prezident və deputat korpusu normada belə durumda hökumətə etimad məsələsini qoyur. Amma ölkəmizdə heç bir nəticənin ola bilməyəcyi də “özəl” siyasi sistem qurulub. Tutaq, diqqətə alırlar ki, reytinq çox aşağıdır. Belədə o, həmişə aşağıdır və bunda təəccüblü heç nə yoxdur – nə hökumət, nə də sizin üçün”.

Fyodor Biryukov, Azadlıq İnstitutunun direktoru, siyasətçi:

“Hökumət uzun illər ərzində sistemli qapazaltıdır. Şübhəsiz, o, populyar deyil, çünki qəbul edilən və barəsində KİV-lərin məlumat verdiyi səs-küylü qanunvericilik təşəbbüsləri və əməli addımların çoxu sadəcə qeyri-populyar deyil, həm də “antipopulist” xarakter daşıyır. Bütün “sərt” tədbirlər – vergi yükünün artırılması da, pensiya islahatını da məhz hökumət təklif edir. O, oliqarx elitalarla, əhalini yükləməklə, büdcə kəsirini vətəndaşların cibi hesabına doldurmaq cəhdiylə səsləşən iqtisadi bloku təmsil edir.

Əslində, hökumət siyasi səviyyədə “Vahid Rusiya” partiyasının parlament meydanında yerinə yetirdiyi funksiyanı – mənfilik akkumlyatoru funksiyasını icra edir. Prezident çox vaxt durumdan ona görə istifadə edir ki, o cümlədən artıq son dərəcə qeyri-populyar qanunlara və ya tədbirlərə düzəliş versin. Bununla yanaşı, hökumət bütövlükdə və ya onun ayrı-ayrı nazirləri əhali içində populyar deyil, onlar uzun müddət eyni postu tuturlar, ya da bir kürsünü başqasına dəyişirlər. Amma bütünlükdə nazirlər dəsti artıq uzun illərdir praktik olaraq dəyişilməzdir. Ekspertlər, demək olar, hər bir siyasi mövsümdə hökumətin dəyişiləcəyini, ya da statuslu istefalar gözləyirlər, amma bu, baş vermir.

Səbəblərdən biri bundadır ki, hökumətin mənfi rolu federal və bölgə səviyyəsində qabaqlama və əks-tarazlıq sisteminin tətbiqi üçün gərəkdir. Və düşünmürəm ki, indi hansısa statuslu səs-küylü istefa, ya da hökumət kursunun dəyişilməsi olacaq”.

Georgi Fyodorov, “Aspekt” Sosial və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti:

“Vladimir Putin təkrar seçilməyin ardınca hökuməti təyin edəndən sonra belə əhvali-ruhiyyə yenilənmiş hökumətin bütün fəaliyyətindən sonra təbiidir. Hökumətin bütün hərəkətləri tamamilə antisosial olub və vətəndaşların yaşayışını pisləşdirib. Bir çox nazirlərin verdikləri açıqlamalar da öz işini görüb: hökumət tam qeyri-populyar olub və adamların çoxu onu istefaya göndərmək uğrunda çıxış edir. Paralel olaraq bütün hakimiyyətin də nüfuzu itir. Bu, gec, ya tez, birinci şəxsə də zərbə vura bilər. Və biz bunu artıq görürük: hətta rəsmi sosioloji xidmətlər də etiraf edir ki, Vladimir Putinin də reytinqi düşür.

Əlbəttə, ölkədə yuxarıdan sırınan qeyri-populyar hökumət uzun müddət mövcuddursa, bu qərarların legitimliyi itir. Bu, siyasi tərpənişə və etiraz edənlərin və bütünlükdə cəmiyyətin siyasi tələblərinə gətirə bilər, son qubernator seçkilərində artıq gördüyümüz kimi, “Vahid Rusiya” isə seçkilərdə mövqeyini itirəcək”.

Tərcümə Strateq.az-ındır.