Hökumət ipotekaya pul tapmır

Azərbaycan Ipoteka Fondunun (AIF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi bu ilin ilk yarısında 1,1 milyon manat təşkil edib. Bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 51,4 dəfə azdır.
Bu barədə Mərkəzi Bankdan verilən məlumatda deyilir ki, bu ilin ilk altı ayında Ipoteka Fondu 28,5 milyon manat krediti təkrar maliyyələşdirib, bu da 24,6 faiz azalma deməkdir. Fond yanvar-iyun aylarında sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 23,1 milyon manat alıb.
Hamının ümidlə baxdığı ipoteka kreditləşməsində olan problemlər əfsus ki, hələ də həllini gözləyir. Görünən odur ki, onu dirçəltmək üçün kifayət qədər məbləğ tapılmır. Elə iqtisadçı-ekspertlər də hökumətin ipoteka siyasətinin daşa dəydiyini deyirlər.
 Nəticə budur ki, insanların mənzilə olan ehtiyacının ödənməsi bu yolla da mümkün olmadı. Öncə yüksək faizlər təklif olundu, sonra isə qeyri-peşəkar davranışla məsələni daha da qəlizləşdirdilər. Faizlər aşağı salınanda da süründürməçilik və digər neqativ hallar bu məsələnin reallaşdırılmasına imkan vermədi.
Ən pisi odur ki, problemlərin miqyasının getdikcə ağırlaşacağı proqnozlaşdırılır. Çünki ipoteka kreditləşməsi normativlərdən kənar aparıldığından, əvvəldən müəyyən edilmiş hədəfə çatmadan hər şey alt-üst olub.