“Hökumət məcburdur ki, idarəetməsini dəyişsin…”

Baxış sayı:
910

“Bunun səbəbi ölkədə əvvəlki kimi idarəetmənin mümkün olmamasını başa düşməkdir”

Bildiyimiz kimi, son vaxtlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva rayon və kəndlərdə ardıcıl olaraq insanlarla görüşlər keçirir. Bu görüşlər zamanı istər Prezident, istər də Birinci vitse-prezident insanların problemlərini yerində həll etmək üçün göstərişlər verir.
Əvvəlki illərdə ölkə rəhbərliyi ilə əhali arasında bu cür görüşlər demək olar ki, heç vaxt olmurdu. M. Əliyeva Birinci vitse-prezident təyin olunandan sonra ölkədə islahatlar aparılır ki, bu da müsbət dəyişikliklərə gətirib çıxarmaqdadır. Amma təbii ki, Birinci vitse-prezidentin bu müsbət addımları köhnə komandanı narahat etməyə bilməz. Çünki köhnə komanda ölkənin inkişafında, xalqın problemlərinin açıqlanmasında maraqlı deyildi. Ona görə də prezidentə məktubları, insanların problemlərini çatdırmaq istəmirdilər. Nəticədə isə insanların problemləri həllini tapmırdı.
Son vaxtlar ölkə rəhbərliyi xalqla birbaşa təmasa girib ki, bu da ictimaiyyət arasında müsbət qiymətləndirilir. Amma prezidentin əvvələr yerlərdə insanlarla görüşməməsi ictimaiyyət arasında suallar doğurur ki, bu məmurların pis işlməsi, yoxsa nə ilə bağlı idi? “Hürriyyət”in bu və digər suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov cavablandırıb:
- Söhbət təkcə məmurların pis işləməsi, yaxud işini bilməməsi ilə bağlı deyil. Görünür, hakimiyyət öz idarəetmə strukturunu, daha doğru fəlsəfəsini dəyişməyə başlayıb və burada mən pis bir şey görmürəm, bu, yaxşı haldır. Təbbi ki, bunun səbəbi ölkədə əvvəlki kimi idarəetmənin mümkün olmamasını başa düşməkdir. Bu da müsbət haldır. Bəli, prezident, vitse-prezident, bütün məmurlar xalqla ünsiyyətdə olmalıdır, mətbuata açıq olmalıdır, yerli mətbuatla görüşməli, siyasi müxalifətlə əlaqə saxlamalıdır. Yalnız bu cür normal idarəetməni təşkil etmək olar. Əvvəllər ona görə xalqla birbaşa unsiyyət olumurdu ki, hakimiyyətin idarəetmə siyasəti buna əsaslanırdı ki, yalnız ierarxik qaydada idarə edəcək, aşağıdan yuxarı nə məlumat gələcək, onlara əsaslanacaq. Təbii ki, bu da, dediyiniz kimi, çox vaxt şişirdilmiş, ütülənmiş məlumatlar olurdu və həqiqəti əks elətdirmirdi. Ona görə də idarəetmədə böyük nöqsanlar meydana gəlmişdi. İndi bu davam edəcək-etməyəcək və kadr islahatlarının son nəticəsi necə olacaq, bu proses siyasi, iqtisadi islahatlara keçəcəkmi, yoxsa elə bu sadəcə görüntüdür, bu görüntü kimi də qalacaqmı, bu məsələyə də hələ cavab yoxdur. Əgər görüntü kimi qalacaqsa, təbii ki, heç bir müsbət dəyişiklik olmayacaq və bu siyasət ifalasa uğrayacaq. Yox, görüntü deyilsə, bunun arxasınca ciddi kadr, eyni zamanda siyasi, iqtisadi islahatlar aparılacaqsa, demokratiya azadlığı genişləndiriləcəksə, siyasi məhbuslar buraxılacaqsa, siyasi müxalifətlə əlaqələr dərinləşdiriləcəksə, ölkədə həqiqətən qarşılıqlı etimad mühiti yaradılacaqsa, bu, çox müsbət haldır və yeni idarəetmənin başlanğıcıdır.
