Hökumət geri çəkildi: QAÇQIN YATAQXANALARINA SAYĞAC QURAŞDIRILMAYACAQ

Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” bu il yanvarın 23-də imzaladığı fərmana dəyişiklərin edilməsinə dair yeni fərman verib.
Prezidentin rəsmi saytında xəbər verilir ki, yeni fərmana əsasən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı , “fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində” (yataqxanalar, pansionatlar, digər bu kimi binalarda yaşayanlar üçüm təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar əvvəlki qaydada dövlət hesabına təmin olunacaq.
Söhbət 2017-ci il yanvarın 1-nə qədər qüvvədə olan və məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına “mərkəzləşdirlmiş təminatdan” gedir. Fərmana əsasən bu cür mərkəzləşdirilmiş təminat həmin binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni binalara köçürülməsinə qədər qüvvədə qalacaq.
Fərmanın digər bəndinə görə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir.
Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilir.
Xatırladaq ki, prezidentin əvvəlki fərmanına əsasən qaçqın və məcburi köçkünlər üçün elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə görə güzəşt limiti ləğv olunub, əvəzində hər qaçqın və məcburi köçkün üçün yemək pulu da daxil olmaqla aylıq vahid 36 manat müavinət təyin edilib. Lakin bu fərmanın həyata keçirilməsi zamanı müəyyən edilmişdi ki, qəzalı vəziyyətdə olan yataqxanalarda, digər bu kimi binalarda elektrik sayğaclarının quraşdırılmasından sonra həmin binalarda məskunlaşanlar elektrik enerjisinə görə yüksək məbləğlər ödəməli olacaqlar. Çünki qəzalı vəziyyətdə olduqları üçün həmin binalara qaz çəkilməsi, nəticədə mənzillərin qazla isidilməsi mümkün deyil. Bu da müəyyən etirazlara səbəb olmuşdu.

Muxalifet.az