​Hökumət ləğv edilir, 141 nəfər vəzifədən uzaqlaşdırılır - Kataloniyada SON DURUM

İspaniya hökuməti Kataloniya Muxtar Vilayətinin idarəçiliyindəki 141 nəfəri vəzifəsindən kənarlaşdıracaq.
Hökumət bu qərarı konsitutsiyanın 155-ci maddəsi əsasında qəbul edib.
Vəzifədən kənarlaşdırılacaq şəxslər arasında Kataloniya hökumətinin rəhbəri Çarlz Puiqdemont, köməkçisi Oriol Cunqeras və 11 yerli nazirlə yanaşı, Daxili İşlər Nazirliyinin katibi Cesar Puik və polis birliyinin başçısı Pere Soler də var.
Bundan başqa, Kataloniyanın Almaniya, Fransa, İsveçrə, İngiltərə, İrlandiya, Avstriya, İtaliya və ABŞ-dakı təmsilçiləri və “Diplokat” adlı qurum bağladılacaq. Bu qurumların heyəti də işdən azad ediləcək.
Digər tərəfdən, hökumətin elan etdiyi müstəqillik qərarını rəsmi qəzetlərdə yayımlayan yerli hökumət üzvləri və səlahiyyətli nümayəndələr avtomatik olaraq vəzifədən uzaqlaşdırılacaq.
Kataloniya hökumətinin rəhbəri Çarlz Puiqdemont vəzifəsindən uzaqlaşdırıldığı zaman buna etiraz edərsə, ictimai vəzifəni zorla əldə saxlamaqda təqsirləndiriləcək.