- Belə fikirlər var ki, əvvəlki komanda bilərəkdən ölkə baçısına problemləri çatdırmırdı. Necə düşünürsünüz, bu mümkün idi?
- Ölkə rəhbərliyində olan adamlar doğru məlumatı almaq istəyirdilərsə, bunu ala bilərdilər. Onsuz da hamı bilir ki, məmur aparatının verdiyi məlumat ütülənmiş məlumatdır, buna əsaslanıb normal siyasət aparmaq olmaz. Sadəcə olaraq, mənə elə gəlir ki, indiyə kimi idarəetmənin fəlsəfəsi bunu tələb etmirdi. İndi tələb olunur, ona görə, müəyyən qədər ayırma prosesi var. Ölkədə iqtisadi vəziyyət əvvəlki kimi deyil. Görünür, qarşıda daha ciddi iqtisadi böhran gözlənilir və belə bir vəziyətdə xalqın etirazlara qoşulmaq, aktiv siyasi fəaliyyətə keçmək imkanları olduğuna görə hökumət məcburdur ki, idarəetməsini dəyişsin.
- Ancaq bildiyimiz kimi, Mehriban xanım Əliyeva Birinci vitse-prezident seçiləndən sonra islahatlar aparılır və artıq köhnə komanda daha çox işlərə qarışa bilmir. Bunu Birinci vitse-prezidentin uğurları hesab etmək olarmı?
- Hələ meydanda bir şey yoxdur ki, onu biz uğuru kimi dəyərləndirək. Amma dəyişikliklərin Mehriban xanımın Birinci vitse-prezident seçilməsindn sonra başlaması fikrini qəbul edirəm. Elə hesab edirəm ki, ondan sonra idarəetmə strategiyasında müəyyən dəyişikliklər olmağa başlayıb və bu dəyişikliklərin ilk mərhələsi vitse-prezidentlik instutu yaradılandan sonra başladı. Ancaq bu müsbət dəyişiklər davamlı olsa və digər sahələrə də sirayət etsə, bu, olduqca müsbət bir dinamika olacaq və Azərbaycanın xeyrinə olacaq. Əks halda, təbii ki, nəticə ölkə, xalq, hamı üçün də pis olacaq. Ona görə də bu müsbət dinamika davam etdirilməlidir.
- Ölkə başçısının və Birinci vitse-prezidentin insanlarla yerlərdə birbaşa canlı görüşünün, problemləri həll etməsinin may-iyun aylarında nəzərdə tutulan Avropa Birliyi ilə imzalanacaq yeni sazişlə hər hansı əlaqəsi varmı? Çünki aparılan islahatlardan, atılan addımlardan belə görünür ki, ölkə rəhbərliyi Azərbaycanı demokratik, inkişaf etmiş ölkəyə çevirmək istəyir.
- Bu, Avropa İttifaqı ilə əlaqələrdən daha çox gözlənilən xalq etirazlarının qarşısını almağa, yəni ictimai rəyə yönəlib. Yəni ictimaiyyət prezidentin onlarla maraqlandığını görsün, hiss etsin. Amma Avropa İttifaqı ilə əlaqələri möhkəmləndirmək istəyirlərsə, biz bunun davamını görməliyik. Qeyd etdiyim kimi, siyasi islahatlar, siyasi məhbusların azadlığa buraxılması, seçkilərin demokratik keçirilməsi, hakimiyyət səlahiyyətlərinin bölünməsi və. s addımlar atılsa, onda deyəcəyik, bəli, Avropa İttifaqı ilə əlaqələrin yaxşıladırılması nəzərdə tutulan bir siyasət həyata keçirilir.
- Bəs, Siz bu müsbət addımların davamlı olacağına inanrsınızmı?
- Hesab edirəm ki, bu addımlarn davamı gələcək. Çünki bu təsadüfən atılmış addımlar deyil. Ölkə içi, ölkə xarici şərtlər bunu diktə edir.
Şamo EMİN, Hurriyyet.org